AZ

“Azərbaycan Prezidentinin istənilən mesajı Ermənistanın dövlət kimi legitimliyinin saxlanılmasına hesablanıb”- ŞƏRH

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən səsləndirdiyi fikirlər ABŞ-ın sanki mini rolunu oynayan Kanadayla bərabər daha çox kollektiv dairələrə ötürülən mesaj idi. Diqqəti ilk çəkən məsələ cənab səfirin sanki şərt qoşaraq Azərbaycan ilə Ermənistan arasında əhatəli sülh müqaviləsi imzalanarsa, regionda əməkdaşlıq üçün yeni imkanların yarana biləcəyinə ümidvarlığını ifadə etməsi idi. Bizimlə diktə, şərt dilində danışmağın mümkünsüzlüyünü hər zaman diqqətə çatdıran dövlət başçımız bunun əlavə olaraq lüzumsuzluğunu da bir daha xatırladaraq dedi ki, “Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin olmaması hər hansı bir ölkənin regionda fəaliyyətinin səviyyəsinin müəyyənləşdirilməsi üçün bir amil ola bilməz””.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayanda üstəlik Qərb buna göz yumanda belə Azərbaycanla Avropa İttifaqının 10 ölkəsi arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb:

“Yəni, dövlət başçımız onların anlamsız, xəyali bünövrəsiz şərtinə fundamental əsaslandırma gətirdi. Hələ üstəlik Qərbin, daha çox Fransanın guya Azərbaycanın təcrid olunması ilə bağlı apardığı dezinformasiya maşınının mühərrikinə zərbə vuraraq bütün dünyada əlaqələrimizi genişləndiririk. Sadəcə Qərblə deyil, Asiya regionu ilə, Çin, Rusiya, Pakistan, Mərkəzi Asiya ölkələri ilə əlaqələr inkişaf etdirilir. Səfir vasitəsilə verilən mesajların digər təfərrüatlarına keçmədən öncə düşünürəm ki, elə bu məqamda bir məsələni vurğulamaq yerinə düşər. Məhz buna görədir ki, Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair qəbul edilmiş birgə Bəyannamədə insan hüquqları ilə bağlı məsələlərin siyasiləşdirilməsi və ikili standartların tətbiq edilməsi, insan hüquqlarının müdafiəsi bəhanəsi altında hər hansı dövlətin daxili işlərinə müdaxiləyə qarşı olunması məsələsi ehtiva olundu. İşğala ən böyük don geyindirməyə, Ermənistana arxa durmağa ən kiçik səbəb axtarmağa çalışılan məsələlərə, mövcud nəticəyə dövlətimizin başçısı prezidentlik fəaliyyətində öz şəxsi təcrübəsi əsasında gəldiyini, bunun əyani şahidi olduğunu bildirdi. Bu məqamda isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqının nümayəndəsi olaraq bir amili vurğulamağı da özümə vətəndaşlıq borcu bilirəm ki, hələ 2001-2003-cü illərdə AŞPA-da Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri olan cənab İlham Əliyevin şəxsi inisiativi və diplomatik aktivliyi nəticəsində elə ilk sessiyadan başlayaraq Azərbaycan həqiqətləri ilə bağlı sənədlər qəbul olundu.Səfir əgər bildirirsə ki, sülh müqaviləsi üzərində fəal iş aparıldığından məlumatlıdır, deməli, etnik təmizləmə və soyqırımı, Qərbi Azərbaycan İcmasının deportasiyası, BMT Təhlükəsizlik Şurasının üç daimi üzvünün əməlləri kimi tarixi faktları da ölkəsi aydın bilir ki, Ermənistana böyük bacıları tərəfindən siyasətdə hansı addımlardan məsul olmağı vəzifəsi verilib. Ermənilərin taleyindən narahatsınızsa, Qərbi Azərbaycan İcmasının da reallıqlarını görməzdən gəlmək mümkünsüzdür. Erməni sentimentallığı qataraq qaynatdığınız beynəlxalq hüquq qazanını emosiyalardan arındırmalısınız. Onların öz dədə-baba yurdlarına geri dönməsi düyməsinə basılıb, odur ki, qayıdış hüququ qarşılıqlı şəkildə təmin olunmalıdır. Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsinə, danışıqlara, hətta ən xırda təmasın bu məsələdə də istənilən heç bir vasitəçiyə lüzum və istək olmadı. Birbaşa kontaktlar var, hətta demarkasiya məsələlərində belə razılğa gələ biliriksə, deməli, həmin kontaktların nəticəsi də daha məhsuldardır”.

Politoloqun sözlərinə görə, COP29 məsələsində Ermənistanla Azərbaycanın öz aralarında bir-birlərinə məlum güzəştləri də olub:

“Ərazi bütövlüyünə dəstəklə bağlı verilən mesajlar isə daldan atılan daşa bənzəyir. Bu, bizə vaxtında lazım idi, ancaq etmədiniz. Az öncə vurğuladığım digər daxili məsələlər kimi Ermənistanın vaxtilə xəyal etdiyi, artıq olmayan “Dağlıq Qarabağ” da daxili məsələdir. Fundamental məsələlər üzrə qısa zamanda işi sonlandırmaq, paraflamaq da olar. Lakin Ermənistanın konstitusiyanı dəyişməzsə, sülh müqaviləsinin imzalanması mümkün deyil. Bax, gətirilməli şərt budur, onu da biz emosiyasız, beynəlxalq hüquqa söykənərək gətiririk. İndiyə qədər olan hadisələrin nəticəsi ondan xəbər verir ki, sadəcə yolun sonu bizim tərəfimizdən göstərilmir, hətta onun istiqaməti belə biz tərəfdən müəyyən olunur. Şübhəsiz ki, bütün bunlardan sonra sualınızın ən dəqiq cavabı odur ki, Azərbaycan Prezidentinin istənilən mesajı Ermənistanın dərk edəcəyi təqdirdə, əslində, onun dövlət kimi legitimliyinin saxlanılmasına, cəmiyyətinin rifahına hesablanıb. Yetər ki, düzgün nəticə çıxarıb korrekt qərarlar alsın”.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
editor.az

1Mənbələr