AZ

Ərdoğanın Əsədlə görüş planı: “Təlimatlar verdim”

ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən NATO Liderlər Zirvəsi üçün görüşlər keçirən prezident Ərdoğan mətbuat konfransında açıqlamalar verib.

KONKRET.az xəbər verir ki, Ərdoğan Fələstin torpaqlarında sülh əldə olunmayana qədər Türkiyənin İsrail və NATO arasında əməkdaşlıq təşəbbüslərini bəyənməyəcəyini bildirib.

Ərdoğan bildirib ki, “İttifaqımızın təməl dəyərlərini tapdalayan İsrail rəhbərliyinin NATO ilə tərəfdaşlıq əlaqələrini davam etdirməsi mümkün deyil. NATO çərçivəsində İsraillə əməkdaşlıq cəhdləri Türkiyə tərəfindən razı qarşılanmayacaq”.

Ərdoğan bəyan edib ki, Ankara atəşkəs elan edilməsi və daimi sülhün bərqərar olması üçün qarantlıq da daxil olmaqla istənilən təşəbbüsü göstərməyə hazırdır.

Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına qəbul prosesi ilə bağlı sualı cavablandıran Ərdoğan deyib ki, “Məqsədimiz orada müşahidəçi üzv kimi deyil, daimi üzv olmaqdır. Bunu həm cənab Putinlə, həm də Si Cinpinlə ayrıca müzakirə etdim. Qazaxıstanın və bütün daimi üzvlərin dövlət başçıları ilə də görüşdüm və bu məsələ ilə bağlı üzvlərdən dəstək istədim”.

Son zamanlar gündəmdə olan Türkiyə-Suriya münasibətlərində normallaşma addımlarından da danışan Ərdoğan Suriya ilə münasibətləri yaxşılaşdırmaq üçün xarici işlər naziri Hakan Fidana Suriya prezidenti Bəşər Əsədlə görüşməyi tapşırdığını da bildirib.

“Mən iki həftə əvvəl xüsusi olaraq cənab Əsədə zəng etdim ki, ya mənim ölkəmə gəlin, ya da bu görüşü üçüncü ölkədə keçirək. Bu məsələ ilə bağlı Xarici İşlər Nazirimə də təlimatlar verdim. Biz bu incikliyi aradan qaldıraraq yeni bir prosesə başlamaq istəyirik”.

Baydenlə görüşünün təfərrüatlarını paylaşan Ərdoğan “Türkiyəyə F-16 satışı ilə bağlı Baydenlə danışdım. O, mənə bu problemin 3-4 həftəyə həll olunacağını söylədi” deyə bildirib.

Ərdoğan deyib ki, Türkiyə NATO müttəfiqlərindən terrorla mübarizədə birlik gözləyir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
1
konkret.az

2Mənbələr