AZ

Kriptovalyuta bazarı: Həm riskli, həm qazanclı...

Kriptovalyuta virtual pul vahidi olduğundan əsas etibarilə dünyada fəaliyyət göstərən kriptovalyuta birjaları, mübadilə servisləri vasitəsilə əldə edilir. Yəni ölkələrin mərkəzi bankları vasitəsilə tədavül vasitəsi kimi rəsmi ödəniş aləti deyil. Bu, virtual pullara sahib olmaq üçün müxtəlif şirkət və birjaların, mübadilə servislərinin müvafiq sistemlərində qeydiyyatdan keçmək lazımdır. Sistemdə qeydiyyatdan keçdikdən sonra virtual aləmin üzvünə çevrilən istənilən şəxs özünün kart hesabındakı məbləğə uyğun olaraq istənilən həcmdə kriptovalyuta ala, əməliyyatlar apara bilər. Bunun üçün beynəlxalq ödəniş sistemlərinin iki nəhəngi olan - "MasterCard" və "VisaCard" olması kifayətdir.

 

Azərbaycanda kriptovalyuta bazarı ilə bağlı hüquqi mexanizm yoxdur, qanunvericilikdə bu virtual pulun tədavülülünü rəsmi təmin edən əsaslar təsbit olunmayıb. Doğrudur, Mərkəzi Bank blokçeyn texnologiyalarının inkişafına şərait yaratmaq üçün təşəbbüsləri dəstəkləyir, ancaq bu, kritovalyutaya keçid üçün əsas vermir.

Kriptovalyutanın ölkə iqtisadiyyatına böyük ölçüdə heç bir təsiri yoxdur. Bu rəqəmsal pullar sadəcə olaraq müasir maliyyə piramidasının bir formasıdır. Kriptovalyutalar və onların qlobal maliyyə sisteminə təsiri inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə daha çox maraq doğurur. Çünki milyonlarla insanın ənənəvi bank xidmətlərinə çıxışı yoxdur, onlar pul saxlamaq və köçürmək üçün kriptovalyutalardan istifadə edirlər.

Ekspertlər deyir ki, kriptovalyuta ilə bağlı fırıldaqçılıq halları da çoxdur, belə hallara saxta ödəniş profillərində və veb-səhifələrində daha çox rast gəlinir. Bununla belə, xakerlər və maliyyə dələduzları yeni üsullarla çıxış edirlər. Bu sahə ilə məşğul olan şəxs maksimum diqqətli olmalıdır.

İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, kriptovalyutalara maraq günü-gündən artır. Dünyanın ən gəlirli sahələrindən sayılan kriptovalyuta, yəni virtual valyuta bazarı, həm də ən riskli sahələrdəndir. İlk baxışdan mexanizm olduqca sadə görünür. Aşağı qiymətə alınan koin, yəni virtual pul bir müddət sonra bahalaşdıqda investor onu satır. Bəzən 100 dollarlıq əməliyyatla alınan koindən bir neçə günə 10 qat artıq qazanc əldə etmək mümkün olur. Amma düzgün araşdırma aparılmadan icra edilən əməliyyatlar əksər hallarda ciddi maliyyə itkilərinə səbəb olur.

Onun sözlərinə görə, virtual valyuta bazarı fırıldaqçıların ən çox fəaliyyət göstərdiyi sahə kimi xarakterizə olunur. Hər il minlərlə insan bazara çıxarılan saxta koinlərin qurbanı olur: "Əvvəlcədən insanlardan pul toplayan dələduzlar müəyyən vaxt sonra birjaya yeni koin çıxaracaqlarını vəd edirlər. Yaxud da birjaya çıxarılan koin vəsait topladıqdan bir müddət sonra birdəfəlik yoxa çıxır. Ona görə də tanınmış və təsdiqlənmiş birjalardan əməliyyat həyata keçirmək daha məqsədəuyğundur. Vətəndaşlar bu sahəni ətraflı araşdırmadan heç bir əməliyyat aparmamalı, eləcə də koin alqı-satqısı üçün kənar şəxslərə ödəniş etməməlidirlər. Əks halda dövlət tərəfindən heç bir təminatı olmayan bu birjada qoyulan pulların itirilməsi qaçılmazdır".

İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, kriptovalyuta son 15 ilin məhsuludur: "Bu bazarın gələcəyinin perspektivli olacağını düşünmürəm. Çünki bu, əlavə dəyər yarada biləcək, arxasında hansısa bir dəyərin dayana biləcəyi bir investisiya növü deyil. Kriptovalyutalar spekulyativ alət olub, pul qazanmağa imkan yaratsa da, gələcək üçün perspektivi olmayan maliyyə alətidir".

O qeyd edib ki, kriptovalyutaları ayaqda saxlayan yeganə amil anonimlikdir: "Dünyada qarışıqlıq davam etdikcə, anonim pul köçürmələrinin önəmi artır. Bəzi ölkələr sanksiyalardan yan keçmək üçün kriptovalyutalardan istifadə edir. Ancaq yaxın gələcəkdə kriptovalyutalara maraq azalacaq. Avropa Mərkəzi Bankı, Federal Rezerv Sistemi artıq məsələyə ciddi yanaşmağa başlayıb. Qanunvericilik bazası hazırlanır və ona əsasən, yaxın gələcəkdə anonimlik aradan götürülə bilər. Anonimliyin aradan götürülməsi ilə kriptovalyutaların önəmi də aşağı düşəcək".

Millət vəkili Vüqar Bayramov vurğulayıb ki, kriptovalyutalarla bağlı ciddi problemlər yaşanır. Bunu nəzərə alaraq, vətəndaşlarımız kriptovalyutadan istifadə edən və alış həyata keçirən zaman diqqətli olmalıdırlar. Onun ciddiliyi, reallığı və saxta olub-olmadığının yoxlanılması çox vacibdir. Bu zaman xüsusilə təhlükəsizlik qaydalarına əməl edilməsi məsələsinə də mütləq diqqət ayrılmalıdır.

Millət vəkilinin sözlərinə görə, ölkədə bu istiqamətdə elektron ödənişlər və pullarla bağlı yeni qanunvericilik qəbul edilib. Bunun əsasında hüquqi baza təkmilləşdirilib: "Vətəndaşların bu istiqamətdə hüquqlarının qorunması və saxta ödənişlərin minimalaşdırılması çox vacibdir. Amma bütün hallarda vətəndaşlarımız da kriptovalyuta ilə alqı-satqı edən zaman diqqətli olmalıdırlar ki, onların vəsaitləri üçüncü şəxslər tərəfindən oğurlanmasın".

Bank və kriptovalyuta üzrə mütəxəssis Afiq Ağaquliyev deyir ki, Azərbaycanda kriptovalyuta bazarının formalaşması üçün lazım olan ümumi sistemin idarə olunması ilə bağlı qanunvericilik bazası hələ də yoxdur. İllər əvvəl Azərbaycan Mərkəzi Bankı bu istiqamətdə işlərə başladığını bəyan etsə də, hələ bir nəticəsi yoxdur. Buna görə də insanlarımızın çoxu gizli yatırım edirlər və istədikləri əməliyyatı izləmək üçün bank sektorundan gizlin olan və heç kimin bilmədiyi istiqamətdə müəyyən məlumatları əldə edir və ona əsasən addımlar atırlar: "Kripto bazarı ilə bağlı daha geniş məlumatlara malikdirlər və yatırımlarına istədikləri vaxtda daxil olaraq müəyyən əməliyyatları icra edə bilirlər".

Ekspertin sözlərinə görə, bütün çətinliklərə baxmayaraq, ölkəmizdə çoxları "bitkoin" barəsində məlumatlıdır: "Düzdür, hazırda bu valyuta ölkəmizdə özünə elə də ciddi yer tutmayıb. Ancaq yaxın vaxtlarda Azərbaycanda da kriptovalyuta bazarı genişlənəcək və dövlətimiz dünyanın aparıcı ölkələri ilə müqayisədə bir addım önə çıxacaq. Artıq ölkəmizdə bəzi siyasətçilər, iqtisadçılar, hətta iş adamları və biznesmenlər bu valyutalara maraq göstərməyə və öz gəlirlərini müəyyənləşdirməyə başlayıblar".

O vurğulayıb ki, artıq yeni nəsil bu sahədə müəyyən məlumatlar əldə edib və müəyyən işlər aparır: "Ancaq geniş auditoriyaları olmadığı üçün yeni düşüncə tərzi, fikir, layihə ortaya qoya bilmir. Ona görə də bir işi hansı istiqamətdə həyata keçirəcəklərini, hansı sahəni seçərək yatırım edəcəklərini və digər insanlara gördükləri işləri göstərəcəklərini bilmirlər. Buna görə də insanlar arasında çaşqınlıq var. Əllərində elektron və rəqəmsal sahələrə, eləcə də kripto bazarına yatıracaq pulları olsa da çəkinirlər. Onlarda daha çox Avropa və ya digər ölkələrdən olan tanınmış şəxslərin fikirlərinə əsasən yatırım etməyə cəhd edirlər".

Bankların bəzi birjalara və kriptolara yatırım etsələr də, aktuallığı əldə edə bilmirlər. Bu da onunla bağlıdır ki, burada çalışanlar keçmiş tarixə görə fəaliyyət göstərirlər. Əgər onlara deyilsə ki, belə bir fəaliyyət növləri var və gəlin siz də rahat qazanc əldə edin, bu təklif onlara maraqsız gələcək. Çünki öz maraq dairələrindən kənara çıxa bilmədiklərindən, bunun əsasında işlərini davam etdirəcəklər.

Kriptovalyuta üzrə ekspert Hüseyn İbadov deyir ki, ölkədə, nəinki ticarət obyektlərində, ümumiyyətlə, kriptovalyutanın dəyişdirilməsi hazırkı tənzimləmələrlə uyğun görünmür. Mövcud qanunvericilikdə kriptovalyuta pul vasitəsi hesab olunmur və statusu qeyri-müəyyəndir.

Hüseyn İbadov bildirib ki, ümumiyyətlə, ödənişlərin qəbulu üçün ticarət obyektində quraşdırılmış Bitcoin cüzdan tətbiqi olmalıdır: "Həm müştəri, həm də ticarət obyektinin cüzdanı olduqda ödəniş sürətlə həyata keçirilir. Hazırda bəzi qurumlar blokçeyn texnologiyaları ödənişlərin tənzimlənməsi mexanizmi üzərində işləyir və araşdırmalar aparır. Əgər gələcəkdə hüquqi status müəyyən edilsə, qeyri-müəyyən məqamlar açıqlansa, Azərbaycandakı kriptovalyutalarla ödənişlər gözlənilə bilər".

Mütəxəssislər bildirir ki, bir çoxları kriptovalyutaların xüsusiyyətlərini, tətbiq imkanlarını, təhlükəsiz saxlama formalarını bilmədən investisiya etməyi qərara alırlar. Lakin qiymətin bahalaşmasını səbəb gətirərək tələsik investisiya etmək düzgün deyil. İnvestor üçün əsas məqsəd qazanmaqdır, lakin "hamı alır, məndə alım" prinsipi kriptovalyuta sektorunda keçərli deyil və ani səhv nəticəsində bütün vəsaitlərinizin itirilməsi ilə nəticələnə bilər. Daha çox qazana bilmək deyil, daha çox bildiyiniz sahəyə yatırım etmək daha məsləhətlidir. İnvestisiya etdiyiniz sahə üzrə nə qədər çox bilik və təcrübəniz olsa, bir o qədər uğur qazanmaq şansınız çox olacaq. İstənilən investisiya müəyyən risk ilə müşayiət olunur ki, kriptovalyutaların qiymətinin volatilliyi faktoru bu riskləri ikiqat daha çox artırır. Təcrübə onu göstərir ki, yaşı 35-dək olan investorların əksəriyyəti qısa müddətdə daha çox qazanmaq üçün nisbətən riskli aktivlər olan kriptovalyutalara investisiya etməyi üstün tuturlar. Hətta bəzi investorlar hesab edir ki, kriptovalyutaların qiyməti ancaq artan temp üzrə gedir və ya daim belə olacaq. Lakin təcrübə göstərdi ki, qətiyyən belə deyil. Kriptovalyuta bazarında qiymətlərin dəyişməsi müxtəlif fundamental faktorlardan asılıdır. Bu səbəbdən qiymətə təsir edən faktorları analiz edərkən səbrli və soyuqqanlı olmaq lazımdır. Qiymətin düşdüyü zaman tələsik qərar verib investisiyanı çıxarmaq və ya qiymətlərin artdığı vaxt əlavə investisiya etməyə tələsmək olmaz.

Sevinc QARAYEVA






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
525.az

1Mənbələr