AZ

Tovuz döyüşlərindən 4 il ötür

Bu gün Tovuz döyüşlərinin növbəti ildönümüdür.

Aznews.az xatırladır ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan döyüşlərdən dörd il ötür.

2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Düşmən daha sonra mövqelərimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmaqda davam edib.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinə aid zirehli texnika və canlı qüvvələrin yerdəyişmələr etdiyi müşahidə olunub. Həmin günü düşmən dövlət sərhədində irimiqyaslı təxribata əl atıb. Amma düşmənin bu təxribatının qarşısı alınıb və dayaq nöqtələri, yüzlərlə hərbi qulluqçusu məhv edilib.

Tovuz döyüşlərinin ilk günündə düşmən təxribatının qarşısı alınarkən Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu - çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirov şəhidlik zirvəsinə yüksəlib, daha 5 nəfər yaralanıb. Yaralı əsgərlərdən biri daha sonra aldığı xəsarətlərdən dünyasını dəyişib. Döyüşlər zamanı Ermənistan ordusunun şəxsi heyəti çoxsaylı itki verib.

Tovuz istiqamətində gərginlik iyulun 13-nə keçən gecə də davam edib. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Ordusunun dəqiq atəşi ilə qarşı tərəfin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Amma düşmən öz itkilərini gizlətməyə cəhd göstərib. Həmin gün Tovuz istiqamətində ağır artilleriya qurğuları yenidən işə düşüb. Döyüş zamanı Ermənistan artilleriyası toplarla Tovuzun Dondar Quşçu və Ağdam kəndlərini də atəşə tutub.

Tovuz döyüşləri iyulun 14-də də davam edib. Belə ki, düşmən iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. Düşmənin təxribat xarakterli hücumu nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev, həmçinin hücumun qarşısını alarkən daha 5 hərbi qulluqçu şəhid olub. Ermənistanın hücumları nəticəsində rayonun Ağdam kənd sakini, 76 yaşlı Əziz Əzizov qətlə yetirilib.

Həmin gün axşam saatlarında döyüşlər səngiyib və cəbhədə nisbi sakitlik yaranıb. İyulun 15-də toqquşmalar səngisə də, iyulun 16-sı səhər saatlarında döyüşlər yenidən başlayıb. Həmin günü Azərbaycan Ordusunun bir hərbi qulluqçusu şəhid olub. Düşmənin isə xeyli sayda hərbçisi və texnikası məhv edilib.

Tovuz döyüşləri iyulun 17-də Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşıb və heç bir ərazi itkisi olmayıb. Döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nazim İsmayılov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
37
aznews.az

10Mənbələr