Britaniyanın “The İndependent” qəzeti Məsud Pezeşkianın İran prezidenti seçilməsi ilə bağlı yazır: “2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranın millət vəkili Məsud Pezeşkian yazmışdı: “İslam Respublikasında bir qızın hicabına görə həbs edilməsi, sonra isə meyitinin ailəsinə təhvil verilməsi qəbuledilməzdir””.
Yəni Məsud bəy zamanında sözünü demiş adamdır. Ona görə də xalq arasında bu qədər sevilir. O vaxt İranda bu sözü hər kişi deyə bilməzdi. Ancaq o, deyib…
Bizim bəzi dostlarımız iddia edir ki, İslam Respublikasının ali dini lideri Ayətullah Xamenei İranda yüksəlişdə olan türk faktorunu çökdürmək üçün Məsud Pezeşkianı irəli çıxarıb. Guya onun qələbəsi süni bir şeydir və xüsusi missiya daşıyır. Və Türk Dünyasını parçalamağa hesablanıb…
Məsud Pezeşkianın keçirdiyi kütləvi tədbirlərdə Azərbaycanla bağlı ən millətçi mahnılar səsləndirildi və böyük bir kütlə möhtəşəm coşqu ilə o mahnını xorla ifa etdi. Yəni Məsud Pezeşkian İranda gəlişməkdə olan türk ruhunu ən azı bir baş yuxarı qaldırdı…
Azərbaycanda özünə türk deyib Məsud Pezeşkianın əleyhinə iyrənc təbliğat aparanları da gördük. Onlar təkidlə “mühafizəkar” siyasətçi Səid Cəlilinin təbliğatını aparırdılar. Səid Cəlili kimdir? Aşırı bir fars millətçisi. Yəni siz bunu bilmirsiz?
Arqumentləri də bu idi ki, Məsud Pezeşkian kürddür. Bu məsələ ilə bağlı Qərb mətbuatı da yazır. Məsələn, elə “The İndependent” də bu məqama toxunur: “Cənab Pezeşkian 29 sentyabr 1954-cü ildə İranın şimal-qərbində Mahabadda doğulub. Atası azərbaycanlı, anası isə kürdür. O, azəri dilində danışır və uzun müddət İranın böyük etnik qruplarının işlərinə diqqət yetirir”…
İranda yenidən türk erası başlayır. Bu qələbə İranda yaşayan türklərin qələbəsidir. Hə, bəlli səbəbdən bu qələbəyə kürdlər də dəstək verib. Bunu da danmaq olmaz. Biz türk olaraq kimsənin haqqını danmarıq…
Hazırda bütün dünya Məsud Pezeşkiandan danışır. “Reuters” Agentliyi vurğulayır ki, o, azərbaycanlıdır. Siyasətə də təzə gəlməyib. O, islahatçı prezident Seyid Məhəmməd Hatəmi (1997-2005) dönəmində (2001-2005) İranın səhiyyə naziri olub.
Agentlik bildirir ki, keçən ay Tehran Universitetində keçirilən iclasda 2022-23 illər iğtişaşları ilə əlaqəli ittihamlarla həbs edilən tələbələrlə bağlı sualı cavablandıran Pezeşkian deyib ki, “siyasi məhbuslar mənim səlahiyyətimə daxil deyil və əgər mən nəsə etmək istəsəm, buna səlahiyyətim çatmayacaq”.
1980-ci illərdə İran-İraq müharibəsi zamanı döyüşçü və həkim olan Pezeşkiana tibbi qrupların cəbhə bölgələrinə göndərilməsi tapşırılmışdı.
Pezeşkian 1994-cü ildə avtomobil qəzası nəticəsində həyat yoldaşını və bir uşağını itirib. O, heç vaxt ikinci dəfə evlənmək fikrinə düşməyib. Qəzadan sağ çıxan iki oğlu və bir qızını tək böyüdüb…
İslahatçı prezident Seyid Məhəmməd Hatəmi İranda iki dəfə prezident seçilsə də, elə bir uğur qazana bilmədi. Bəs bu dəfə necə, islahatçılar İranda ciddi dəyişikliklərə nail ola biləcəkmi?
Bir şeyi də deyim. Hörmətli Məsud Pezeşkian ürək cərrahıdır. İran ağır xəstədir. Cənab Pezeşkian bu ağır xəstəni müalicə edə biləcəkmi? Çətin sualdır, ancaq birmənalı olan odur ki, Məsud Pezeşkian ən azı buna cəhd edəcək…
Ən əsası isə odur ki, Məsud Pezeşkian İran prezidenti kimi Azərbaycanın gücünə güc qatdı. O, iqtidara gəlişi ilə İrandakı türklərin qüdrətini yenidən ortaya qoydu. Bundan sonra İranda türk faktoruna kiminsə arxa çevirməsi, yekəbaş münasibət sərgiləməsi sadəcə mümkün deyil. Əminliklə demək olar ki, bundan sonra İranda keçirilən istənilən seçkidə soydaşlarımız əsas söz sahibi kimi çıxış edəcəklər…
Elbəyi Həsənli,Sürix