AZ

Ronald Kuman İngiltərə ilə oyundan sonra hakimi tənqid etdi

Niderland millisinin baş məşqçisi Ronald Kuman AÇ-2024-ün yarımfinalında İngiltərə yığması ilə oyundan (1:2) sonra baş hakimi tənqid edib.

Arena.az bu barədə ESPN dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, niderlandlı mütəxəssis oyunun alman baş hakimi Feliks Svayerin “narıncılar”ın qapısına penalti təyin edilməsi haqda müvafiq qərarını yersiz hesab edir.

Xatırladaq ki, müvafiq qərar əsasında təyin edilmiş penaltini ingilis hücumçu Harri Keyn dəqiq zərbə ilə qola çevirib və hesabı bərabərləşdirib:

“Bu, penalti deyil. Futbolçunun yeganə niyyəti zərbənin qarşısını almaq idi. Daha sonra Harri Keyn zərbə vurur və onların ayaqları toqquşur. Bu kimi VAR qərarları ilə futbol məhv edilir. İngiltərədə belə penalti verilməzdi. Sən bir müdafiəçi kimi nə etməlisən? Düşünürəm ki, hakim çoxlu axmaqlıqlara görə fitləyirdi, amma biz buna görə məğlub olmadıq”, deyə Ronald Kuman vurğulayıb.

Xatırladaq ki, bu oyunda Niderland yığması hesabı açsa da, ingilislər geri-dönüş sayəsində 2:1 hesablı əzmkar qələbəyə seviniblər.

Beləliklə, AÇ-2024-ün finalına yüksəlmiş İngiltərə millisi iyulun 14-də Berlinin “Olimpiaştadion”unda İspaniya yığması ilə qarşılaşacaq. Niderland yığması üçün isə Avropa çempionatı başa çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
arena.az

1Mənbələr