AZ

Azərbaycan və Pakistan auditorlarının iştirakı ilə “SmartAudit” tətbiqinə dair onlayn təlim keçirilib

Azərbaycan

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu (ICAP) arasında ötən il dekabrın 1-də imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq əməkdaşlıq davam etdirilir. Bu əməkdaşlığa rəqəmsal iqtisadiyyatda süni intellektin tətbiqi, mühasibat uçotunda və auditdə innovasiyaların tətbiqi və rəqəmsal həllər, rəqəmsal iqtisadiyyatda təşkilatların mühasibat uçotunun modernləşdirilməsi, audit, maliyyə və mühasibat uçotu üzrə beynəlxalq proqram təminatlarının öyrənilməsi və tətbiqi, yeni nəsil kadr hazırlığı, o cümlədən peşəkar inkişafa dair birgə təlimlərin təşkili məsələləri üzrə təcrübə mübadiləsi və ikitərəfli müzakirələr daxildir.

Auditorlar Palatasından AZƏRTAC-a bildirilib ki, qeyd olunan məqsədlərə nail olmaq üçün Pakistanın İmtiyazlı Mühasiblər İnstitutunun və Azərbaycanın Auditorlar Palatasının rəhbərliyinin, hər iki ölkənin auditorlarının iştirakı ilə auditin aparılmasına dair dünya üzrə ən qabaqcıl və innovativ proqram təminatlarından olan “SmartAudit” tətbiqinin auditorlar tərəfindən istifadəsinə dair onlayn təlim keçirilib.

Qeyd edək ki, 1961-ci ildə yaradılmış və 1977-ci ildən Beynəlxalq Mühasiblər Federasiyasının üzvü olan Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu peşəkar mühasiblərdən və auditorlardan ibarət 10 minədək üzvə malikdir. Həmçinin Pakistanda mühasibatlıq və audit peşələrinin tənzimlənməsi və inkişafında mühüm rol oynayan peşəkar milli qurumdur.

Təlimdə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutunun prezidenti Farrux Rahman, vitse-prezidenti Xurşid Kotval, Şura üzvü Asad Feroze və İT üzrə direktor Şreya Sethiya təqdimatlarla çıxış edərək, rəqəmsal transformasiyanın iqtisadiyyata təsiri, iqtisadi artımda, vergi inzibatçılığında şəffaflığın səmərəliliyinin təmin olunmasında rəqəmsallaşmanın və texnologiyaların artan rolu, rəqəmsal iqtisadiyyat şəraitində hesabatlılıq və audit, rəqəmsal iqtisadiyyatda konsolidasiya edilmiş hesabatların əsas göstəricilərinin tərtibi və təhlili, habelə rəqəmsallaşmanın auditə, mühasibat uçotuna və davamlı inkişafa təsirindən danışıblar.

Daha sonra “SmartAudit” proqramı vasitəsilə hər iki ölkənin auditorları üçün ictimai əhəmiyyətli qurumlarda və digər iqtisadi subyektlərdə risklərin idarəedilməsinin auditi, kibertəhlükəsizlik, məlumatların məxfiliyinin qorunması, biznesin davamlılığının təmin edilməsi, Beynəlxalq Audit Standartlarının (ISA), Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (IFRS) tətbiqi ilə şəffaf hesabatlılığın aparılması, risklərin qiymətləndirilməsi prosedurları və audit strategiyası, investisiyalar üzrə auditin aparılmasına dair mövzular üzrə təlim keçirilib.

Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu ilə əməkdaşlıq çərçivəsində Azərbaycan auditorları da “SmartAudit” proqramından istifadə edə biləcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
azertag.az

1Mənbələr