AZ

“Çörəkkəsən” Hafiz, əcnəbi rahatlığına qurban verilən fəhlələr

“Neftçi” rəhbərliyinin idman direktoru Yens Anderssonun maaşını, kirayə pulunu, sair xərclərini azaltmağa, pulunu kəsməyə cəsarəti çatarmı? Əksinə, imkanları olsa, illik bir mlyon manatlıq qazancını daha da artırarlar ki, qonaqpərvərliyimizə söz gəlməsin.

Ötən il, oktyabrın 26-da keçirdiyi mətbuat konfransında transferlərə, nəticələrə cavabdeh olduğunu deyən idman direktoru, yekunda son illərin ən pis nəticəsinə – 5-ci yerə səbəbkarlardan biri oldu. İndi onun maaşını bir qədər də artırmaq lazımdır ki, heç olmasa, 4-cü pilləni təmin etsin. Ağlamalı reallıqdır…

Hafiz Zeynalov “Neftçi”nin Müşahidə Şurasının sədri seçilən (təyin olunan) kimi ilk işi klub əməkdaşlarının yeməyini kəsmək oldu. Bununla bağlı qərar hamının diqqətinə çatdırılıb, elan sosial şəbəkəni bəzəyir. İsveçlinin pulunu kəsəsi deyildi ki? Fəhlələrin, xadimələrin boğazından keçən bir tikə loxmaya tamah salıb. Çünki hamısı azərbaycanlıdır, onlara gündəlik bir dəfə yemək də düşmür, Anderssona isə naz-nemət təşkil edilməlidir.

Hafiz bəy hafizələrdə məhz belə qalacaq. İlk addımı çörək kəsmək olan sədr ola bilsin ki, “Neftçi”nin əsl sultanından, lap elə yerinə gəldiyi Rövşən Nəcəfdən belə göstəriş alıb. Fakt bu biabırçı islahatın onun kluba gələndən bəri atdığı ilk addım olmasıdır. Müşahidəçi olduğunu bəhanə etməsin, belə hadisəni müşahidə etmirlər, qarşısını alırlar…

“Neftçi”nin büdcəsi artdıqca onu dağıtmaq istəyənlərin iştahı da böyüyür. Ötən mövsüm klub tarixinin ən yüksək büdcəsi xərcləndi, nəticədə komanda avrokuboklardan kənar qaldı. İndi də idman direktoru İSVEÇLİ, baş icraçı direktor TÜRKİYƏLİ, məşqçi UKRAYNALI – hər birinin də minimal maaşı illik yarım milyon avrodur, üstəlik, iki sabiq baş məşqçiyə kompensasiya ödənilir.

Həm maaşa, həm faizə işləyən menecerlər klubu bir yandan dağıdır, yeni gələnlər bir yandan. Ötən mövsüm oyunların yarısında belə oynamadan yüzminlər alan legionerlər heyətdə saxlanılıb, yeniləri üçün də maliyyə axtarılır. Götürülən kreditlər də yetmir, indi də əməkdaşlara verilən, ümumi maliyyə dəyəri bir əcnəbinin layiq olmadan aldığı aylıq maaşdan az olan yemək payı kəsilir.

blank

Dövlətdən maliyyələşən, milyonlar dağıdılan “Neftçi”də lazımsız əcnəbilərin, onların himayədarlarının yox, məhz ən kasıb təbəqənin – sıravi işçilərin çörəyi kəsilir. 30 milyon manat büdcəsi olan klub bir dəfə yeməyi sıravi əməkdaşlara çox görür. Heyətdə 15-ə yaxın əcnəbi olmasaydı, təkcə idman direktoru, baş icraçı direktor və baş məşqçidən ibarət əcnəbi üçlüyə illik 3 milyon manat xərclənməsəydi, başadüşülən olardı. Amma dərd orasıdır ki, büdcədə hamı üçün pul tapılır, yalnız bəlkə də gün ərzində ən yaxşı yeməyini məhz klubda yeyən kasıb fəhlələrə bu, çox görülür.

Klubda ixtisarlar başlayıb. Qovulanlar bahalı işəyaramaz əcnəbilər deyil, ən çox zəhmət çəkən aşpazlar, xadimələr, fəhlələrdir. Halbuki onlara ümumi büdcənin heç bir faizi də xərclənmir. Adrian Mutu yarım ildən çoxdur gedib, onu layiq olmadığı halda bəh-bəhlə bu posta təyin edənlər hələ də rumına kompensasiya ödəyir.

Sözügedən məşqçi “Neftçi”dən gedəndən sonra daha bir klubdan qovulub. Normalda özünə iş yeri tapdığı üçün bakılılar ona ödənişi dayandırmalı idi. Üstəlik, klub lisenziya almaq üçün onunla indiyə qədər ödəşməli idi. Amma gör kompensasiyanın məbləği nə qədər böyükdür ki, hələ verib qurtara bilmirlər, əksinə, aylıq ödəniş üçün xüsusi razılıq da əldə ediblər. Yəqin həmin məbləğdən kimlərinsə cibinə faizlər gedir deyə, Mutu ilə sonadək hesablaşmaqda qərarlıdırlar.

Miodraq Bojoviç də pulunu alıb, payını verib getdi. Sırada bir neçə legioner də var. Onların yaxşı yaşaması, səhv təyinat edənlərin eyiblərinin örtülməsi üçün sıravi əməkdaşların haqqı yeyilir. Hələ istədiyi futbolçuları gətirmək üçün büdcə tələb edən Roman Qriqorçuk da var.

blank

Bir yandan də Cenk Sümər alverə başlayıb. Türkiyədən hansısa məqsədlə gətirilən, düz-əməlli karyerası olmayan baş icraçı direktor klubdakı anarxiyadan istifadə edərək futbolçu transferlərnə girişib. Yens Andersson, Kamil Məmmədov bir yandan, Sümər də öz xətti ilə danışıq aparır. Qriqorçuk kənarda qalıb, pul qoxusuna gələnlər qollarını çırmayıb. Sələfi Fərrux Mahmudov layihələri 5-10 mislinə dostlarının şirkətlərinə “ötürdüyü” kimi, Sümər də çömçəsini doldurur.

“Neftçi” azarkeşlərinin başı sağ olsun. Onların böyük ümidlər bəslədiyi yeni rəhbərlik islahata mətbəxdən başladı. Futbolun mətbəxini bilməyənlərin meydan suladığı klub kiçilməyə davam edəcək. Mark Tamaşdan verdiyi müsahibəni dəyişdirməyi tələb etmək çıxış yolu deyil, “Qarabağ”dan böyük olmaq üçün öncə rəhbərlik, idarəçilər özü BÖYÜK olmalıdır, fəhlənin boşqabında problem axtaranlar kiçik qalmağa davam edəcək.

VÜSAL MAHMUDOV

P.S.: Bu yazıda klubun mövqeyi də olmalı idi. Amma “Neftçi”də mətbuat önünə çıxarılası kimsə yoxdur. Yeni gələnlər mətbuat xidmətini də tar-mar edib öz kadrlarına iş yeri hazırlayırlar.

Seçilən
102
8
futbolinfo.az

10Mənbələr