AZ

Nə qədər ki, Paşinyan hakimiyyətdədir... - Tacəddin Mehdiyev

Yazını böyüt
Yazını kiçilt

Sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyevlə hafta.az üçün budəfəki söhbətimizdə Ermənistanın guya payız aylarında Azərbaycana hücuma keçəcəyi haqda səslənən qeyri-rəsmi informasiyalar, Rusiya-Ukrayna cəbhəsindəki son durum, Rusiya lideri Vladimir Putinin Şimali Koreya və Vyetnama səfərləri, NATO-ya qarşı yeni hərbi blok yaratmaq cəhdləri və s. mövzularda danışdıq. 

– Cənab general, son vaxtlar Ermənistanın guya payız aylarında Azərbaycana hücuma keçəcəyi haqda qeyri-rəsmi informasiyalar səslənir. Sizcə, bu nə dərəcə realdır?

– Ermənistanın guya Azərbaycana hücuma hazırlaşmağına gəldikdə, bu mənasız və absurd bir söhbətdir.  Əvvəla, 2020-ci ilin 44 günlük savaşından üzü bəri Azərbaycan ordusunun apardığı möhtəşəm əməliyyatlar sayəsində Ermənistanın beli elə sınıb ki, o bir daha özünü düzəldə bilməz. Onun öz ordusunu, həmçinin iqtisadiyyatını, hərbi və iqtisadi resurslarını bərpa etməsi üçün on illərlə vaxt lazımdır.

 İkincisi, Ermənistana Hindistandan, Fransadan da hərbi, hətta iqtisadi yardım göstərilsə belə, bu ölkə yenə də Azərbaycanın hərbi və iqtisadi səviyyəsinə heç yarım əsrə də çata bilməz. Bizim insan resurslarımız da, iqtisadi imkanlarımız da böyükdür.

 Üçüncüsü də,  Azərbaycan Silahlı Qüvvələrinin malik olduğu silah-sursat və texnikalar ermənilərin Hindistandan da, Fransadan da aldığı silah-sursat və texnikalardan dəfələrlə üstündür.

 Dördüncüsü, sırf hərbi baxımdan yanaşdıqda, bizim ordu, bizim hərbçilər artıq neçə illərdir ki, xaricdən aldığımız silahları, texnikaları döyüşlərdə, təlimlərdə dəfələrlə tətbiq edib, sınaqdan keçirib. Yəni onlardan müharibə şəraitində effektiv şəkildə istifadə etməyi öyrənib. Ermənistan ordusu isə Fransadan, Hindistandan aldığı silahları, texnikaları bir neçə aydır öyrənməyə başlayıb. Bu qısa müddətdə onların effektiv tətbiqinə yiyələnmək mümkün deyil.  

 Beşincisi, bizim xalq kimi ordumuz da yüksək, qələbə əhval-ruhiyyəsindədir. Erməni ordusu isə 2020-ci ildən bəri ağır məğlubiyyətlərə düçar olduğu üçün düşkün və miskin bir durumdadır.

Və nəhayət, altıncısı, ermənilərin iki əsrlik sahibi olan Rusiya da onlardan üz döndərib. Fransa isə istəsə belə, Ermənistana gərəyincə nə iqtisadi, nə də hərbi yardım edə bilər. Bizim isə NATO üzvü olan Türkiyə kimi qardaşımız, Pakistan kimi dostumuz, İsrail kimi müttəfiqimiz var. Və onlar daim arxamızdadır...

 Azərbaycan dövləti sülh müqaviləsinin imzalanması üçün Ermənistan qarşısında tamamilə doğru şərtlər qoyub. Məsələn, Azərbaycan torpaqlarına iddia edilən mövcud konstitusiyalarının dəyişdirilməsi... Ermənilər həmin şərtləri yerinə yetirməyə məcburdur.

Bütün bunlarla yanaşı, hesab edirəm, Ermənistana qarşı təzminat məsələsini rəsmi şəkildə qaldırmaq və qəti tələb qoymaq lazımdır. Bu ölkənin son 30-35 ildə Azərbaycan vurduğu maddi, iqtisadi zərərlər dəqiq hesablanmalı və beynəlxalq səviyyədə ciddi şəkildə həmin zərərin ödənməsi məsələsi qaldırılmalıdır. Ermənistana açıq demək lazımdır ki, ya təzminatı ödəməlisən, ya da əvəzinə torpaq verməlisən...

– Ümumiyyətlə, 2020-ci ildən bəri Azərbaycan ordusunun əldə etdiyi qələbələrdən sonra indi və yaxud yaxın gələcəkdə Ermənistan dövləti Azərbaycana hücuma keçmək cəsarətinə malik ola bilərmi?

– Qətiyyən. Bunlar hamısı revanşist erməni dairələrinin və onların arxasında duran Rusiya hakimiyyətinin cəfəngiyyat təbliğatıdır. Əvvəla, öncə sadaladığımız səbəblər, xüsusən də müharibə aparmaq üçün Ermənistanın resursları olmaması məsələsi buna imkan vermir. İkincisi də nə qədər ki, Nikol Paşinyan İrəvanda hakimiyyətdədir, o, Azərbaycanla yenidən müharibə başlanmasına imkan verməyəcək. Hazırda göz qabağındadır ki, Kreml tərəfindən dəstəklənən siyasi və dini dairələr Paşinyanı devirməyə çalışırlar ki, yenidən savaşa başlayıb Qarabağ münaqişəsini alovlandırsınlar. Lakin son aylarda da Moskvanın təhriki ilə  erməni kilsəsi tərəfindən ortalığa atılmış erməni keşiş Baqratın başçılıq etdiyi hərəkatın iflasa uğraması da sübut edir ki, erməni toplumu Paşinyanı dəstəkləyir. Ermənistanın gələcəyi üçün onun mövqeyi düzgündür. Paşinyan erməni xalqını Qarabağ yükündən qurtarıb xilas etməyə çalışır. Amma Köçəryan, Sərkisyan kimi avantüristlər və onların keşiş Baqrat kimi əlaltıları Rusiyanın əli ilə hakimiyyətə gəlmək və öz maddi istəklərini həyata keçirmək üçün hər şeyə hazırdırlar.  Deyəsən, artıq erməni xalqı özü də yaxşı başa düşür ki, əlləri Azərbaycan xalqı ilə bərabər öz xalqlarının da qanına batmış quldur Köçəryan, Sərkisyanlardan Ermənistana bir fayda gəlməyib və gəlməyəcək də. Belələrinin hakimiyyətə gəlmə şansları sıfırdır... Artıq Rusiya da onlardan tamamilə üz döndərməkdədir. Başa düşdü ki, bu topluma arxa çevirmək olmaz... Onlar ömürboyu arxalarında duranları satıblar. Vaxtilə Türkiyəni satıblar, İrana da xəyanət ediblər, indi də Rusiyanı satdılar...

– Deyəsən, ermənilər də başa düşdü ki, Rusiyaya da etibar etmək olmaz, anladılar ki, Kreml onlardan bir alət kimi istifadə edir?

–   Bəli, elədir. Onlar bunu tədricən başa düşürdülər. Azərbaycan Ordusunun son qələbələrindən sonra da bunu bir daha anladılar. Paşinyan da onları başa saldı ki, Rusiyadan Ermənistana heç bir fayda yoxdur, Qərbə üz tutmaq lazımdır...

Zənnimcə, Azərbaycan dövlətinin və xalqının indiki dövrdə əsas vəzifəsi işğaldan azad torpaqların köçkün düşmüş sakinlərini mümkün qədər tez qaytarıb həmin əraziləri sürətlə məskunlaşdırmaqdır ki, hərbi-siyasi qələbəmizin dayaqları daha da möhkəmlənsin...

– Rusiya-Ukrayna cəbhəsindəki son durumu necə xarakterizə edərdiniz?

– Ukrayna cəbhəsində vəziyyət gərgin olaraq qalır. Sevindirici və ümidverici hal ondan ibarətdir ki, Qərb, ABŞ, Avropa Birliyi, NATO qəti qərar veriblər ki, Ukraynanın arxasından heç bir vaxt çəkilməyəcəklər və Rusiyanın qalib gəlməsinə imkan verməyəcəklər. Bir müsbət hal da odur ki, artıq Qərb ölkələrinin çoxu, o cümlədən ABŞ, artıq Ukraynaya verdikləri silah və texnikalarla Rusiya ərazisindəki hədəfləri vurmağa icazə verdi. Bu amil Ukraynaya Rusiyanın arxa cəbhəsini, hərbi və infrastrukturunu zəiflətməkdə, hərbi əməliyyatlada üstünlük qazanmaqda  və s. kömək edir.  Artıq Ukrayna cəbhə xəttini müəyyən sahələrində kiçikmiqyaslı da olsa, əks-hücumlara keçir.

– Rusiya lideri Putinin NATO-ya qarşı hərbi blok yaratmaq cəhdlərinə necə baxırsınız? Şimali Koreya və Vyetnama  səfərlər Rusiya üçün bir nəticə verəcəkmi?

– Bəli, bu,  vaxtilə Hitler faşizmi üzərində qələbə çalmış Rusiya kimi böyük dövlət üçün gülünc bir haldır. Həmin səfərlərin Rusiyanın Ukraynaya qarşı müharibədə irəliləməsi üçün ciddi bir faydası olmayacaq. İnformasiyalar gəlir ki, 1000-ə yaxın Şimali Koreya hərbçisi Ukrayna cəbhəsinə yollanmaq üçün Rusiyaya gəlib və yaxud gələcək. Şimali Koreyadan minlərlə hərbçi gəlsə belə, onun heç bir faydası yoxdur. Hərbi bloka gəldikdə, bu da baş tutan sevda deyil, heç bir dövlət Rusiyanın yanında olmaq istəməz.

Bir sözlə, Ukrayna ədalətli müharibə aparır, dünyanın çox hissəsi onu dəstəkləyir, ona görə də qələbə Ukraynanındır...

 

Seçilən
76
50
hafta.az

10Mənbələr