AZ

Azərbaycanda keçiriləcək COP29-a paytaxt sakinlərinin BAXIŞI - SORĞU

Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP)" noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək. BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29-un 2024-cü ilin noyabrında Azərbaycanda keçirilməsi elan ediləndən bəri rəsmi Bakı hazırlıq işlərinə çox da vaxt qalmadığını və işlərə start verdiyini bildirib. Bakıda keçiriləcək COP29 tədbirində yoxsul ölkələrə iqlimlə bağlı vəsait vermək, onlara istixana qazı emissiyalarını azaltmaq və ekstremal havanın təsirlərinə uyğunlaşmaqda kömək etmək üçün inkişaf etmiş ölkələrdən yeni qlobal hədəflərə doğru gəlmək gözlənilir. Azərbaycan mühüm qlobal konfransa ev sahibliyi etməklə beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadiqliyini nümayiş etdirir və bununla da dünya səhnəsində fəal və nüfuzlu oyunçu kimi rolunu gücləndirir. Bəs bu tədbirin ölkəmiz üçün hansı əhəmiyyəti olacaq? SİA olaraq şəhər sakinləri arasında "COP29 beynəlxalq tədbirinin ölkəmiz üçün hansı əhəmiyyəti var?" mövzusunda sorğu keçirdik.

Şəhər sakini Günel Soltanlı: "COP29 tədbirinin keçirilməsi təki Azərbaycan üçün xeyirli olsun. Azərbaycan onsuz da dünyada tanınır. Məncə, Azərbaycanı tanımayan ölkə yoxdur. Son 2-3 il ərzində, müharibə dövründə də qələbəmizi bütün ölkələr tanıdı, bildi. Bu beynəlxalq tədbirlə də daha da yaxşı irəli getməyimiz mümkün olacaq deyə, düşünürəm".

Şəhər sakini Mətanət Bədəlova: "Bu beynəlxalq səviyyəli COP29 tədbirinin ölkəmizdə keçirilməsinə çox yaxşı baxıram. Ölkəmizin tanınması çox yaxşı hadisədir. Hətta bəzi ölkələr var ki, bizi tanımırlar, Azərbaycanın adını eşidəndə belə təəccüblənirlər. Düşünürəm ki, bu, Azərbaycan üçün çox faydalı olacaq. Biz çox qonaqpərvər xalqıq, gələn turistlərin razı qalacağından çox əminəm".

Şəhər sakini İsmayıl İsmayılov: "Bu beynəlxalq tədbir dünyada hər yerdə keçirilirsə, niyə bizdə də keçirilməsin? Özümə də maraqlıdır ki, necə olacaq. Birinci dəfə COP29 tədbirinin necə keçirildiyinin şahidi olacağam. Məncə, Azərbaycanda keçirilməlidir, çox maraqlı olacaq. Azərbaycan beynəlxalq tədbirlərin öhdəsindən güclə də olsa, gələ bilir. Bəzi şeylər var ki, razı qalırlar, bəzi şeylər də var ki, razı qalmırlar. Amma öhdəsindən də gələrik. Bu qədər hazırlıq gedir, təmir işləri aparılır. Məncə, çox yüksək səviyyədə olacaq".

Şəhər sakini Firudin Qurbanov: "COP29 tədbirinin keçirilməsinə çox müsbət yanaşıram. Bizim ölkə başçımız çox yaxşı insandır. Bu, öz subyektiv fikrimdir. Bütün dünyada ekologiyaya görə böyük mübarizə gedir. Bizim Prezidentimiz çox gözəl qərar qəbul edib. Bütün dünyanı Azərbaycana, Bakıya cəmləyir. Hətta köhnə maşınları da lazım olan, qayda-qanun çərçivəsində ultizasiya edir. Bu, çox müsbət haldır. Çünki kimin əlinə beş manat keçirsə, gedib maşın alır, pul qazanmaq üçün küçələrə düşür. Bu da düzgün deyil. Ona görə də Qarabağın boş qalmaması üçün burada işləmək istəməyənlər oraya getsinlər. Zəhmət çəkib işləsinlər, öz ailələrini saxlasınlar, xalqın da qulluğunda dayansınlar. Minlərlə şəhid vermişik, ona görə yox ki, gəlib Bakıda 3-5 manat qazanıb dayansınlar. Onlar Vətən də başa düşmürlər. Prezidentimizin kursu çox düzdür. O padşah, mən isə sadə vətəndaşam. Amma mən vətəndaşlıq borcumu yerinə yetirib deyirəm. Vaxt gələcək xalq daxildə baş qaldıranları tanıyacaq, yenə də Prezidentin arxasınca gedəcək. Onu dəstəkləyənlər bütün Azərbaycan xalqının 90%-dir. Prezidentimiz Allahın Rəsuludur. Allahın izni olmasa, heç bir padşah dövlətin başına gələ bilməz. Padşaha qarşı danışmaq Allaha qarşı danışmaq deməkdir. Mən əsl azərbaycanlıyam. Bizim bir düşmənimiz var ki, o da ermənidir. Prezidentimizi istəməyən kimsə bütün Azərbaycan xalqının düşmənidir".

Şəhər sakini Leyla Hüseynova: "COP29 tədbirinin Azərbaycanda keçirilməsinin Azərbaycan üçün böyük əhəmiyyəti var. Ona görə ki, bu, diqqətdir. Azərbaycana bunun həvalə edilməsi çox önəmlidir. Bu qədər dövlət içində Azərbaycanı seçmək, ona səlahiyyət vermək çox qürurludur. Bütün Avropa indi Azərbaycanı tanıyır. Azərbaycan dünyaya qaz satdığına görə tanıyırdılar. COP29 tədbirinin keçirilməsinin iqtisadiyyat, turizm üçün çox faydalıdır. Ölkəmizə daha çox diqqət gələr.

Yadımdadır ki, "Avroviziya", Formula1 və s. beynəlxalq tədbirlər keçirildi. Ondan sonra nə qədər turist Azərbaycana gəldi. Ümumiyyətlə, Avropa Azərbaycanı tanımırdı, onlar elə başa düşürdülər ki, Azərbaycan inkişaf etməmiş Asiya ölkəsidir. Ancaq gəlib görəndə çox təəccübləndilər. Bundan sonra Azərbaycana gəlmək istəyirdilər. Mən inanıram ki, COP29-dan sonra da daha çox turist gələcək. Şəhərin isə təmir olması ona görə pisdir ki, yolları bağlayıblar. Şəhərimiz onsuz da gözəldir. Ancaq fikirləşirəm ki, turistləri Qarabağa da aparacaqlar. Hər gələn turist Azərbaycanın gözəlliklərini görəcək. Bu tədbir tələbələr, könüllülər üçün böyük təcrübə olacaq".

Şəhər sakini Gülbəniz Məmmədzadə: "Çox şadam ki, Azərbaycanda belə tədbirlər keçirilir. Ölkəmiz çox inkişaf edir. Bu beynəlxalq tədbirlərin öhdəsindən çox yaxşı gəlirik. COP29 tədbirini də yüksək səviyyədə keçirəcəyik".

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
43
sia.az

10Mənbələr