AZ

Çinli turistlərin Azərbaycana axını başlayıb. Nə baş verir?

Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Astanada Azərbaycan prezidenti İlham Əliyevlə Çin Xalq Respublikasının lideri Si Cinpin arasında aparılan danışıqlardan sonra Azərbaycana çinli turist axını başlayıb.

Çinin informasiya resursları yazırlar ki, hazırda Çinin səyahət platformalarında Azərbaycanla bağlı axtarış sorğularında kəskin artım müşahidə olunur.

Məlum olduğu kimi, İlham Əliyev və Si Cinpin ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi haqqında birgə bəyannamə imzalayıblar ki, bu bəyanatın bəndlərindən biri tərəflərin turizm sahəsində əməkdaşlığı gücləndirməyə və onun hərtərəfli inkişafına dəstək verməyə hazır olduğunu təsdiqləyir.

Sənəddə həmçinin qeyd olunur ki, turizmin inkişafına dəstək məqsədilə Azərbaycan tərəfi birtərəfli qaydada Çin vətəndaşları üçün bir il müddətinə vizasız rejim tətbiq edir.

Xəbər yayımlanandan sonra “Trip.com” onlayn platformasında Azərbaycanla bağlı səyahət istiqamətləri üzrə axtarışlar 50 faiz artıb. Xüsusilə, materik Çindən Azərbaycana gələn turistlərin sifarişlərinin həcmi illik müqayisədə 85 faiz, Cənubi Qafqazın üç ölkəsinə - Gürcüstan, Ermənistan və Azərbaycana turist səfərləri üçün sifarişlərin sayı isə 103 faiz çoxalıb.

Həmçinin bildirilir ki, bundan sonra Pekin və Çinin şimal-qərbində yerləşən Sincan-Uyğur Muxtar Rayonunun mərkəzi olan Urumçi şəhərindən Bakıya birbaşa uçuşlar həyata keçiriləcək.

Digər onlayn səyahət platforması “Fliggy”nin nümayəndəsi cümə axşamı “Global Times”a deyib ki, Azərbaycana uçuş sifarişləri 4 iyul 2024-cü il tarixinə 336 faiz artıb.

Azərbaycan Dövlət Turizm Agentliyindən haqqin.az-a verilən məlumata görə, Çin də, öz növbəsində, azərbaycanlı turistlərin əsas istiqamətlərindən biridir. 2023-cü ildə Azərbaycana 23 153 Çin vətəndaşı səfər edib.

Hazırda Gürcüstan, Ermənistan və Azərbaycan da daxil olmaqla, üç Qafqaz ölkəsi çinli turistlər üçün vizasız rejim elan edib. Ermənistan çinlilər üçün vizasız rejimi 2020-ci il yanvarın 19-dan, Gürcüstan isə 2024-cü il mayın 28-də tətbiq edib.

Pekində fəaliyyət göstərən “6renyou” onlayn səyahət agentliyinin baş direktoru Sa Syansan “Global Times”ə bildirib ki, son illərdə Cənubi Qafqaz, Mərkəzi Asiya və Balkanlar kimi yerlər çinli turistlərin sevimli istiqamətlərinə çevrilib. Buna səbəb beynəlxalq uçuşların bərpası və viza rejiminin sadələşdirilməsidir.

Seçilən
163
buta.media

1Mənbələr