AZ

"Qərbin Rusiyaya neqativ münasibəti səbəbindən Ukraynadakı münaqişə dərinləşib" - Ərdoğan

"ABŞ və NATO üzrə müttəfiqləri Ukrayna münaqişəsində odun üstünə yağ töküb, bu da Ukraynaya xeyirdən çox zərər vurub..."
 
"Birləşmiş Ştatlar İsrailə böyük dəstək göstərməklə özünü beynəlxalq hüququn pozulmasında İsrailin ortağına çevirir..."
 
Qərb ölkələri Rusiyaya son dərəcə neqativ münasibət göstərir və onunla qarşıdurmaya hədəflənib, bu da Ukraynadakı münaqişəni dərinləşdirir. Türkiyənin yanaşması isə fərqlidir.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 11-də Vaşinqtonda Amerikanın "Newsweek" jurnalına müsahibəsində bəyan edib.
 
"ABŞ və NATO üzrə müttəfiqləri Ukrayna münaqişəsində odun üstünə yağ töküb. Bu da Ukraynaya xeyirdən çox zərər vurub", - Ərdoğan deyib.
 
O, qeyd edib ki, böhranın lap əvvəlindən Türkiyə əks mövqedə, sülh mövqeyində olub. Ərdoğan vurğulayıb ki, münaqişənin həlli insanların daha çox əzablarında deyil, dialoq vasitəsilə əldə olunacaq möhkəm sülhdədir. O, əlavə edib ki, Ankara heç vaxt Ukraynadakı böhranın tərəfi olmayacaq.
 
Ərdoğanın sözlərinə görə, Türkiyə NATO daxilində bütün dövlətlərin möhkəm müttəfiqidir, lakin hesab edir ki, təkcə Şimali Atlantika Alyansı ilə deyil, bütün ölkələr və təşkilatlarla-Çin, Rusiya, ŞƏT və BRIKS-lə konstruktiv münasibətləri nizama salmaq lazımdır. 
 
Ankara bütün qüvvələrlə əlaqələrdən faydalanmağa çalışır. Ərdoğan NATO üzvlüyünə görə hər-hansı ölkə və birliklərlə dialoqdan imtina edilməsi istəyini "soyuq müharibə" məntiqi adlandırıb. Türkiyə lideri qeyd edib ki, ŞƏT və BRIKS nə NATO, nə də digər birliklərə alternativ deyil.
 
Bundan başqa, o, deyib ki, onun Rusiya prezidenti Vladimir Putinlə bəzi ixtilafları var, lakin iki lider öz aralarında müxtəlif məsələləri müzakirə edə, bir-birinin mövqeyini anlaya, problemlərin detallarına vararaq onların ağıllı həllini tapa bilir. 
 
Ankaranın Vaşinqtonla da mövqelərində müxtəlifliklər yaranır, burada da dialoq üçün yollar tapılır, sadəcə, "qərəzdən uzaq siyasət" aparmaq lazımdır".
 
Ərdoğan öz müsahibəsində İsrailə dəstək verdiyinə görə Birləşmiş Ştatları ciddi ittiham edib.
 
"Ərdoğan İsrailin Qəzza bölgəsində apardığı hərbi əməliyyatların ən nüfuzlu beynəlxalq tənqidçilərindən biridir. 
 
May ayında Ərdoğan İsrail ilə bütün ticarət əlaqələrinin kəsilməsi barədə elan edib və İsrail qüvvələrinin hücumlarının tamamilə dayandırılması və onların Qəzza bölgəsindən tamamilə çıxarılmasını tələb edib.
 
O, daima bölgəyə humanitar yardım axınının artırılması və çoxdankı İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllinə tərəfdardır", - nəşr yazıb.
 
Bundan başqa, Türkiyə lideri Co Bayden administrasiyasını İsrailə siyasi və hərbi sahədə dəstək verdiyinə görə ittiham etməkdə davam edir.
 
Ərdoğan bəyan edib ki, onun və amerikalı həmkarının "insan haqlarına baxışları müxtəlifdir", bunu da "partlayış təhlükəli Yaxın Şərq münaqişəsi" sübut edir.
 
"Biz hesab edirik ki, müalicə üçün müraciət edilən xəstəxanalarda, təcili yardım maşınlarında, bazarlarda, humanitar yardımın paylanılma mərkəzlərində və təhlükəsiz hesab edilən rayonlarda İsrail tərəfindən insanların vəhşicəsinə qətlə yetirilməsi insan haqlarının kobud şəkildə pozulmasıdır", - Ərdoğan bəyan edib.
 
"Lakin ABŞ administrasiyası bu pozuntuları görməzdən gəlir və İsrailə ən böyük dəstək göstərir.
 
Bu, Birləşmiş Ştatları beynəlxalq hüququn pozulmasında İsrailin ortağına çevirir.  Bu mərhələdə beynəlxalq hüququ pozduğuna görə İsrailə qarşı kim və hansı sanksiyaları tətbiq edəcək? Bu, gerçək sualdır, bu suala heç kim cavab vermir", - o, vurğulayıb.
 
"İsrailin region ölkələri, xüsusilə Livanın ünvanına təhdidlərinə, onun münaqişəni bütöv regiona yaymaq cəhdlərinə son qoyulmalıdır. Əks halda regionumuz daha dərin böhranlar, hətta müharibənin böyük riskləri ilə üzləşəcək", - Türkiyə prezidenti xəbərdarlıq edib. 
 
Bəllidir ki, Ərdoğanla Bayden ilin birinci yarısında iş qrafiklərində uyğunsuzluqlar səbəbindən görüşə bilməyib. Ona görə də Türkiyə lideri NATO sammitində amerikalı həmkarı ilə görüşmək niyyətindədir.
 
"Bu görüşdə Ərdoğanın İsrailin Qəzza bölgəsinə hücumu barədə dəqiq və aydın bəyanatlar verəcəyi gözlənilir", - CNN yazıb.
 
Yeri gəlmişkən, dünən Türkiyə parlamentinə tədqim edilən qanun layihəsinə görə, Türkiyə və İsrail dövlətlərinin ikili vətəndaşlığı olan və Qəzzada HƏMAS-la müharibədə iştirak edənlər 90 gün ərzində məhkəməyə gəlməlidir. Əks halda onlar Türkiyə vətəndaşlığından və Türkiyədəki əmlakından məhrum ediləcək.
Seçilən
180
moderator.az

1Mənbələr