AZ

Milanın Malpensa aeroportuna Silvio Berluskoninin adı veriləcək

Milanın

Roma, 6 iyul, AZƏRTAC

Milanın Malpensa beynəlxalq hava limanına İtaliyanın sabiq Baş naziri və “İrəli, İtaliya” (“Forza Italia”) Partiyasının sədri Silvio Berluskoninin adı veriləcək.

AZƏRTAC xəbər verir ki, bunu İtaliya Baş nazirin müavini, nəqliyyat və infrastruktur naziri Matteo Salvini deyib.

“İtaliya Mülki Aviasiya İdarəsi (ENAC) Lombardiya regionunun Malpensa hava limanına Silvio Berluskoninin adının verilməsi təklifini təsdiqləyib. Bununla bağlı qərar Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən qəbul olunacaq və tezliklə Malpensa aeroportu Silvio Berluskoninin adını daşıyacaq”, - deyə o bildirib.

Lombardiya regionunun rəhbəri Attilio Fontana ENAC-ın direktorlar şurasının Malpensa hava limanına Silvio Berluskoninin adının verilməsi üçün “yaşıl işıq” yandırması xəbərini şərh edərkən bu qərarın Silvio Berluskoniyə ədalətli hörmət əlaməti olduğunu qeyd edib.

Silvio Berluskoninin qızı Barbara isə deyib: “Atamı xatırlamağın hər yolu yaxşıdır. Onun xatirəsini yad etmək üçün istənilən yolu alqışlayıram”.

Xatırladaq ki, Silvio Berluskoni ötən il iyunun 12-də müalicə olunduğu xəstəxanada 86 yaşında vəfat edib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Seçilən
96
2
azertag.az

3Mənbələr