AZ

Avropanın "bozqurd" qorxusu, yoxsa irqçiliyi qızışdırmaq cəhdi?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qan Turalı yazır...
Türkiyə yığmasının mərkəz müdafiəçisi Merih Demiralın Avstriya ilə oyunda vurduğu qoldan sonra göstərdiyi "bozqurd" işarəsi böyük mübahisələrə səbəb oldu. UEFA-nın apardığı araşdırmanın nəticələri çox güman ki, gün ərzində məlum olacaq. Bu araşdırma nəticəsində Merih Demiralın Niderland ilə oyunun start heyətində yer alıb-almayacağı da müəyyənləşəcək.
Futbol sürprizlərlə doludur. Belə ki, Merih Demiral Avstriya ilə oyunda kart sayına cəzalı durumda olan Samet Akaydının yerinə meydana buraxılmışdı. Ancaq onun göstərdiyi möhtəşəm oyundan sonra Türkiyə millisinin baş məşqçisi Vinçezo Montellanın Merihi ehtiyat oyunçular skamyasında oturtmaq lüksü də yoxdur.
Merihin göstərdiyi "bozqurd" işarəsi ilə bağlı mübahisələr isə bir çox azərbaycanlı və eləcə də türkiyəlilər üçün anlaşılmazdır. Onlar bunu türk düşmənçiliyi hesab edirlər. Ümumilikdə isə bu işarə haqqında başlanan mübahisə və davamında UEFA-nın işə qarışması son dərəcə yersizdir.
Türkiyə 1/4 finala Avstriya üzərində qələbə qazanaraq çıxıb. Avstriyanın nasist keçmişi var, bu ölkə "anşlüz" adlandırılan bir hərəkatla könüllü şəkildə Almaniyanın tərkibinə qatılmışdı. Adolf Hitler də Avstriyada doğulmuşdu. Tutaq ki, Avstriyanın hər hansı bir oyunçusu, misal üçün, Marsel Sabitzer Türkiyənin qapısına qol vurur və nasist salamı verir. Bu, çox dəhşətli bir şey kimi qəbul olunar və yəqin ki, təkcə Sabitzer yox, ümumilikdə Avstriya yığması Avropa çempionatından diskvalifikasiya edilərdi. Heç əlavə izahata da ehtiyac olmaz, bütün dünya bu qərarı ayaq üstdə alqışlayardı.
Ancaq "bozqurd" işarəsi ilə nasist salamını eyniləşdirmək mümkündürmü? "Bozqurd" işarəsi tarixin heç bir zamanında milli ayrı-seçkiliyi təbliğ etməyib, nasist salamından fərqli olaraq soyqırımı törədənlərin nişanı, işarəsi olmayıb.
Söhbət Avstriyadan düşmüşkən... Bu ölkə bir neçə il bundan qabaq "Simvollar haqqında" qanunu qəbul etmiş və "bozqurd" işarəsi də daxil olmaqla dini fundamentalist, ifrat millətçi, şovinist işarələri qanunla qadağan etmişdi.
Almaniyanın "Konstitusiyanın Mühafizəsi Təşkilat"ı adlandırılan daxili kəşfiyyat xidməti də "bozqurd"u ifrat ağın simvolu hesab edir. Məhz bu səbəbdən Almaniyanın daxili işlər naziri UEFA-ya müraciət etmişdi. Bəs onlar hansı zərurətdən belə bir addım atırlar? Almaniyada irqçilik təkcə tarix yox, həm də bu günün reallığıdır. Türkləri öldürən faşist qruplar heç də uzaq tarixə aid deyildir. Bu mənada Almaniyada çox kiçik radikal türk millətçi qruplar var. Almaniyanın təhlükəsizliyi, alman demokratiyasının gələcəyi və konstitusiyası əleyhinə heç bir təhlükə törətməyən bu qruplar "bozqurd" işarəsindən də istifadə edirlər. Ancaq bütün "bozqurd" işarəsi göstərənləri ifrat terrorçu, faşist kimi damğalamaq isə heç bir məntiqə sığmır. Daha doğrusu, bunun bir məntiqi var, həmin ifrat qrupları qızışdırmaq, onların əhatə dairəsini genişləndirmək, daha loyal və liberal olan insanları da onların cərgəsinə qoşmaq...
Bir dövrdə "bozqud" işarəsindən əsasən Milliyyətçi Hərəkat Partiyasının üzvləri istifadə edirdilər. Ancaq indi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da "bozqurd "işarəsi göstərir, hətta sosial-demokrat CHP-lilər də. Bu mənada "bozqurd" işarəsinin ifrat sağın işarəsi kimi qələmə vermək gülüncdür. Almaniya da Sosial Demokrat Partiyası tərəfindən idarə olunur. Almaniya kansleri nasist salamı verirmi?
Onsuz da istər Türkiyədə, istər Azərbaycanda, ya da digər türk ölkələrində Avropadakı kimi bir ifrat sağçı yoxdur və heç bir zaman da mövcud olmayıb. Sadəcə olaraq, Avropa təfəkkürü irqçilikdən çox əziyyət çəkdiyi üçün hər şeyi irqçilik kimi qələmə verir. Bu da irqçiliklə mübarizədən çox irqçiliyi qızışdırmaq nəticəsini yaradır.
"Bozqurd" işarəsi türklüklə, mədəni türkçülüklə bağlı bir işarədir. Onun siyasi bir işarə kimi qələmə verilməsi absurddur. Yəqin ki, Türkiyə Futbol Federasiyası da UEFA qarşısında öz müdafiəsini bu tezis əsasında quracaq. Merih Demirala veriləcək cəza isə heç bir halda hüquqi olmayacaq.
Seçilən
61
40
oxu.az

1Mənbələr