AZ

"Vətəni ağ günə çıxarmaq"... Neft Fondunun misilsiz missiyası və yeni çağın qaçılmaz çağırışları

Yazıçı Valentin Pikul nefti “ yağlı, qara, satılan gözəl” adlandırmışdı. Bəs bu “qara gözəllik” ona sahib olana ağ gün gətirirmi? Bir şeirində neftlə zəngin Vətəninə xitabən xalq şairimiz yazırdı: “Qara neftin qurtaranda ağ günə çıxacaqsan”. Ancaq dünyada qara neftin sayəsində ağ günə çıxan ölkələr də var axı. Nədən onlardan biri olmayaq?! ...Bakının müasir göydələnləri arasında özünəməxsus görkəmi ilə seçilən bir bina var. İnşaat aləmində “BREEAM Assessment” adlanan qiymətləndirmə dərəcələrinin tələblərinə uyğun tikilmiş, yaşıllıq və geniş infrastrukturla əhatə edilmiş bu bina Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) binasıdır. 1999-cu il dekabrın 29-da Ulu Öndər Heydər Əliyevin qərarı əsasında Azərbaycan Respublikası Dövlət Neft Fondu təsis olunub. 2000-ci il dekabrın 29-da ARDNF-nin Əsasnaməsi təsdiq edilib. Yarım il sonra isə daha bir fərmanla Fondun vəsaitlərinin yerləşdirilməsi qaydaları qüvvəyə minib və qurum tam işə başlayıb. ARDNF artıq 20 ildən çox müddətdə Azərbaycana şərəflə, saflıqla və şəffaflıqla xidmət edir. Qurum ölkədə makroiqtisadi sabitliyin qorunması ilə yanaşı, ölkənin sosial-iqtisadi tərəqqisi naminə nəhəng ümummilli layihələrin maliyyələşdirilməsini və neftin satışından əldə edilən gəlirlərin şəffaf, səmərəli idarə edilməsini və gələcək nəsillərə saxlanılmasını təmin edir. Bu isə dünya təcrübəsində istifadə olunan üç vəzifənin – stabilizasiya, inkişaf və gələcək nəsil fondu konteksində eyni qurum daxilində yerinə yetirilməsi kimi unikal təcrübədir. "Əsrin müqaviləsi" çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda hasil olunan xam nefti dünya bazarına çıxarmaq üçün inşa edilmiş Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsi, “Bakı-Tbilisi-Qars dəmiryolu” və “Cənub qaz dəhlizi” kimi nəhəng layihələrin də reallaşmasının təşəbbüskarı və lideri kimi çıxış etməsi, sosial məsələlər çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində yurd-yuvasından didərgin salınmış insanların sosial-məişət vəziyyətinin yaxşılaşdırılması, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi, Samur-Abşeron kanalının rekonstruksiyası mühüm işlərin bir qismidir. Prezident İlham Əliyev dəfələrlə deyib “Biz neft kapitalını insan kapitalına çevirməliyik”. Bu sadə cümlə yeni bir strategiyanı - sürətli inkişaf və modern dövlət quruculuğu naminə təbii resurslarla insan resurslarının sinergetikasını nəzərdə tuturdu. Yəni neft-qaz gəlirləri sayəsində mükəmməl fiziki hazırlığı və dayanıqlı sağlamlığı, zəngin intellektual və yüksək mədəni səviyyəsi olan yeni insan  modelinə keçid deməkdir. Belə ali prioritetə elm və təhsilin tərəqqisi ilə çatmaq olar. Odur ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı", “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı"nın maliyyələşdirilməsində ARDNF, əsas instrumentə çevrildi. “Gələcək nəsillər üçün yığım” fondu kimi fəaliyyətə başlayan ARDNF hazırda 57 milyard dollardan yüksək olan aktiv portfelini idarə edir, əsas kapitalın itirilməsi riskinin aşağı olması şərtilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasəti həyata keçirir. Uzunmüddətli hədəflərdən biri kimi Fond portfelinin məcmu dəyərinin maksimum 50%-ni borc öhdəlikləri və pul bazarları alətlərinə, 25%-ni səhmlərə və 10%-ni daşınmaz əmlaka, 15%-ni isə qızıla yatırmaqla yanaşı, borc öhdəlikləri və pul bazarları alətlərinin idarə edilməsinin hədəf gəlirliliyi (bençmark) kimi müvafiq valyuta üzrə ABŞ-ın nəhəng investisiya bankı olan “Merrill Lynch” tərəfindən hazırlanan “ICE BofA Fixed Income Indices”, səhmlərin hədəf gəlirliliyi (bençmark) kimi isə “Morgan Stanley Capital International” şirkəti tərəfindən tətbiq edilən “MSCI Stock Market Indexes”i əsas götürür. Elə buna görə də dünyada etibarlı tərəfdaş və güvənilən, şəffaf qurum kimi ARDNF yüksək nüfuz qazanıb. Bununla belə, son dövrlər dünyanın sürətlə dəyişən enerji mənzərəsi neft ixrac edən ölkələr kimi neft şirkətləri və fondlarını da ciddi qayğılarla üz-üzə qoyur. Bərpa olunan enerji “inqilabının” bir hissəsi olmağın ən yaxşı yolu isə tədarükçülərin ənənəvi bizneslərindən kənara çıxması və ən azı inteqrasiya olunmuş portfel yaratmağı hədəfləməklə modellərini tədricən genişləndirmələri hesab olunur. O baxımdan, ixracdan gələn vəsaitləri perspektivli layihələrə yatırmaqla gəlirlərini bir deyil, bir neçə mənbədən formalaşdıran ARDNF-nin də çevik, bazarda gözlənilən dəyişikliklərə cavab olaraq sürətlə inkişaf edə biləcək strategiyalarla çıxış etməsi arzuolunandır. Neft əsas element olduğundan, əlbəttə ki Neft Fondu da ölkəmiz üçün ən əhəmiyyətli vahidlərdən biri, yaxud da birincisi hesab oluna bilər. Əvvəla, bu gün makroiqtisadi dayanıqlılığın ən önəmli qarantoru olan strateji valyuta ehtiyatlarının mühim hissəsi orada cəmləşib. Elə Fondun qarşısında duran əsas məqsədlərdən biri də neft gəlirlərinin gələcək nəsillər üçün toplanaraq artırılmasıdır. Bu da Fondun yaradılmasında neft sərvətinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin olunması fəlsəfəsindən irəli gəlir. Bu yolla ARDNF investisiya portfelinin hədəflərini, proqnozlaşdırılan həcmini, valyuta tərkibini, vəsaitlərin strateji bölgüsünü, hədəf gəlirliliyi və risk hədəflərini müəyyən edir. Bu, həm də ölkəmizdə fond menecerliyinin ilk və ən peşəkar nümunəsi hesab oluna bilər. İqtisadçı Pünhan Musayev Bizimyol.info xəbər portalına ARDNF-nin fəaliyətini şərh edərkən deyib ki, Fondun valyuta ehtiyatlarının artırılması və yığım funksiyalarının effektiv icrası sterilizasiyaya da əlverişli şərait yaradıb. Konkret olaraq, gələcək nəsillər üçün yığım fondu kimi yaransa da, daxilolmaların artması ilə milli iqtisadiyyatın kənar borclanma olmadan böyümə tendensiyası Fondun fəaliyyətinə sabitləşdirici funksiyanı da gətirib. Pünhan Musayev “Fondun illik xərclərinin daxilolmalara nisbətinə nəzər yetirsək, görərik ki, “neft bumu” hesab edilən dövrə qədər bu əmsal 0-70% arasında dəyişibsə, 2006-cı ildən 90%-dək yüksəlib. Hətta böhranlı 2015 və 2020-ci illərdə nisbətin 100%-i ötüb keçməsi xərcləmələr zamanı təkcə cari ilin daxilolmaları ilə kifayətlənməyib, əvvəlki illərin yığımlarından da istifadə edildiyini göstərir. Bu isə Fondun Azərbaycan iqtisadiyyatında bir növ “gizli Mərkəzi Bank” rolu oynadığı təəssüratını da yaradır. İstənilən bir büdcə məsrəflər yığımlarını üstələdikdə kəsirlə üzləşir. İqtisad elmi və praktikada isə bu kəsrin maliyyələşdirilməsi üçün üç üsuldan istifadə olunur – vergilərin artırılması, büdcə sekvestrasiyası (xərclərin ixtisarı) və pul emissiyası. İlk iki üsul iqtisadi artım üçün neqativ mahiyyət daşıdığına görə, ölkələr adətən pul emissiyasından istifadə edirlər ki, bunu da resursu olmayan ölkələrdə daxili borclanma yolu ilə Mərkəzi Bank həyata keçirir. Azərbaycanda isə ayrı-ayrı illərdə ortaya çıxan büdcə kəsri məhz Fonddan transferlər hesabına qarşılandığından belə bir praktikaya, beləliklə borclanmaya ehtiyac duyulmayıb. Həmçinin, Fonddan köçürmələr ölkəyə daxil olan xarici valyutanın manata konvertə edilməsilə həyata keçirilir. Bu da pul kütləsi və eləcə də, milli valyutanın dəyərini müəyyənləşdirməklə monetar mühitin də formalaşmasında önəmli rol oynayır”-deyə mütəxəssis bildirib. Amma iqtisadçı onu da qeyd edir ki, bu gedişat uzun müddət davam etməyə bilər. Çünki bu gün dünya ciddi transformasiya mərhələsindən keçir. Gözlənilən post-neft dövrü yeni çağırışlara uyğun iqtisadi kurs tələb edir. Buna görə də makroiqtisadi sistemin önəmli parametrlərindən olan Neft Fondunun da strateji baxış və vizionlarını yenidən nəzərdən keçirməyə zərurət yaranır. Ekspertin fikrincə, Neft Fondu da öz strategiyasında aktiv dəyər yaradacaq, dürasiyadan irəli gələn (yəni borc yox, dəyər yaradan investisiya gətirən) sahələri vizion kimi götürsə, yaxşı olar. Pünhan Musayev deyir: “Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının İctimai İnvestiya Fondu 2021-2025-ci illər strategiyasının bir bölməsini, məhz təmiz enerji ilə təchiz edilmiş layihəyə həsr edib. Qlobal enerji keçidini dəstəkləmək üçün investisiya təşəbbüslərinə vəsait ayırıb. Çünki neft sektoru artıq əvvəlki kimi cəlbedici deyil. Son dövrdə baş verən müharibələrin və siyasi gərginliklərin ardınca gələn sanksiyalar, həmçinin yüksək inflyasiya və faiz dərəcələri qlobal kapital axınlarını yavaşladıb. Belə vəziyyətdə xaricdən vəsait cəlb etmək üçün yeni inkişaf imkanları olan sahələrə yönəlmək lazım gəlir. Məsələn; süni intellekt, bərpa olunan enerji, aerokosmik sənaye, telekommunikasiya, elektronika, tekstil, maşınqayırma və s. sektorlar günümüzdə aktual sahələrdir. Sevindiricidir ki, sadalanan bu narrativlərdən “Yaşıl artım ölkəsi” 2030-cu ilədək ölkəmizin aparıcı 5 prioritetindən biri kimi müəyyən edilib və iqlim fəaliyyətini sürətləndirməklə Paris Sazişinin məqsədlərinə nail olmağı nəzərdə tutan “COP29” zirvəsinə ev sahibi məhz Azərbaycan seçilib. ARDNF-nin də fəaliyyət konturlarının bu istiqamətə köklənməsi arzuolunandır”. Pünhan Musayev bu cür strategiyanın həm də hesabatlılığı təşviq edəcəyini də düşünür. Ekspert deyir ki, hazırda Fond portfelinin coğrafi və sektorial strukturu, yerləşdirmə müddətinə görə və kredit reytinqləri üzrə təsnifatı, inkişaf səviyyəsinə görə bölgüsü, aktivlərin məcmu gəlirliliyi və altportfeli təşkil edən alətlərin ümumi gəlirlilikdə xüsusi çəkisi barədə məlumatlar hesabat formasında açıqlanır. Hətta Fond bu xüsusiyyətinə görə 2021-ci ildə dünyanın ən şəffaf fondları siyahısında ilk beşlikdə yer ala bilib. Amma cari hesabatlarla bağlı hələ görüləcək işlər var. Rüblük hesabatlar vaxtında dərc olunsa da, o qədər də geniş deyil. Daha əhatəli illik hesabatların nəşrində isə bəzən gecikmələr olur: “Alternativ kimi Hesablama Palatasının investisiya fəaliyyətinin yekunlarına dair ARDNF büdcəsinin icrasına verdiyi rəylərdə də detallı məlumatlar tapmaq mümkündür. İstənilən halda həm investorlar, həm kreditorlar üçün Neft Fondunun daha detallı hesabatları elə öz saytıda əlçatan olmalıdır. Bundan başqa Hesablama Palatasının rəylərində məzmunca dəyişikliklər edilir. Məsələn; 2019-cu ilin rəyindən fərqli olaraq, 2022-ci il üçün rəydə borc öhdəlikləri və pul bazarı portfelinin alətlər və valyutalar üzrə təfsilatlı bölgüsünə rast gəlmək mümkün olmayıb”. Bütün bunları ümumiləşdirsək, uzun müddət Azərbaycan iqtisadiyyatının əsas sütunlarından olan Neft Fondu orta və uzun müddətli dövrdə investisiya strategiyasını yeni reallıqlara uyğun təkmilləşdirməlidir. Hesabatlılıq və şəffaflıq sahəsində hələ bir qədər də yol qət etməlidir. Bunlar ARDNF-nin formalaşmaqda olan qlobal konyuktur mühitində də ölkəmizin aparıcı qurumu kimi qalması üçün həlledicidir. Ən əsası odur ki, Fond, şairin dediyinin əksinə olaraq, qara nefti qurtarsa da, qurtarmasa da, Vətəni ağ günə çıxarmaq kimi misilsiz missiyanı həmişəki kimi həmişə uğurla daşısın. İradə Cəlil, Bizimyol.info  “ARDNF-nin yaradılmasının 25-ci ildönümü münasibətilə münasibətilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
bizimyol.info

1Mənbələr