AZ

Ersin Tatar: Şimali və Cənubi Kipr birləşib Aİ-yə üzv olsa, Türkiyə adadan çəkilməli olacaq - MÜSAHİBƏ

Prezident İlham Əliyevin təşəbbüsü ilə iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçirildi.

Sammitdə Azərbaycan lideri ilə yanaşı, TDT-nin Baş katibi, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın prezidentləri, Türkiyənin vitse-prezidenti, Macarıstanın Baş naziri iştirak etdilər.

Tədbirə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar isə müşahidəçi qismində qatıldı.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bu məsələdə göstərdiyi həssaslığa görə Prezident İlham Əliyevə xüsusi təşəkkürünü ifadə etdi.

“Cənab Tatarın qarşıdakı Bişkek Zirvə görüşünə də qatılmasını arzu edirik və bu məsələdə Sizlərin dəstəyini gözləyirik”, - deyə o əlavə etdi. ŞKTC Prezidenti Ersin Tatar isə Şuşadakı tarixi Zirvə görüşünə dəvətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

“Report” Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündən sonra Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatarla bu tarixi hadisə, eləcə də ŞKTC-nin TDT-yə üzvlüyü, Xankəndi ziyarəti, Şimali Kipr və Cənubi Kiprin birləşdirilməsi kimi məsələlər ətrafında həmsöhbət olub:

- ŞKTC artıq müşahidəçi qismində TDT görüşlərinə qatılır və Azərbaycan Prezidentinin dəvəti ilə Şuşada Zirvə görüşündə iştirak etdiniz. Bu tarixi hadisə barədə nə deyə bilərsiniz?

- Cənab İlham Əliyevə bizi buraya dəvət elədiyi üçün çox təşəkkür edirəm! Azad edilən torpaqlarda, Şuşada, Qarabağda belə bir tarixi Zirvə keçirdik. Ona görə tarixi Zirvə deyirəm ki, bütün Türk dünyası, Türk dövlətləri oradaydı və hamımız birlikdə göstərdik ki, Azərbaycan qardaş dövlətdir. 2020-ci ildə Qarabağda ermənilərin 30 illik işğalı sona çatdırıldı və Azərbaycan artıq tarixi torpaqlarına qovuşub. Bu gün Qarabağda böyük bir inkişaf var, yollar, tunellər, körpülər, binalar, məktəblər tikilir, sentyabrda Qarabağ Universiteti fəaliyyətə başlayacaq. İşğaldan azad edilən ərazilərdə bir sıra mühüm infrastruktur layihələri həyata keçirilir və həmin layihələrin həyata keçmə sürəti möhtəşəmdir.

Şuşada böyük bir həyəcan var və bu həyəcanla, bəlkə də, gələcəkdə Şuşa tarixi, mədəniyyəti, sənəti, memarlığı ilə Bakıdan sonra ən görkəmli şəhər olacaq. Ona görə də orada olmaqdan böyük qürur və məmnunluq hissi keçirdim. Oradakı tarixi mədəniyyət abidələrinin hamısını gəzdik, yeni binalar, evlər böyük bir işin ortaya qoyulduğunu göstərir. Mən xüsusilə Prezident və Ali Baş Komandan İlham Əliyevi təbrik edirəm, çünki onun liderliyində bütün bu uğurlara imza atılıb. Onun cəsarəti ilə Azərbaycan inşallah növbəti illərdə iqtisadiyyatını daha da inkişaf etdirəcək və regionda daha da güclü bir türk dövləti olaraq yola davam edəcək.

Biz hamımız eyni soydan gələn türk dövlətləriyik, eyni millətin övladlarıyıq. Ona görə də mən bəzən “bir millət, üç dövlət” ifadəsini işlədirəm. Azərbaycan və Türkiyəyə “bir millət, iki dövlət” deyirlər, ancaq mən buraya Şimali Kipr Türk Cümhuriyyətini də qatıram. Heydər Əliyev muzeyini ziyarətim zamanı həmin muzeydə Ümummilli Lider Heydər Əliyevin səsindən bir video var. O videoda Heydər Əliyev deyir ki, Qafqaza, Anadoluya və Aralıq dənizinə çox önəm verir. Çünki neft-qaz Anadolunun Ceyhan bölgəsindən Aralıq dənizinə qədər gedir, ona görə də Aralıq dənizi çox önəmlidir.

- Bu sıx münasibətləri nəzərə alsaq, gələcəkdə Şimali Kipr Türk Cümhuriyyətinin TDT-yə üzvlüyü məsələsi gündəmə gələ bilərmi? Bu istiqamətdə hansısa addımlar atılırmı?

- Əlbəttə, gələcəkdə bu məsələ mütləq gündəmə gələcək. Biz hazırda TDT-yə müşahidəçi ölkə missiyamızı davam etdiririk. Gələcəkdə münasibətlər daha da inkişaf edəcək. Hər kəsin dəstəyini almaq üçün bir sıra məsələləri həll etmək, siyasi bir sıra proseslərdən keçmək lazımdır. Ancaq müşahidəçi missiyası, həqiqətən də, Şimali Kipr Türk Cümhuriyyətinə mühüm bir yer qazandırıb. Çünki hazırda bizim nazirliklərimiz, nazirlərimiz, QHT-lərimiz, ticarət və sənaye palatamız, təhsillə bağlı qurum və təsisatlarımız TDT-nin fərqli ölkələrdəki tədbirlərinə, iclaslarına qatılırlar. Bunları idarə edən təşkilatın baş katibliyidir. Gün gələcək TDT Türk Birliyinə (İttifaqı) çevriləcək. Necə ki Avropa İttifaqı var, Türk Birliyi də olacaq.

Ona görə də gələcəkdə 200 milyondan çox əhalisi olan TDT-nin Türk Birliyinə çevrilməsi ilə türk dövlətləri arasındakı ticarət, iqtisadi əlaqələr, mədəni münasibətlər daha da inkişaf edəcək, gənclər arasında əlaqələr güclənəcək, eyni əlifba ilə ünsiyyət qurmaları bizi daha güclü gələcəyə aparacaq. Fərqli ləhcə və əlifbalarımızın gələcəkdə uyğunlaşdırılması çox vacib məsələdir. Ona nail olduqda Türk Birliyi, həqiqətən də, potensialı və təsir baxımdan xalqlarımıza əsaslı rifaq verə biləcək.

- İyulun 5-də Xankəndi şəhərini ziyarət etdiniz? Siz bu şəhəri ziyarət edən ilk xarici ölkə prezidentisiniz. Səfər sizdə hansı hissləri yaratdı?

- Xankəndi tarixi bir yerdir, o da Şuşa kimi yenidən inşa edilir. Orada Qarabağ Universitetini ziyarət elədim. Bu, böyük hadisədir. Belə bir tarixi anı yaşadığım üçün qürur duydum. Qarabağ azad edildikdən sonra bu bölgələri ziyarət etməkdən böyük fəxarət hissi keçirdim. Oradakı bərpa-quruculuq işlərini həyata keçirən hər kəsə uğur arzulayıram, çünki heç də asan iş deyil, 30 illik işğaldan sonra tarixi binaların restavrasiyası böyük güc tələb edir.

- Son olaraq Şimali Kipr və Cənubi Kipr məsələsinə diqqət çəkmək istəyərdim. Bir müddət əvvəl Şimali və Cənubi Kiprin bir federasiya altında birləşdirilməsi məsələsi gündəmə daşınırdı. Bu məsələ barədə mövqeyiniz nədən ibarətdir?

- Bəli, yunanlar bizi federal dam altında birləşdirib Türkiyəni regiondan uzaqlaşdırmaq istəyirdilər. Onların bütün dərdi Türkiyənin Kiprdən çıxıb getməsidir. İstəyirlər ki, Şimali və Cənubi Kipr birləşib birlikdə Avropa İttifaqına daxil olsun. Ancaq biz birləşib Aİ-yə üzv olsaq, Türkiyə Kiprdən çəkilməli olacaq, qarant rolu bitəcək, elə yunanların niyyəti də budur. Onlar yunanları Şimala söykəmək istəyirlər. Belə olarsa, bütün Kipr yunan dövləti olar.

Biz belə bir oyuna alət olmamalıyıq, olmayacağıq. Biz Kiprin şimalında müstəqil türk dövlətinin fəaliyyətini davam etirməsini müdafiə edirik. Çünki müstəqil türk dövləti ilə Türkiyə istədiyi kimi razılaşmalar həyata keçirə bilər. Bununla yanaşı, TDT-də təmsil oluna bilirik. Əgər suveren dövlət deyilsənsə, sənin başqaları ilə razılaşma, əməkdaşlıq etmək şansın olmur. Aİ-yə üzv olandan sonra sənin atdığın hər addıma Brüssel qərar verir. Brüssel də deyir, otur oturduğun yerdə, bizim türk dünyası ilə işimiz yoxdur, bura Avropa İttifaqıdır.

Yəni bu yol seçilsə, əl-qolumuzu bağlayıb, türk dövlətləri ilə əlaqələrimizi qoparıb, bizi Aİ içərisində əridəcək, təkləşdirəcəklər. Mən Avropa İttifaqına qarşı deyiləm, ancaq bunu şimalda müstəqil bir dövlət olaraq edə bilərik, birləşərək yox. Əgər müstəqil dövlət olmasaq, bizi assimilyasiya edib, yox edərlər. Müstəqilliyimiz bizim üçün dəyərlidir.


Seçilən
40
50
news365.az

10Mənbələr