AZ

Didye Deşam: “Çox qol vurmağa ehtiyacımız yoxdur”

Fransa yığmasının baş məşqçisi, fransız mütəxəssis Didye Deşam AÇ-2024-ün 1/4 finalında Portuqaliya yığması ilə oyunu şərh edib.

Arena.az xatırladır ki, rəqibin üstün oyunu mənzərəsində “quru” (0:0) hesabı qoruyub saxlaya bilmiş “xoruzlar” penaltilər silsiləsində daha dəqiq olaraq (5:3), yarışın yarımfinalına yüksəliblər.

“Bu, çox gərgin və bərabər oyun idi. Əlavə vaxtın sonlarında, oynamaq bizim üçün çətin olsa belə, qələbə ixtiyari komandaya qismət ola bilərdi. Ola bilsin ki, azacıq daha yorğunuq. Penaltilər silsiləsinə gəlincə, Olivier Jirunu buraxmaq istədim, amma hakim istəyimizə məhəl qoymadı. Bütün bu vəziyyətə rəğmən, penaltilər Portuqaliya tribunası önündə yerinə yetirilsə də, necəsə sakitlik hökm sürürdü”, – “beIN Sports” dərgisi Deşamdan sitat gətirir.

Fransız mütəxəssis komandasının AÇ-2024-ün yarımfinalına belə əcaib surətdə yüksəlməsi ilə bağlı tənqidi fikirləri də cavablayıb. Xatırladaq ki, mötəbər yarışda “xoruzlar”ın hesabında cəmi 3 qol var ki, bunlardan da 2-si rəqibin öz qapısına vurduğu avtoqollardır. Bir sözlə, Fransa yığmasının “sürünməsini” Deşam belə şərəh edib:

“Biz yarımfinaldayıq və mən buna şadam, amma bu yaxınlarda buna alışmış olsaq da, bunu təbii qəbul edə bilmərik. İndi bizə daha bir çətin oyunda qalib gəlmək gərəkdir. Daha çox qol vurmalıyıq, çünki hələ kifayət qədər qolumuz yoxdur.

Bircə qol da vurmamışıq? Amma qol vurmuşuq axı. Avtoqol da qoldur da. Rəqib də imkanları olsa belə, o qədər də təsirli fəaliyyət göstərmirdi. Çox qol vurmağa ehtiyacımız yoxdur. Qol buraxmamaq daha yaxşıdır. Amma mən daha çox qol vurmağımızı istərdim”, – Didye Deşam Portuqaliya yığması ilə oyundan sonra mətbuat konfransında bildirib.

Beləliklə, AÇ-2024-ün yarımfinalına yüksəlmiş Fransa yığması bu mərhələdə İspaniya yığması ilə qarşılaşacaq.

Seçilən
118
arena.az

1Mənbələr