AZ

Orta Dəhliz: Ələt Azad İqtisadi Zonasına yeni nəfəs verəcək

Çin şirkətləri Ələt Azad İqtisadi Zonasında öz məhsullarını istehsal edə bilərlər.

Bunu Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov jurnalistlərə açıqlamasında deyib.

Qeyd edib ki, bu yanaşma Çinə əlavə nəqliyyat xərclərindən qaçmağa və azad iqtisadi zonanın üstünlük və imkanlarından yararlanmağa imkanı verəcək.

“Azad iqtisadi zonanın Orta Dəhlizdə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) yerləşməsi təsadüfi deyil. Biz Çin şirkətlərini Azərbaycanda görməyə şad olarıq. Çinin Avropa üçün məhsulları Azərbaycanda istehsal etməsi daha sərfəlidir”, - deyə o bildirib.

Maraqlıdır, Çinin Ələt Azad İqtisadi Zonasında öz məhsullarını istehsal edən müəssisələr açması Orta Dəhlizin tam olaraq reallaşmasına təkan verəcək? Çinin bu zonada öz istehsal müəssisələrini açması başqa ölkələrin şirkətlərini bu zonaya marağını artıracaq? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov “Cebhe.info”-a şərhində qeyd edib ki, Orta Dəhliz çox böyük bir layihədir:

“Hesab edirəm ki, Çin şirkətlərinin Ələt Azad İqtisadi Zonasında istehsal müəssisələri açması bu dəhlizin yükdaşıma qabiliyyətinə çox ciddi təsir göstərəcək. Məhz Orta Dəhliz layihəsi bir sıra kommunikasiyaları özündə birləşdirərək geniş bir regionu əhatə edir. Çin məhsullarını istehsal edən şirkətlərin Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərməsi nəticəsində Orta Dəhlizin yükdaşıma həcmini daha da artıracaq”.

Müxtəlif ölkələrin şirkətlərinin Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərməsinə gəlincə, R.Həsənov bunun mümkün olduğunu vurğulayıb:

“Qlobal iqtisadi proseslər fonunda şahidi olmuşuq ki, istənilən investorun hər hansı bir zonada əlverişli imkanlardan istifadə edərək öz biznesini genişləndirməsi digər beynəlxalq investorların həmin zonaya cəlb olunmasına təkan verir. Bu praktika təşviqat fəaliyyəti kimi tətbiq oluna bilər. Əlverişli iqtisadi şərtlər daxilində beynəlxalq investorlar sözügedən zonada optimal qiymətə malik olan məhsul istehsal edə bilərlər”.

Ekspert bildirib ki, Ələt Azad İqtisadi Zonasının iqtisadi və strateji əhəmiyyətini artırmaq üçün nəhəng ölkələrin şirkətlərinin zonaya cəlb edilməsi zəruridir:

“İstənilən halda dünyanın hər yerindən investorları ölkəmizə cəlb etmək lazımdır.  Hazırda bu istiqamətdə ciddi işlər aparılır. Bir çox beynəlxalq investorların cəlb edilməsi və ölkəmizdə ixracyönümlü məhsulların istehsalının təşkili baxımından bu çox vacib amildir. Ələt Azad İqtisadi Zonasının müasir infrastrukturunun qurulması fonunda Azərbaycan bu istiqamətdə daha da lazımi addımlar atacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
cebheinfo.az

1Mənbələr