AZ

Əli Kərimlinin “boykot” mərəzi

Yaxud iflasa aparan “taktika”

Yayın qızmar keçməsinə baxmayaraq son günlər ölkəmizin ictimai-siyasi həyatında, siyasi arenada yüksək fəallıq müşahidə olunur. Səbəb respublikamızda sentyabrın 1-də baş tutacaq növbədənkənar parlament seçkiləridir. Azərbaycan Konstitusiyasına görə Milli Məclisə seçkilər hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Buna əsaslanıb deyə bilərik ki, bu ilki parlament seçkiləri də noyabr ayının 3-də reallaşa bilərdi. Ancaq hamımız yaxşı bilirik ki, noyabr ayında ölkəmizdə beynəlxalq əhəmiyyətli COP29 tədbiri keçiriləcək. İki həftə ərzində dünyanın diqqət mərkəzinə çevrilən paytaxt Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək. Dünyanın əksər ölkələrinin dövlət başçılarının, rəsmi şəxslərin iştirak edəcəyi belə mötəbər tədbirin parlament seçkilərinin vaxtı eyni zaman kəsiyinə təsadüf etdiyindən seçkilərin müddəti önə çəkildi.

Təbii ki, obyektiv səbəblərdən seçkilərin vaxtının dəyişdirilməsi bu siyasi marafonda iştirak edəcək, güclü elektoratı, sosial bazası olan hər hansı siyasi partiya üçün əsaslı problem yaratmır. Ona görə də digər  siyasi təşkilatlar kimi, müxalifət düşərgəsində təmsil olunan ayrı-ayrı partiyalar da seçkiyə hazırlıq prosesinə start veriblər. Bu siyasi təşkilatların  bir çoxunun ali orqanlarında seçkilərdə iştirakla bağlı fəal müzakirələr aparılır. Bəziləri artıq seçki qərargahı yaradaraq  fəaliyyət istiqamətlərini müəyyənləşdiriblər. Bir neçə müxalifət partiyası şəhər və rayon təşkilatları ətraflı müzakirələr apardıqdan sonra dairələrdən namizədləri müyyənləşdiriblər. Mətbuata verilən məlumatlardan aydın olur ki, müxalifətdə olan Müsavat və Respublikaçı Alternativ (REAL) Partiyaları, eləcə də AXP və digərləri sentyabrın 1-də keçiriləcək parlament seçkiləri üzrə deputatlığa namizədlərini elan ediblər. Partiyaların məlumatlarında bildirilir ki, digər dairələrdən namizədlərin irəli sürülməsi ilə bağlı müzakirələr davam edir, müvafiq qərarlar qarşıdakı günlərdə qəbul ediləcək.

 Göründüyü kimi, əksər müxalifət patiyaları ölkəmizdə yeni start götürən seçki prosesinə ciddi hazırlaşırlar. Ölkəmizdəki mövcud seçki qanunvericiliyi də siyasi partiyaların seçkilərdə öz məqsəd və məramına uyğun iştirakı üçün hərtərəfli və geniş imkanlar təsbit edir. Buna görə də siyasi partiyaların seçkilərdə fəallığı, ictimai-siyasi proseslərə təsir imkanları getdikcə artmaqdadır.

Aydındır ki, siyasi partiyanın əsas məramı siyasi proseslərdə iştirak etməkdir. Yəni prinsipial müxalifət üçün əsl sivil mübarizə meydanıdır. Şübhəsiz, bütün bunları radikal müxalifət düşərgəsində təmsil olunan AXCP-nin sədri Əli Kərimli də bilməmiş deyil. Belə olan təqdirdə görəsən, niyə Ə.Kərimli sentyabrın 1-də baş tutacaq növbədənkənar parlament seçkiləri ətrafında effektsiz  siyasi tamaşalar, şoular düzənləyir? Məsələn, AXCP sədri sosial şəbəkə seqmentlərində “İştirakmı, boykotmu? başlıqlı yazısına, “ Bilirəm ki, əksəriyyətiniz üçün bu sualın cavabı  birmənalıdır. Hətta bu sualı verdiyimə təəccüblənənlər də olacaq” cümlələri ilə başlayaraq belə davam edir: “Seçkidə iştirak, yoxsa boykot qərarını biz indiyə qədər ayrı-ayrılıqda partiyanın Bakı və kənd rayonları şöbə sədrlərilə, Rəyasət Heyətilə müzakirə etmişik. “Milli Şura”nın Koordinasiya Mərkəzində də bu müzakirələr aparılıb. Ancaq 1 sentyabra təyin olunmuş növbədənkənar parlament seçkisilə bağlı AXCP adından son və rəsmi qərar bu həftəsonu partiyanın Ali Məclisinin sessiyasında veriləcək”.

 Yaxşı xatırlayırıq ki, 2023-cü ildə AXCP-nin qurultayında pariyanın sədri Əli Kərimli hakimiyyətə ancaq seçkilər vasitəsi ilə gələcəklərini bildirib. Çox gözəl, çox pakizə. Belə olan təqdirdə çox inanmaq istərdik ki, AXCP Ali Məclisi sentyabrda baş tutacaq parlament seçkilərində iştirak etməklə bağlı qərar verəcək. Bax, o zaman hamımız Ə.Kərimlinin “biz hakimiyyətə ancaq seçkilər vasitəsi ilə gələcəyik” sözlərində nə qədər səmimi olduğunu görəcəyik.

Şübhəsiz, əgər bir siyasi partiya müxtəlif bəhanələrlə, əsassız iddialarla seçkilərdə iştirak etməkdən yayınırsa, demək ya hakimiyyətə gəlmək istəmir, ya da kimlərinsə tapşırığını yerinə yetirir. Ə.Kərimli və ətrafındakılar yaxşı bilirlər ki, “boykot” taktikası heç kimə, heç bir siyasi qüvvəyə indiyə qədər uğur qazandırmayıb, əksinə bütün uğursuzluqların başlanğıcı olub. Bu qədər sadə və bəsit...

Zahid Rza, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
ikisahil.az

1Mənbələr