AZ

Bəxtiyar Həsənalızadə “Araz-Naxçıvan”da - Rəsmi

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz müdafiəçisi Bəxtiyar Həsənalızadə bundan sonra “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, tərəflər artıq rəsmi müqaviləyə imza atıblar. 31 yaşlı futbolçu ilə anlaşmanın müddəti 1 ildir.

Tibbi müayinədən uğurla keçən futbolçu artıq komandanın məşqlərinə qoşulub.

Bəxtiyar Həsənalızadə ötən mövsümü Türkiyənin 1-ci Liqasında mübarizə aparan “Tuzlaspor”da keçirib. O, bu komandanın heyətində 20 oyuna çıxıb, 1 qol və 1 assistlə yadda qalıb.

Bəxtiyar peşəkar futbolçu karyerasına “Sumqayıt” klubunda başlayıb. Daha sonra o, “Zirə” və “Sabah”ın da formasını geyinib. Müdafiəçi müxtəlif illərdə Azərbaycanın U-21 və əsas millisinə dəvət alıb.

Xatırladaq ki, “Araz-Naxçıvan” Bəxtiyardan öncə Ürfan Abbasov (“Qəbələ”), Ülvi İsgəndərov (“Qəbələ”), Ömər Buludov (“Neftçi”), Tərlan Əhmədli (“Turan Tovuz”), Turan Vəlizadə (“Neftçi”) və Karlos Jatobanı (“Politexnika”, Rumıniya) da heyətinə qatmışdı.

Zamiq Əliyev, Abdulla Rzayev, İldar Ələkbərov, Semir Bukviç, Numan Kurdiç, Turan Manafov, Aksel Nqando, Tural Bayramlı, İsmail Azzaui, Məhəmməd Kadiri, Elvis Maşike, Nicat Süleymanov və Orxan Əliyev isə komandanı tərk ediblər.

Əvəzində Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriqes, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli və Miço Kuzmanoviç klubla yeni müqaviləyə imza atıb.

“Araz-Naxçıvan” ötən mövsüm Premyer Liqada 38 xalla 8-ci yeri tutub.

Seçilən
83
arena.az

1Mənbələr