AZ

Regionlarda işsizlik, bahalıq və səfalət: gənclər kəndləri tərk edir

“Bir tikə çörək üçün bazara gəlirəm” Regionlarda işsizlik səviyyəsi getdikcə artır. Artan qiymət, bahalıq və səfalət fonunda kasıblaşan əhali regionları, kəndləri tərk etmək məcburiyyətində qalır. Sakinlər normal dolana, ağırlaşan sosial-iqtisadi rifah fonunda ehtiyaclarını qarşılaya bilmirlər. Göyçay sakini Asif Eyvazov deyir ki, iş tapa bilmir. İşsizlik rayonda pik həddə olduğundan 35 yaş həddini ona bəhanə gətirirlər. Təbii sərvətlər ölkəsində “çörək tapmaq” müşkülə çevrilib: “İş tapmaq o qədər qəlizdir ki, artıq arzulamıram. Hara gedirəmsə, 35 yaş məhdudiyyətini xatırladırlar. Sanki o yaşdan sonra yaşamalı deyilik. Sosial-iqtisadi bərabərsizlik var. Elə insanlar var ki, həm işi var, həm də təqaüd alır, elələri var ki, bir manat gəliri yoxdur. Cavanlar oxuyub gəlir, ancaq işsiz-gücsüz vəziyyətdədir. Neft, qaz, qızıl kimi sərvətlər ixrac olunur, ancaq əhalinin sosial-iqtisadi rifahı acınacaqlı durumdadır. 3-5 manat qazananda, çörək tapanda şükür edirik. Ölkə rəhbərindən xahişim tək budur ki, əhalinin güzəranını nəzərə alsın”. Foto: Meydan TV “İşsizlik də oğurluğu artırır” Sakinlər deyir ki, rayonlarda nə zavod var, nə fabrik. Əhalinin çox hissəsi dolanışıq üçün ya sürücülük edir, ya da bazarlarda “bir tikə çörək” axtarışındadır. İşsiz əhalinin əsas yeri çayxanalar olur. Bahalıq isə işsizlik və gəlirsizliyə baxmır. Hər ay deyil, elə hər gün artır: “Çörəyim ustalıqdan çıxır. Ailəmi halal zəhmətlə dolandırıram. Məvacib alanlar nisbətən normal, digərləri kasıb dolanır. Neçə ali təhsilli gənc tanıyıram ki, marketlərdə, şadlıq evlərində fəhləlik edir. Bir zavod, bir fabrik açılsa, 50 fəhlə çalışar. İki zavod var evimizin yanında, illərdir işləmir. İşsizlik də oğurluğu artırır. Deyir ki, dolana bilmirəm. Bu ayla ötən ay arasında ərzaq məhsullarının alışında 25-30 faiz bahalaşma olur. Elə bil qiymətlər gündəlik gizlin artırılır”, – deyə Vidadi Hacıyev işsizlikdən gileylənir. Rayon sakinlərinin güzəranını müşahidə etdikcə məlum olur ki, istər sürücülükdə, istər bazarda, istərsə də təmizlik kimi minimum əməkhaqqı işlərində orta və yaşlı təbəqə sakinləri çalışır. Əksəriyyət market və xidməti sahələrdə isə əməkhaqqı minimum səviyyədə belə olmur. 100 minlik əhalinin 70 faizi kəndlərdə, 30 faizi  isə şəhərdə  yaşayır. Bu isə rayon camaatının çox hissəsinin dolanışığının torpaqdan asılı olduğunu göstərir: “70 yaşım var, məcbur süpürgəçi işləyirəm, çünki ailəmi dolandırmaq çətindir. Bu yaşımda müalicə olmalıyam. Hər gün bu işə dərman qəbul edib gəlirəm. Vaxt vardı şəhərdaxili marşrutlar 20-30 qəpik idi, indi olub 50 qəpikdir. Gənclərə iş yoxdur ki, onlar işləsin, biz yox. Gəlinim iş tapa bilmirdi, indi çörək sexində 200 manata çalışır. Gün ərzində 8-9 saat. Bir qız, nəvəm iş tapa bilmir deyə işsizdir. Hər kəs iş olanda özününkünü düzüb-qoşur. Yaşamaq çox çətindir”, – deyə Səkinə Məmmədova rayondakı işsizlikdən şikayətlənir. Bazar. Foto: Meydan TV “Nə aparsam, onu yeyirik, aparmasam, ac qalırıq” Rayon sakinlərinin 45-50 faizinin çalışdığı bazarda isə alıcı və satıcı sosial iqtisadi rifahının aşağı vəziyyətdə olmasından narazıdır. Satıcılar piştaxta arxasında dursa da, artıq çörəyin çətinliklə qazanıldığını, əvvəlki kimi bazar olmadığını deyirlər. Burada əsasən məhsulunu gətirib satanlar, pensiya yaşına çatmayan işsiz, gəlirsiz əhali cəm olub. Son günlərin qiymət artımı isə onları “bir tikə çörəkdən” də məhrum qoyur: “Pensiya almıram, maaş almıram. Burda əyləşir hər gün. Nə aparsam, onu yeyirik, aparmasam ac qalırıq. Yaşım 63-dür. Üç övlad anasıyam. Gərək 2 il gözləyib pensiyaya çıxam. Bu yaşda pensiyamı verərdi hökumət, yoxsa göyərti satıb dolanmazdım. Oğluma iş tapılmır, 80 manat veteran təqaüdü alır. Gənc oğul ana əlinə baxır” – deyə orta yaşlı qadın satıcıların da durumunun ağır olduğunu bildirir. “Öz ciblərini deyil, milləti düşünmək lazımdır” Onun səsinə səs verən digər alıcılar da vəziyyətin sözlə təsvir edilməyəcək dərəcədə ağır olduğunu deyirlər. “Hökumət 220 manat pensiya verir, dolana bilmirik. Pensiya məbləği ilə bir həftə dolanmaq olur. Öz ciblərini deyil, milləti düşünmək lazımdır. Maaş, pensiya, təqaüd yerində sayır, yanacaq, dərman ərzaq bahalaşıb. Biz valideynləri bu pensiya ilə ayaqaltı, möhtac ediblər”, – deyə alıcılardan biri qeyd edir. İqtisadçı Akif Nəsirli deyir ki, bölgələrdə kənd təsərrüfatı aktual olduğundan regionun iqtisadi təminatı aqrar sahədən asılıdır. Akif Nəsirli. Foto: “Telegraf.az” Onun sözlərinə görə, kənd təsərrüfatının tənəzzülü və kənd təsərrüfatı üzrə ixtisaslaşmış sənayenin olmaması regionlarda ciddi işsizlik və ağır iqtisadi təminat formalaşdırır: “Kənd təsərüfatı sənayesi inkişaf etmədi və mövcud fabrik, zavodlar da bağlandı deyə işsizlik artdı. Bu illər ərzində istər bostan, istər meyvəçilik, istərsə də tərəvəz məhsullarının sənayeləşməsi getsəydi, nə qədər məhsul istehsal olunardı. Regionlarda buna görə zavod və fabriklər qurulmalı idi. Beynəlxaq normalara görə kənd təsərrüfatı ilə məşğul olan 20 min əhaliyə böyük bir emal zavodu düşməlidir. Təsadüfi deyil ki, regionlarda 100 minlik əhalinin 70-75 faizi kəndlərdə yaşayır. Bu həm  texnoloji sənayeləşməyə, həm də kənd təsərrüfatının inkişafına təkan verir. Bu Azərbaycanda yoxdur. Ölkədə tək şəkər zavodu var ki, orada istehsal olunan yarımfabrikantlar belə idxal edilir”. “Azərbaycan hökuməti inflyasiyanı özü körükləyir” Ekspert işsizliklə yanaşı, son günlər artan yanacaq, yol xərci və ərzaq qiymətlərinin də əhalinin sosial iqtisadi təminatına və işsizliyə mənfi təsir göstərəcəyini  qeyd edir. Foto: Meydan TV O deyir ki, növbəti inflyasiya qaçılmazdır: “İstehsal olunan məhsulların istehsalında 30 faiz yanacaq rol oynayır. Bu xərclərdə maya dəyərinin dörddə bir qədər artması deməkdir. Kənd təsərrüfatında çalışan fermerlərin xərcləri artacaq, bu da məhsulun satış  qiymətində öz əksini tapacaq. Yəni məhsulların satış qiyməti bahalaşacaq. Bu bahalıq payız məhsullarında özünü reallaşdıracaq. Maraqlı məqam budur ki, varlıların aldığı yanacaq ucuzlaşır, kasıbların aldığı yanacaq bahalaşır. Azərbaycan hökuməti inflyasiyanı özü  körükləyir”. “Logistika, nəqliyyat xərcləri 25 faiz qalxdı. Bu da əhalinin çətin dolanan təbəqəsinin dolanışığını çətinləşməsinə səbəb olacaq. Son qiymət artımı ölkədə inflyasiyanı  qaçılmaz edir. Əməkhaqqı, pensiya, təqaüd stabil qaldığı halda  qiymətlərin bahalaşması üçün  iqtisadi əsas yox idi. Ancaq  bunu etməklə inflyasiyanı dəqiq  stimullaşdırdılar”, – deyə o bildirib. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
xural.com

1Mənbələr