AZ

Oxu, qızım! Qadınların yaşadığı bir çox problemlərin həlli təhsildən keçir...

Təhsil qadınların yaşadığı bir çox problemlərə qarşı ən yaxşı profilaktikadır...

Bir daha qızlarımızın təhsili haqda... 15 illik jurnalistika fəaliyyətimdə dəfələrlə ürəkağrısı ilə toxunduğum bu mövzuya təkrar qayıdıram. Öncə bir suala cavab tapaq: Niyə məhz qızların təhsili? Bəzən qadınlarla, qız uşaqları ilə bağlı hansısa məsələni gündəmə gətirib xüsusi müzakirə edəndə bizi ayrı-seçkilikdə günahlandıranlar olur. Yəni, ümumi olaraq uşaqların təhsilindən danışmaq varkən, niyə qız uşaqlarının təhsili?

          Niyə fərq qoyuruq?

Axı, bu fərqi, bu ayrı-seçkiliyi biz yox, cəmiyyətimiz edir, ailələr edir. XXI əsr üçün təəccüblü bir mənzərədir, amma bəli, edirlər. Elə selektiv abortların statistikası, dünyaya gələn qız uşaqları ilə oğlan uşaqlarının sayı arasındakı fərq hər şeyi deyir. Deməli toplumumuzda hələ də oğul övladına varis, gələcəyin təminatı, yatırım kimi baxıb, qızı sadəcə bir yük, öhdəlik kimi görüb bir an öncə böyüdüb ərə verməyi düşünənlər var. Bəlkə də bizim cameə üçün bu dediklərim təəccüblü görünə bilər, amma bölgələrdəki, lap elə Bakıətrafı kəndlərdəki vəziyyət belə düşünməyə əsas verir. Bu gün bir çox bölgələrdə 9-11-ci siniflərdə qızların sayı kəskin azalır. İldən-ilə sinif otaqlarından qızlar yoxa çıxır. Daha sonra erkən nigahlar, nigahdan kənar dünyaya gələn uşaqlar, məişət zorakılığı, boşanmalar, boşanma zamanı hüquqlarından məhrum edilən gəlinlər meydana  çıxır.

Yaralı yerimdir qızlarımızın təhsili... Çünki mən cənub bölgəsindənəm. Öz ailəmdə yaşamasam da, çevrəmdə qadınların çətin həyatını, necə əzildiyini görüb bu problemi iliklərinə qədər hiss edənlərdənəm. Bir zamanlar bizim bölgənin qızları ibtidai təhsildən o yana keçərsə bu, möcüzə idi. Qız uşağı Muğana pambığa göndərilə bilərdi, amma qonşu kəndə məktəbə göndərilməzdi. Mən, o zamanlar atası, qardaşı tərəfindən el-oba nə deyər deyə məktəbdən yayındırılan qızların, bu gün ahıl yaşında küçələrdə limon satdığını, yol süpürdüyünü ürək ağrısı ilə müşahidə edirəm. O zaman qeyrət çəkənlərin bəziləri artıq həyatda yoxdur, bəziləri isə öz ailəsini çətinliklə dolandırır. Ancaq kimsə məhv etdiyi bir həyatın babalını götürmür. Bu mənzərə bu gün eyni addımı atanlara acı bir nümunə olmalıdır. 9-cu sinifdə təhsildən yayındırılan, əlində sənəti, peşəsi olmayan qızlar həyatın gətirəcəyi çətinliklər qarşısında əzilərkən yenə valideynlər yanında ola biləcəkmi?!

          Effektiv dövlət tədbirləri...

Dövr dəyişib, xeyli işlər görülüb, artıq müəyyən nailiyyətlər var. Dövlət qurumlarının, xüsusilə Təhsil Nazirliyinin, Təhsilin İnkişafı Fondunun, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsin, QHT-lərin həyata keçirdiyi hüquqi tədbirlər, maarifləndirmə tədbirləri, təlimlər ümumi mənzərəni müəyyən qədər yaxşılaşdırıb.

2023/2024-cü tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən 59 orta ixtisas təhsili müəssisəsində 65,6 min tələbə (2022/2023-cü tədris ili ilə müqayisədə 1,5 faiz artım) təhsil alıb, onların 62,5 faizini qadınlar təşkil edib. Azərbaycanda bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən dövlət və qeyri-dövlət ali təhsil müəssisəsində, eləcə də elmi təşkilatda və tibb müəssisələrində təhsil alanların sayı 231,4 min nəfər olub ki, onların da 51,1 faizini qadınlar təşkil edib.

Qız uşaqları üçün dövlət qurumlarının həyata keçirdiyi müəyyən təqaüd proqramları var. Bu cür təqaüd proqramlarına özəl şirkətlərin də cəlb olunması, sonradan təqaüd alan qızların həmin şirkətlərdə işlə təmin olunması da arzuolunandır.

         Hüquqi tədbirlər...

Digər tərəfdən, yeni qanunlar qəbul olunub, hüquq-mühafizə orqanlarının  bu məsələyə həssaslığı artırılıb. Bu günlərdə birbaşa təhsillə bağlı olmasa da, qız uşaqlarının təhsildən yayındırılması hallarının qarşısını almağa xidmət edən bir neçə qanun qəbul edildi.

  • Azərbaycanda qohum evlilikləri rəsmən qadağan edildi.
  • Nigah yaşının 1 il azaldılmasına yol verilən hal aradan qaldırıldı.
  • Nigah yaşına çatmayan şəxsi erkən evliliyə daxil olmağa məcbur edənlər həbs olunacaq.
  • Yetkinlik yaşına çatmayan şəxslərin kəbinini kəsən mollalar cəzalandırılacaq. 

Doğrudur bu qərarlar ciddi müzakirələrə səbəb oldu. Boşanmaların sayının gündən-günə artdığı bir dövrdə evliliyə yaradılan  maneələr sorğulandı. Ancaq bunu tənqid edənlər unudurlar ki, boşanmaların qarşısını almağın əsas yolu uyğunsuz və uğursuz evliliklərin qarşısını almaqdan keçir.

Bir insana nəqliyyat vasitəsini idarəetmə hüququ 18 yaşında verilirsə, bundan qat-qat çətin və məsuliyyətli olan ailə qurmaq, münasibətləri idarəetmək, dünyaya övlad gətirmək kimi bir yük necə 15-16 yaşında yüklənə bilər. Axı bu da maneələrlə, çətinliklərlə dolu bir yoldur, burada da geri dönüşü mümkün olmayan qəzalar yaşana bilər. Və elə faciələr baş verə bilər ki, valideyn üçün bu “qız yükü”ndən daha böyük bir yükə çevrilər.

Halbuki təhsilli bir qız uşağı artıq 20 yaşını ötüb, öz təfəkkürü, dünyagörüşü, qərarvermə bacarığı, problemli situasiyaları idarəetmə qabiliyyəti var. Ailə anlayışını, övlad məsuliyyətini, ailə büdcəsinin idarə olunmasını, hüquq və vəzifələrini 15 yaşlı qızla müqayisədə daha gözəl bilir.

Təhsil bir qadının həyatından yaşaya biləcəyi problemlərə qarşı bir profilaktikadır. Təhsil kişi üçün sadəcə dünyagörüşü, intellekt, iş və qazanc mənbəyi ola bilər. Amma qadın üçün onun kimliyini müəyyənləşdirən, özgüvənini, özünə inamını, ailəyə və övlada münasibətini formalaşdıran, onu edə biləcəyi səhvlərdən və başqalarının ona qarşı edə biləcəyi səhvlərdən müdafiə edən bir immunitetdir.

Qızların təhsildən yayınma hallarının və erkən nigahların statistikasına görə öndə olan Cənub bölgəsində 14 yaşlı qızların əksəriyyəti nişanlı olur. Qız uşaqları doğulan gündən ən kasıb ailənin də xanımı qəpik-quruş artırıb qızına cehiz yığır. 16 yaşına qədər nişanlanmayan qız artıq “evdə qalmış” sayılır. Qızlar 15-20 yaş fərqi ilə ərə verilir. Bəzəkli xonçalarla, ağ gəlinliklə onları ömründə ilk dəfə görən 40 yaşlı kişilərə bir ömür kölə olmağa gedirlər. Təbii ki, bu cür hallar digər bölgələrdə, özəlliklə Bakı kəndlərdində də az deyil.

              Təhsilin əlçatanlığı...
Onu da xüsusi vurğulamaq istərdim ki, ucqar rayonlarda yuxarı siniflərə gəldikcə uşaqlar təhsilin əlçatanlığı ilə bağlı əziyyət çəkirlər. Bəzən 3-4 kəndin bir 11 illik məktəbi olur ki, bu şagird sayı baxımından optimal yanaşma olsa da, məsafə baxımından əlverişsiz olur. Xüsusən qız uşaqlarının hər gün 4-5 kilometr yol qət etməsi təhlükəli sayılır və ailələr sırf bu səbəbdən də qızların təhsilini yarıda dayandırmalı olurlar. Bu problemin həlli yolu kimi, rayon mərkəzlərində yataqxanası və müəyyən şəraiti olan qız məktəblərinin açılması, burada eyni zamanda peşə bacarıqlarının da aşılanması problemin aradan qaldırılmasında rol oynaya bilər.
Təbii ki, ilk növbədə mövzunun ən ağır tərəfini önə çəkdik. Ancaq müsbət hallar da az deyil. Dövlətin təhsil siyasətində 11 illik təhsil bütün uşaqlar üçün icbari sayılır və təhsildən yayınma hallarına qarşı bütün bölgələrdə dövlət qurumları birgə iş aparır. 

           Qadın liderliyinin əhəmiyyəti...

Çünki qızların təhsili təkcə şəxsi həyatı ilə bağlı deyil, cəmiyyətin, dövlətin, biznesin də təhsilli, ixtisaslı qadınlara ehtiyacı var. Qadın liderliyi istənilən cəmiyyətə yalnız fayda verib. Toplumun yarısı qadınlardan ibarətdirsə, idarəetmədə də bu balans qorunmalıdır ki, nəticələr daha yaxşı olsun. Ölkəmizdə istər dövlət qurumlarında, istər Milli Məclisdə, istərsə də məhkəmə sistemində yüksək vəzifələrdə qadınlar təmsil olunur, amma bunun tam olaraq balanslı olduğunu demək çətindir. 

Qadın direktorlar, müəssisə rəhbərləri, elm adamları, ictimai xadimlər uğurlu fəaliyyətləri ilə diqqət çəkirlər. Təsadüfi deyil ki, Norveçdə 3000 müdirin iştirakı ilə aparılan bir araşdırmada, qadınların idarəçilik vəzifəsinə kişilərdən daha uyğun olduğu və daha üstün liderlik xüsusiyyətinə sahib olduqları müəyyənləşib. BI Norveç İdarəçilik Məktəbinin apardığı araşdırmaya görə qadınlar, bir çox sahələrdə kişilərdən daha yaxşı lider olurlar. Araşdırma üçün müdirlərin həm xarakterləri, həm də iş həyatında üzə çıxan xüsusiyyətləri tutuşdurulub. Təşəbbüs göstərmə və münasibət qurma, müxtəlif fikirlərə açıqlıq və yenilik gətirmə bacarığı, ictimailik və dəstək, sistemli idarəçilik və məqsədləri müəyyənləşdirə bilmək daxil olmaqla müdirlər, beş kateqoriya üzrə qiymətləndiriliblər. Bu beş kateqoriyadan dördündə qadınlar kişilərdən daha yaxşı nəticə göstərib. Bunu qeyd etməyimdə məqsəd qarşı cinsi aşağılamaq yox, paralel olaraq qadınların da istər dövlət qurumlarında, istərsə də, özəl şirkətlərdə rəhbər vəzifələrdə iştirakının əhəmiyyətini vurğulamaqdır.

            Şəxsi nümunələr, örnək qadınlar...

Bu gün bəzi ailələrdə hər nə qədər "mentalitet" əsas götürülərək qadınlar təhsildən və sosial həyatdan məhrum edilsə də, qədim türk mədəniyyətində qadınlar daim at belində olub, ərləri ilə çiyin-çiyinə mübarizə aparıblar. Tariximizdə tanınmış qadın liderlərin varlığı da, türk dünyasının qadına sadəcə ana kimi, həyat yoldaşı kimi deyil, həm də bir lider kimi verdiyi dəyəri göstərir.

Tarixə bir baxış keçirməyimizə, günümüzün lider qadınlarının uğur hekayələrini yazmağımıza ehtiyac var. Bu gün televiziya tok-şoularının, film və serialların yaratdığı qadın obrazlarından xilas olmalıyıq. Həm ailəsini, həm təhsil və karyerasını uğurla yüksəklərə daşımağı bacaran qadınlarımız var ki, qız ataları, qız anaları nümunə götürməlidir.

Valideynlər cəmiyyətdə təhsili sayəsində uğurlar qazanmış, idarəetmədə iştirak edən, vəzifə sahibi olan, şəxsi biznesini quran qadınları görüb tanısalar, qızlarının təhsilinə bir o qədər önəm vermiş olarlar.

Təvazökarlıqdan uzaq olduğu üçün üzr istəyib, bir hadisəni yazmaq istərdim. Yaxınlarda bir yas məclisində uzaq qohumlardan birinin xanımı yaxınlaşıb təşəkkür etdi. Tanımadığım bu qadın təəccüblə gülümsədiyimi görüb məni bağrına basdı. Dediyi sözlər hər yadıma düşəndə üzümdə təbəssüm oyadır: “Sən bizim fəxrimizsən, sənin sayəndə bu gün qızım ali məktəbə hazırlaşır. Atası əsla hazırlıqlara getməsinə, oxumasına razı deyildi və ümidimizi itirmişdik. Sənin televiziya çıxışlarını və apardığın verilişləri görəndən sonra düşüncələri 180 dərəcə dəyişib. İndi yeganə məqsədi qızımızın oxumasıdır”.

Sonda isə qeyd edək ki, qızların təhsilinə dövlət və vətəndaş cəmiyyəti nə qədər dəstək versə də, ilk növbədə ucqar bölgələrdə təhsilin əlçatanlığı artırılmalı, ikinci olaraq bu məsələ düşüncələrdə həllini tapmalıdır. Ona görə daha çox maarifləndirmə işlərinə ehtiyac var ki, media da burada öz rolunu artırmalıdır.

Valideynlər unutmasınlar ki, artıq dünyada İKT dövrüdür, hətta süni itellekt dövrünə qədəm qoymaqdayıq. Əksər fəaliyyət sahələrində gender fərqləri əhəmiyyət kəsb etmir. İndi fiziki güc yox, bilgi və İT bacarıqları yarışı gedir. Təhsil verdiyiniz qız övladı da, oğul qədər sizin gələcək haminiz, təminatınız olacaq.  Ən əsası isə qızınız doğru seçimlər edib, doğru qərarlar verə bilən bir fərd olacaq. Onlar üçün arzuladığınız xoşbəxtliyə gedən yol budur...

“Təhsilin İnkişafı Fondunun, Azərbaycan Mətbuat Şurasının və “Azərbaycan müəllimi” qəzetinin “Qızların təhsilinə dəstək” müsabiqəsinə təqdim olunur”.

Nərgiz Liftiyeva,

Sitat.info

 

Seçilən
110
50
sitat.info

10Mənbələr