AZ

Hərbi təyyarələr təlimlərə CƏLB OLUNDU – Regionda GƏRGİNLİK ARTIR

“ABŞ ilə yanaşı, Avropa ölkələri də Yaponiya hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyə başlayıblar. Bu ay Almaniya, Fransa və İspaniya hərbi təyyarələri Yaponiyada birgə təlimlərdə iştirak edəcəklər. Bu, Avropa ölkələrinin Yaponiya ilə birgə Sakit okean bölgəsində ilk ortaq hərbi təlimləridir”.

Medianews.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Avropa İttifaqı (Aİ) Yaponiya və Cənubi Koreya ilə birgə hərbi texnikanın istehsalına yaşıl işıq yandırıb.

Politoloqun qənaətincə, Brüsselin mövqeyi belədir ki, Asiyadakı tərəfdaşları ilə hərbi əməkdaşlığın gücləndirilməsi bölgədə böhranların idarə olunmasına kömək edəcək: “Avropanın 30 hərbi təyyarəsinin iyulun 19-20-də Yaponiya səmasında həyata keçirəcəyi birgə hərbi təlimlər “Sakit okean səması” adlanacaq. Hərbi təlimlərə daha sonra ABŞ, Avstraliya və Hindistan da qoşulacaq. Filippinin də birgə hərbi təlimlərdə iştirakı istisna deyil. Yaponiyanın müdafiə naziri Minoru Kihara gələcək hərbi təlimləri yüksək qiymətləndirərək, bunun Sakit okean hava məkanında azad uçuşların təminatı olacağını bildirib. Rəsmi Pekin isə fərqli düşünür. Çin hesab edir ki, Avropa İttifaqı ölkələrinin Yaponiya və Cənubi Koreya ilə artan hərbi əməkdaşlığı, birgə hərbi təlimləri bölgədə gərginliyi artıracaq. Pekin Yaponiyanın son illərdə hərbi büdcəsini artırmasından da narahatdır. Yaponiya müasir qırıcı təyyarələrin istehsalı üçün Böyük Britaniya və İtaliya ilə sazişlər imzalayıb. Bundan başqa, Yaponiya ABŞ ilə birgə hərbi texnika istehsalını genişləndirəcək”.

E.Şahinoğlu vurğulayıb ki, Yaponiyanın qorxusu Çinin artan hərbi gücü, Tayvan ətrafındakı vəziyyət və Şimali Koreyanın nüvə proqramı ilə bağlıdır: “Çin Tayvanı ram etmək planından imtina etməyib. Tayvan adası ətrafında Çinin hərbi təyyarələri, hərbi gəmiləri növbə tutmaqda davam edirlər. Tokio bu prosesi diqqətlə izləyir. Bu arada, böyük dövlətlərin okeanlarda rəqabəti artıb, ölkələr bir-birlərinə qarşı müxtəlif kəşfiyyat məlumatları toplayırlar. Vaşinqton Çinin okeanlarda və dənizlərdə artan casus fəaliyyətinin qarşısını almağa çalışır. Vaşinqton hesab edir ki, Çin dənizaltı rabitə kabelləri quraşdırır. Ümumiyyətlə, aparılan araşdırmalara görə, dünya üzrə 574 sualtı kabel mövcuddur. Bunların bir hissəsi fiber-optik rabitə sistemləridir”.

Vüqar MƏMMƏDOV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
1
medianews.az

2Mənbələr