AZ

Bitməyən niqab MÜBAHİSƏSİ – Dini tələb, yoxsa təqlid?

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının Müsəlman Ruhani İdarəsi niqaba müvəqqəti qadağa tətbiq edib. Respublikanın müftisi İsmayıl Hacı Berdiyevin sözlərinə görə, şəriət qanunları üzü tamamilə gizlədən paltar geyinməyi nəzərdə tutmur. Bundan əvvəl isə Dağıstan Respublikasında niqab taxmaq müvəqqəti qadağan edilib. İyulun 1-də Respublikanın müftisi Əhməd Abdullayev bu qərarı elan edərək, “bölgədə tam əmin-amanlıq olana qədər” qərarın ləğv edilməyəcəyini bildirib. Hazırda isə ümumiyyətlə Rusiya Federasiyası ərazisində niqabın qadağan ediləcəyinə dair söz-söhbət dolaşır. Sadəcə Rusiyada deyil, bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da niqabla bağlı cəmiyyətdə, mediada müzakirələr aparılır. Çox təəssüf ki, bəzi hallarda sosial mediada aparılan belə müzakirələr niqab tərəfdarları ilə əleyhdarları arasında mübahisələrə də səbəb olur.

Maraqlıdır, niyə niqabdan bu qədər ehtiyat edilir? İslamda niqaba münasibət necədir? Nə üçün niqab taxılmalıdır? Dinimiz müsəlman xanımlara mütləq niqab taxmağı tövsiyə və ya əmr edirmi? “Qurani-Kərim”də buna aid bir ayə, surə varmı?

Mövzu ilə bağlı Medianews.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutunun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov deyib ki, müsəlman qadının niqab, yaxud rübənd taxmağının vacib olması barədə “Qurani-Kərim”də hər hansı təsdiqləyici məlumat yoxdur. Onun sözlərinə görə, İslam alimlərinin əksəriyyəti də bunun vacib olmasını təsdiqləməyiblər: “Müsəlman alimlərinin böyük əksəriyyəti üzü acmağın caizliyi, yəni icazəli olmağı haqqında hökm bildiriblər. Onu da qeyd ediblər ki, niqab vacib deyildir. “Qurani-Kərim”də açıq şəkildə üzün örtülməsinə dair heç bir göstəriş yoxdur. İslam tarixi boyu niqab geyinməyin caiz olmamağı təbliğ edilib. Həmçinin üzü acmağın caiz olmağına dair olan fikirlər həmişə dominantlıq edib. Düzdür, peyğəmbərin dövründə, Əməvi və Abbasi xəlifələrinin zamanında böyük şəhərlərdə, kəndlərdə qadınlar üzlərinə niqab taxıblar. Amma bu, həmin davranışın vacib olmağı mənasına gəlmir”.

İlahiyyatçı-alim bildirib ki, niqab İslamın göstərişi olmaqdan öncə Sami ənənəsinin təzahürüdür: “Sami xalqlara xas geyim formasıdır. Amma sonradan bu geyim forması müxtəlif mühitlərdə müsəlman qadının qorunmağına xidmət etdiyi təqdirdə İslam tərəfindən alqışlanıb, amma vacib edilməyib. Bununla yanaşı, “Qurani-Kərim”də hicab geyinməyi əmr edən ayələrdə ancaq başın örtülməsi haqqında danışılır, açıq şəkildə deyilir ki, öz-özünə açıq olanlar, yaxud görünənlər istisnadır. İslam alimləri bildiriblər ki, öz-özünə görünən üzvlər dedikdə, əllər və üz nəzərdə tutulur. Əlbəttə ki, niqabın vacib olmağına dair iddianın da tərəfdarları öz dəlillərini gətirirlər. Amma bu arqumentlər niqabın vacib olmamağına dair olan arqumentlərlə müqaisədə güclü deyil”.

E.Məmmədov deyib ki, niqab geyinib-geyinməmək azad, demokratik ölkədə hər kəsin öz seçimi olmalıdır: “Amma yaxşı olar ki, müsəlmanlar, o cümlədən niqabın geyinilməsinə çağırış edənlər bunu şəxsi bir məsələ kimi qəbul etsinlər, İslamın vacib hökmü kimi təbliğ etməsinlər. İstəyən geyinsin, istəməyən geyinməsin. Amma bunu İslamın adından çıxış edərək vacib buyurmaq İslamın adına böhtan olardı”.

İlahiyyatçı-alim niqaba qorxulu münasibətin kökündə subyektiv və obyektiv amillərin dayandığını dilə gətirib: “Subyektiv amillər ondan ibarətdir ki, müəyyən informasiya və yaxud müəyyən media vasitələrində hicab, niqab əleyhinə, ümumiyyətlə müsəlman qadını əleyhinə təbliğat aparılır. Obyektiv səbəblərə gəlincə, təəssüf ki, bəzən niqab müəyyən xoşagəlməz əmmələrə alət edilir. Görürsən ki, müəyyən qanunsuz hərbi birləşmələrin tərəfdarları olan şəxslərin  ailələrində niqab təbliğ olunur. Yaxud müəyyən terrorçu qüvvələrin və yaxud bəzi qrupların kişi nümayəndələri niqab geyinərək şəhərlərdə, eləcə də digər yerlərdə terror aktları həyata keçirirlər. Lakin, mənim fikrim bundan ibarətdir ki, demokratik ölkələrdə niqab əsla qadağan edilməməlidir. Bununla yanaşı, ölkənin məşhur ilahiyyatçıları tez-tez televiziya vasitəsi ilə çıxış etməli, niqabın vacib olmadığını, ayrı-seçkilik vasitəsi sayılmadığını, yaxud da niqabdan şəxsi mənafe üçün istifadə olunmasının yol verilməz olduğunu vurğulmamlıdırlar”.

Nailə QASIMOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
medianews.az

1Mənbələr