AZ

Azərbaycan-Çin münasibətləri strateji səviyyəyə yüksəldi...

Image

Azərbaycan və Çin arasında münasibətlər dinamik şəkildə inkişaf edir və bu, iqtisadi sahədə də özünü qabarıq büruzə verir. Xüsusən də Azərbaycanın Çin məhsullarının ixracında önəmli rol oynaması rəsmi Pekin üçün böyük əhəmiyyət kəsb edir. 

Azərbaycandan keçən Transxəzər beynəlxalq nəqliyyat dəhlizi - Orta Dəhliz bu gün Çin üçün alternativ ixrac baxımından həyati zərurətə malikdir. 

Yeri gəlmişkən, Çinin yük avtomobilləri Transxəzər beynəlxalq nəqliyyat dəhlizi vasitəsilə Çin-Avropa marşrutu üzrə yük daşımalarına başlayıb. 26 yük avtomobilindən ibarət konvoy iyulun 3-də Qazaxıstanın Kurik limanından gəmi-bərəyə yüklənərək, Bakıya yola salınıb. Çindən yük qatarı ilə gələn 110 konteyner eyni vaxtda Aktau limanında bərəyə yüklənib. Bununla əlaqədar keçirilən mərasimə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və bu ölkədə səfərdə olan Çin Xalq Respublikasının sədri Si Cinpin videobağlantı ilə qoşulublar. Çindən Orta Dəhliz üzərindən qatarla yük daşınması bir neçə ildir həyata keçirilir. Çinə məxsus yük avtomobilləri isə ilk dəfə rəsmi olaraq Transxəzər beynəlxalq nəqliyyat dəhlizindən istifadə etməyə başlayıb. Yüklər Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə çatdırılacaq. Qeyd edək ki, Çinin Sian şəhərindən Bakıya Orta Dəhlizlə gündəlik müntəzəm konteyner blok qatarların göndərilməsinə də başlanılıb. Məişət malları, avtomobil və ehtiyat hissələri ilə yüklənmiş ilk qatar iyulun 1-də Siandan çıxıb. Qatarın Qazaxıstan və Xəzər dənizindən keçməklə təqribən 12 günə Bakıya çatacağı gözlənilir. Bunlar fonunda Çin Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin tikintisində və istismarında qarşıdakı dövrdə də fəal iştirak etməyə hazırdır. Məsələ Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də əksini tapıb. Bildirilir ki, Çin tərəfi həmçinin Çin-Avropa və əksinə istiqamətdə cənub dəhlizinin yük qatarları üçün fasiləsiz işini və sürətləndirilmiş inkişafını birgə təşviq etmək məqsədilə Azərbaycanla və marşrut boyu yerləşən digər ölkələrlə daha sıx işləməyə, regional praktiki əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şərtlər yaratmağa, istehsal-təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini birgə təmin etməyə hazırdır. Xatırladaq ki, Orta Dəhliz 2014-cü ildən fəaliyyət göstərir və Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrinə qədər uzanır. 2023-cü ildə bu marşrutla 2,8 milyon tona yaxın yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86 % çoxdur. 2024-cü ildə yükdaşımaların həcmi 4 milyon tonu keçəcək. Bu ilin sonuna qədər Orta Dəhliz vasitəsilə 250-yə yaxın konteyner bloku qatarının göndərilməsi planlaşdırılır. Bununla yanaşı, iyun ayından etibarən Lyanyunqan limanından, eləcə də Sian limanından Bakıya konteyner bloku qatarları göndərilir.

Onu da bildirək ki,  ilk dəfə olaraq 2024-cü ildə Azərbaycan və Çin arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalarının reallaşdırılması üçün “İcazə” blanklarının mübadiləsi həyata keçirilib. Qeyd edək ki, həm tranzit yükdaşımaları, həm də dünya bazarına çıxış baxımından böyük önəm kəsb edən bu qəbildənolan layihələrnin uğurla həyata keçirilməsi Orta Dəhlizin potensialının artırılmasına, gələcəkdə ondan istifadənin genişləndirilməsinə töhfə verəcək. Bu da regiondakı böyük nəqliyyat-kommunikasiya layihələrinin aparıcı qüvvəsi olan Azərbaycanın strateji mövqeyinin daha da möhkəmlənməsinə və tranzit yükdaşımalardan əldə etdiyi gəlirlərin artmasına şərait yaradacaq. Hazırda Azərbaycan Çinin Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşıdır. Rəsmi Bakının həyata keçirdiyi nəqliyyat-logistika və tranzit daşıma layihələrinin, eləcə də ölkəmizdən keçən tranzit xətləri, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tiflis-Qars dəmir yolu xətti və digər layihələr Çindən Avropaya və geriyə daşınan yüklər üçün ən qısa və səmərəli nəqliyyat marşrutları formalaşdırıb. Bununla yanaşı, “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında Çin-Avropa Dəmir Yolu Ekspresi üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutlarının inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu”, habelə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyası arasında Kəmər və Yol Təşəbbüsü üzrə Əməkdaşlıq Planının formalaşdırılmasının birgə sürətləndirilməsinə dair Anlaşma Memorandumu” iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafının sübutudur. Azərbaycan-Çin strateji tərəfdaşlığı həm ikitərəfli əsasda, həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində təmasların artırılması, mübadilələrin intensivləşdirilməsi və beləliklə də əməkdaşlığımızın hərtərəfli dərinləşməsi işinə yeni dinamika gətirir.

Tahir TAĞIYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
baki-xeber.com

1Mənbələr