AZ

İslamda Məhərrəm ayı və Məhərrəmlik: Peyğəmbərin nəvəsinə yas saxlamalıyıqmı?

Elm və Təhsil Nazirliyinin Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə, Hicri-qəməri təqvimi ilə 1445-cü il başa çatıb. Yeni 1446-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2024-cü il iyul ayının 7-nə təsadüf edib. Aşura günü isə iyul ayının 16-da olacaq. Bu münasibətlə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası , ölkəmizdə Məhərrəm ayının başlanmasını elan edib.

Maraqlıdır, milli və mənəvi dəyərlər baxımından, bu ayın əhəmiyyəti nədən ibarətdir? İslamda, onun müqəddəs kitabı “Qurani-Kərim”də Məhərrəm ayı barədə nələr qeyd olunur? Bu ayda bəzi dini ritualların həyata keçirilməsi mütləqdirmi?

Mövzu ilə bağlı Medianews.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutunun dosenti Elvüsal Məmmədov deyib ki, Məhərrəm ayı Məhərrəmlik mərasimindən fərqlidir.

Alimin sözlərinə görə, Məhərrəm hicri-qəməri təqviminin birinci ayıdır, amma Məhərrəmlik mərasimdir və təxminən 40 gün çəkir: “Məhərrəm ayı hələ İslamdan qabaq ərəblərdə, Sami ənənəsində hörmətə, ehtirama layiq ay hesab olunurdu. İslam ənənəsində Məhərrəm ayı hər şeydən əvvəl hicri-qəməri təqviminin birinci ayıdır. Məhərrəm ayı hörmətə, ehtirama layiq görülən dörd aydan biridir. Məhərrəm ayı müsəlmanların nəzdində müəyyən ibadətlərin, xüsusən də oruc ibadətinin üstün tutulduğu aydır. Peyğəmbər bildirmişdir ki, ramazan ayından sonra ən fəzilətli oruc Məhərrəm ayında tutulan orucdur. Məhərrəm ayı müsəlmanların nəzərində qurtuluş ayıdır, xilas olmaq ayıdır. Hədislərdən məlum olur ki, Musa peyğəmbərin öz xalqı ilə birlikdə Misir fironunun zülmündən məhz bu ayda xilas olub. Ona görə “Qurani-Kərimdə” bu günlər, yəni Musa peyğəmbərin xalqının firondan xilas olma günləri əyyamullah – allahın günləri adlandırılır. Peyğəmbərimiz də Məkkədə müşrik ərəblərinin zülmündən qaçaraq məhz məhərrəm ayında Mədinəyə hicrət edib”.

İlahiyyatçı-alim bildirib ki, Məhərrəmlik tarixin müəyyən dövründə baş verən siyasi hadisələr fonunda meydan çıxan mərasimdir: “Bu mərasim şiə müsəlmanlar tərəfindən xüsusi etina və diqqətlə qeyd olunur. Onlar bu ay gəldikdə xüsusi mərasimə hazırlaşırlar, toy etmirlər, şənlik keçirmirlər. Qırx gün boyu Həzrəti Hüseynə yas tutub, ağlayırlar. Bu ayda toy edib-etməməyə, yaxud şadlanmağa və digər məsələlərə gəlincə, istər sünni, istərsə də şiə məzhəb hüququnda bunları qadağan edən heç nəyə rast gəlmirik. Ümumiyyətlə, bir insanın dünyadan köçməsi digər insanın ailə həyatı qurmasına mane olmur. İslam şəriətində belə bir qadağa mövcud deyil. Odur ki, Məhərrəm ayında insanlar toy da edə bilərlər, şadlana da bilərlər. Amma adət-ənənə baxımından Azərbaycan xalqının adətində də belə bir yanaşma mövcuddur ki, əgər qonşuda yasdırsa, digər qonşunun evində toy olmamalıdır. Bu baxımdan Məhərrəmlik ayında dinin tələbi olduğu üçün deyil, məhz digər müsəlmanlara, onların ağrı-acısına ehtiram əlaməti olaraq toy etmək, yaxud şadlanmaq, açıq şəkildə, nümayişkəranə formada şənlənmək münasib hesab olunmur”.

E.Məmmıdov deyib ki, tarixin müəyyən dövründə baş verən proseslər zəminində şəhid olmuş Həzrəti Hüseynin xatirəsinə yasın saxlanılması barədə İslamda hər hansı göstəriş, tələb yoxdur: “Şiə müsəlmanlar bu ayda yas saxlaylırlar. Bu, artıq şiəlik məktəbinin, Həzrəti Hüseyn tərəfdarlarının ona olan baxışının fəlsəfi nəticəsi kimi özünü göstərən haldır. Bunu İslamın göstərişi kimi qəbul etmək qətiyyən düzgün deyil. Eyni zamanda Həzrəti Hüseyn peyğəmbərin nəvəsidir. Peyğəmbərin nəvəsi olmağı ona olan münasibəti əlbəttə ki, fərqli edir”.

Nailə QASIMOVA

Seçilən
111
medianews.az

1Mənbələr