AZ

Sautqeyt və İngiltərə millisi üçün əlamətdar hadisə

Avropa çempionatının (AÇ-2024) Niderlandla yarımfinal oyunu İngiltərə millisi və baş məşqçi Qaret Sautqeyt üçün əlamətdar olub.

Artıq məlum olduğu kimi, İngiltərə yığması AÇ-2024-ün yarımfinalında Niderland yığmasını 2:1 hesabı ilə məğlub edərək, finala yüksəlib.

Arena.az xatırladır ki, bu, Avropa çempinatları tarixində İngiltərə yığmasının ardıcıl 2-ci finalıdır.

Daha əvvəl “üç şir” 2021-ci ildə İngiltərədə keçirilmiş AÇ-2020-nin finalına yüksəlmiş və burada İtaliya yığmasına məğlub olmuşdu (əsas və əlavə vaxt 1:1, penaltilərlə 2:3).

“Üç şir”ə qədər müvafiq nailiyyətə ancaq Sovet Sosialist Respublikaları İttifaqı – SSRİ (AÇ-1960, AÇ-1964), Almaniya Federativ Respublikası (AÇ-1972, AÇ-1976 və AÇ-1980), vahid Almaniya (AÇ-1992, AÇ-1996) və İspaniya (AÇ-2008, AÇ-2012) yığmaları imza atıblar. Göründüyü kimi, Almaniya Federativ Republikasının yığması hətta 3 ardıcıl finalda oynayıb ki, bu da Avropa çempionatlarının mütləq rekordudur.

AÇ-1960-da və AÇ-1964-də SSRİ yığmasının sükanı arxasında sovet mütəxəssisləri – müvafiq olaraq Qavriil Kaçalin və Konstantin Beskov olublar. Kaçalin SSRİ yığmasına tarixdə ilk Avropa çempionatının qızıl medallarını və kubokunu qazandırıb. Beskov isə gümüş mükafatla təsəlli tapıb. AÇ-2008-də və AÇ-2012-də isə İspaniya yığmasını ispan mütəxəssislər – müvafiq olaraq Luis Araqones və Visente del Boske çalışdırıblar. Hər iki ispan mütəxəssis sükanı arxasında dayandığı İspaniya yığması ilə Avropa çempionatının qalibi olub.

Alman mütəxəssislər – Helmut Şön (AÇ-1972, AÇ-1976) və Berti Foqts (AÇ-1992, AÇ-1996) isə ardıcıl olaraq 2 dəfə Avropa çempionatlarının finallarında oynayıblar və hər biri 1 dəfə qalib olub. Şön AÇ-1972-ni, Berti Foqts isə AÇ-1996-nı qazanıb.

Beləliklə, İngiltərə yığmasının baş məşqçisi, ingilis mütəxəssis Qaret Sautqeyt ardıcıl olaraq 2-ci dəfə Avropa çempionatının finalında oynayacaq. Sautqeyt alman mütəxəssislər Şön və Foqtsun nəticələrini ya təkrarlayacaq, ya da Avropa çempionatlarının ardıcıl 2 finalında məğlub olmuş mütəxəssis kimi antirekordla tarixə düşəcək.

Xatırladaq ki, AÇ-2024-ün finalına yüksəlmiş İngiltərə yığması iyulun 14-də Berlinin “Olimpiaştadion”unda İspaniya yığması ilə qarşılaşacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
arena.az

1Mənbələr