AZ

Böyük Qayıdış: Xankəndidə açılan yeni səhifələr

Prezident İlham Əliyev: "Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq"

Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi önəmli vəziflərdən biridir. Burada - azad edilmiş torpaqlarda görülən işlərin miqyası günbəgün genişlənir. Ermənilərin viran qoyduqları ərazilər, xarabazarlığa çevirdiyi yerlərdə sürətlə bərpa işlərinin aparılması, tarixdə görünməmiş bir hadisə kimi diqqətdədir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirmişdir: "Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq. Bununla paralel olaraq, bütün sosial infrastruktur inşa edilir, xəstəxanalar, məktəblər, idman obyektləri, infrastruktur obyektləri, yollar, 130-dan çox tunel və körpü, - 40 tunel və 90 körpü, - inşa edilir. Yəni, bu, sadəcə olaraq işin miqyasını göstərir, bütün elektrik təsərrüfatı yenidən qurulub, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında açılacaq. Yəni, geniş quruculuq işləri görüləcək. Əlbəttə ki, köçkünlər üçün yeni evlər, bütün müasir şəhərsalma qaydalarına uyğun olan yaşayış yerləri qurulacaq və tarixi şəhərlərimizin tarixi siması bərpa ediləcək".

Əlbəttə ki, bu gün işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi də əsas məsələlər sırasındadır. Bildiyimiz kimi, Ermənistan Ağdam, Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə minaya dair xəritələrini Azərbaycana təhvil verib. İlk olaraq Ağdamda, daha sonra isə Füzuli və Zəngilanda basdırılmış minaların xəritələrinin Ermənistandan alınması on minlərlə vətəndaşın, o cümlədən, minatəmizləyənlərin həyatının təhlükədən xilası deməkdir. Minaların təmizlənməsi maliyə itkisi ilə yanaşı, vaxt itkisinə də səbəb olur. Ermənistanın basdırdığı minalar mülki əhalinin təhlükəsizliyi, sağlamlığı və həyatı üçün ciddi təhlükə törədir və ya azad edilmiş ərazilərdə sosial-iqtisadi inkişafa mane olur. İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 350 nəfər vətəndaşımız mina qurbanı olub, onlardan 65-i həlak olub, 285-i ağır yaralanıb. Ümumilikdə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3429-a yaxın vətəndaşımız minalardan zərər çəkib, onlardan 595-i həyatını itirib. Mina qurbanlarının 357-si uşaq, 38-i isə qadınlar təşkil edir. "Əfsuslar olsun ki, biz hər həftə belə ağır xəbərləri eşidirik. Minalardan təmizləmə prosesi gedir, 120 min hektar artıq təmizlənib, amma minalanmış ərazi qat-qat daha genişdir. Bütün bunlara baxmayaraq, keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesi uğurla gedir."

QARABAĞ UNİVERSİTETİNDƏ 27 İXTİSAS ÜZRƏ 1120 TƏLƏBƏ TƏHSİL ALACAQ

Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir. Xankəndi də yeni bir dövrünə qədəm qoyub. 1991-ci il dekabrın 26-da Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni separatçıları tərəfindən işğal edilmişdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xankəndi şəhəri Rusiya sülhməramlılarının nəzarətinə keçmiş, sülhməramlı qüvvələrinin mərkəzi qərargahı burada yerləşdirilmişdir. 19–20 sentyabr 2023-cü ildə Azərbaycan ordusunun keçirdiyi lokal xarakterli antiterror əməliyyatının nəticəsində 29 sentyabrdan Azərbaycan polisi şəhərə nəzarəti bərpa etmişdir. 15 oktyabr 2023-cü ildə Azərbaycan prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını qaldırmış və 8 noyabr 2023-cü ildə şəhərdə İkinci Qarabağ Müharibəsində əldə olunmuş qələbəyə həsr olunmuş təntənəli hərbi parad keçirilmişdir.

İulun 5-də Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndi şəhərinə səfəri çərçivəsində görülən işlərlə tanış olub. Burada Cənab Prezidentin Sərəncamı ilə Qarabağ Universiteti yaradılıb. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il noyabrın 28-də "Qarabağ Universitetinin yaradılması haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində "Qarabağ Universiteti" publik hüquqi şəxs yaradılıb. Universitet binasının fasadında rəngləmə işləri aparılıb, əsas giriş hissənin isə tarixi formasına qaytarılması üçün əlavə dəyişikliklər edilib. Binanın dəhlizlərinin döşəmələri sökülərək yenilənib. Daxili divarların suvağı təzələnib, suvaqaltı kommunikasiya xətləri dəyişdirilib. Bütün otaqlar müasir tələblərə uyğun mebel və avadanlıqlarla təchiz olunacaq. Universitetin ərazisində geniş abadlıq işləri görülüb. Binanın qarşısındakı park sökülərək müasir tələblərə uyğun yeni park salınıb.

Ölkənin və regionun ehtiyacları, həmçinin beynəlxalq əmək bazarının müasir trendləri nəzərə alınmaqla, ilkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə - Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində aparılacaq. 2024/2025-ci tədris ili üçün universitetdə ümumilikdə 27 ixtisas üzrə 1120 tələbənin təhsil alması nəzərdə tutulur. Bundan əlavə, universitetdə 8 ixtisas üzrə SABAH qrupları yaradılacaq. Müxtəlif ali təhsil müəssisələrinin birinci tədris ilini (kursunu) bitirmiş tələbələri arasında imtahan və müsahibə keçirilməklə əlavə olaraq 200-250 tələbənin də sentyabrda Qarabağ Universitetinin SABAH qruplarında təhsil alması planlaşdırılır. Bununla bağlı müvafiq elan verilib və qeydiyyat prosesi başlanılıb.

Qəbul aparılacaq ixtisaslar üzrə yeni məzmunlu təhsil proqramlarının hazırlanması işinə start verilib. Beynəlxalq təcrübəyə əsaslanmaqla müasir dövrün tələblərinə uyğun olaraq Qarabağ Universitetinin strukturu hazırlanıb və təsdiqlənib. Eyni zamanda, Qarabağ Universiteti tərəfindən ştat cədvəli təsdiq edilib və ilkin olaraq universitetdə zəruri vəzifələr üzrə təyinatlar aparılıb. Universitetin inzibati və elmi-pedaqoji kadr potensialının daha peşəkar formalaşdırılması üçün ardıcıl olaraq bir sıra vəzifələr üzrə vakansiya elanları verilib. Qarabağ Universitetinin loqo, brendinq və promo məhsullarının, sosial media strategiyasının, tanıtım videoçarxlarının hazırlanması istiqamətində işlər davam etdirilir. Qarabağ Universitetində təhsil alacaq tələbələr üçün bir sıra imtiyazlar da nəzərdə tutulub. Belə ki, burada təhsil alacaq tələbələr ödənişsiz mənzil tipli yataqxana, təqaüd, həmçinin kompüterlə (notbuk) ilə təmin olunacaqlar. Ən yüksək bal toplayan tələbələrə əlavə təqaüd veriləcək. Tələbələr üçün ekoloji təmiz universitet şəhərciyi yaradılacaq.

"QARABAĞ" HOTELİ

Ötən ilin sentyabrında 24 saatlıq antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün tam bərpasından sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, Xankəndi şəhərində "Qarabağ" hotelində təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə başlandı. Yenidənqurma işlərindən sonra bina ilkin görkəminə qaytarılıb.

Dövlət başçımızın Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra "Qarabağ" hotelinin açılışını edib. Hotel ötən əsrin ortalarında istifadəyə verilib. Hotelin keçmiş adı da qaytarılıb və "Qarabağ" adı ilə fəaliyyət göstərəcək. Müasir səviyyəyə çatdırılan hoteldə Xankəndi şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Burada müxtəlif kateqoriyalı otaqlar var. Binada restoran da qonaqların ixtiyarına veriləcək. Hoteldə işgüzar görüşlər və tədbirlər keçirmək də mümkün olacaq.

MÜASİR TƏLƏBLƏRƏ CAVAB VERƏN MƏRKƏZLƏR

İşğaldan azad olunan ərazilərimizdə görülən işlər sırasında Şuşa Otel-Konqres Mərkəzilərinin açılışı da diqqəti çəkəndir. Bir il bundan əvvəl Şuşa Otel-Konqres Mərkəzi Kompleksi istifadəyə verilib. Erməni işğalı dövründə burada Azərbaycan Prezidentinin təbirincə desək, "şeytan yuvası" – "parlamentin" binasının tikintisi planlaşdırılırdı. Ancaq indi həmin yerdə beşulduzlu otelin açılışı gerçəkləşdirilmişdi. Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin xarici görünüşündə ornamental kompozisiyalar və milli memarlıq elementləri tətbiq olunub. Nadir memarlıq həlli ilə diqqəti cəlb edən, dörd mərtəbədən və zirzəmidən ibarət Şuşa Otel-Konqres Mərkəzi Kompleksində 154 otaq, konfrans və ziyafət zalları, restoran, hovuz, SPA, fitnes və digər xidmət bölmələri yaradılıb. Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin texniki təchizatı, idarəetmə və enerji təminatı sistemi beynəlxalq standartlara uyğun qurulub. Bununla yanaşı, binada ən yüksək texniki normalara uyğun havalandırma sistemləri tətbiq olunub. Qeyd edək ki, Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin kitabxanasında 1000-ə qədər kitab mövcuddur. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY, ölkəmizdəki bir sıra səfirliklər (Türkiyə, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan, Türkmənistan) və Tatarıstanın daimi nümayəndəliyi bu kitabxanaya ümumilikdə 215-ə qədər kitab hədiyyə edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi Konqres Mərkəzinin də təməlini qoyub. Konqres Mərkəzinin ümumi sahəsi 6 min kvadratmetr, tikintialtı sahəsi isə 2 min kvadratmetrə yaxın olacaq. Mərkəzin dörd mərtəbədən və bir zirzəmi qatından ibarət binasında müxtəlif tədbir və ziyafətlərin keçirilməsi üçün zallar olacaq. Burada əyləncə və istirahət üçün idman zalı, qapalı hovuz və SPA zonası da yaradılacaq. Burada ən müasir iaşə məkanları da yaradılacaq. Binanın birinci mərtəbəsində "Lobby Lounge & Terrace" restoranı fəaliyyət göstərəcək. Qarabağın özünəməxsus memarlıq üslubunda inşa ediləcək kompleksdə ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ən müasir tələblərə uyğun şərait yaradılacaq.

Xankəndi şəhərində görülən işlər sırasında əsaslı təmir və bərpadan sonra "Palace" hotelinin də açılışı olub. Hoteldə müxtəlif tipli 54 otaq var. Burada ən müasir iaşə məkanları da yaradılıb. Lobbi, açıq və qapalı terras zonalarından ibarət restoranda 300 qonağı qəbul etmək imkanı olacaq. Bundan başqa, burada səhər yeməyi restoranı, "Şirin Coffee & Bakery", "Cafe Park-Fast Food" və "Dəfnə" restoranları fəaliyyət göstərəcək. Hotelin əyləncə və istirahət zonalarında SPA, sauna və qapalı hovuz, idman zalı yaradılıb. Xankəndinin mərkəzində yerləşən "Palace" otelindən açılan gözəl mənzərə qonaqların zövqünü oxşayacaq.

İkinci Qarabağ müharibəsində qazanılan şanlı qələbədən sonra Qarabağda və Şərqi Zəngəzurda çox böyük infrastruktur layihələr icra olunur, şəhərlər və kəndlər yenidən salınır, yollar çəkilir, dayanıqlı məskunlaşma üçün nəhəng işlər həyata keçirilir. Keçmiş məcburi köçkünlər, erməni işğalı nəticəsində əziyyət və yurd həsrəti çəkmiş insanlar öz dədə-baba yurdlarına qayıdırlar. Azərbaycan dünyada yeganə ölkədir ki, ağır müharibədən dərhal sonra işğaldan azad edilən torpaqlarda bərpa və yenidənqurma işlərinə başlayıb. Bütün bunlar keçmiş məcburi köçkünlərin bundan sonra da mərhələli şəkildə doğma yurd-yuvalarına qayıtmalarına imkan verəcəkdir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
35
sesqazeti.az

10Mənbələr