AZ

Kərimlinin “boykot” havası...

AXCP sədri partiyasının potensialının olmadığını etiraf etmir 

Redikül müxalifət seçkiöncəsi sosial şəbəkələrdə yenə də özünəməxsus “tozanaq” qoparmağa çalışır. Seçkidə iştirak etsə belə biabırçı vəziyyətə düşəcəyini dəqiq bilən rediküllər işlərini “ehtiyatlı” tutmağa çalışırlar - onlar artıq seçki mərhələlərinə, seçki kampaniyalarına, hətta elan edilməmiş namizədlərə qarşı belə qara piar kampaniyası başladıblar. Bu mənada, xüsusilə dövlətin apardığı siyasəti “hədəfə almağa çalışan” ermənipərəst azlıq ölkədəki yüksək səviyyəli seçki mühitinə, azad və şəffaf seçki prosesinə, ən təkmil seçki qanunvericiliyinə ləkə yaxmağa çalışırlar. Maraqlıdır ki, seçki prosesi ilə bağlı yalanlarında heç bir fakta istinad edə bilməyən rediküllər boş-boş pafosdan uzağa gedə bilmirlər. 

Bu mənada, xüsusilə AXCP və onun sədri Əli Kərimlinin canfəşanlığını vurğulamaq lazımdır. Görünən budur ki, Əli Kərimli özünün ənənəvi uğursuz “seçki taktikası”nın kölgəsinə qısılmağa niyyətlənib. İllərdir uğursuzluğunu pafosun altında gizləməyə çalışan Ə.Kərimli bu dəfə də eyni yolla gedir - seçki prosesini şər-böhtanla gözdən salmaq, seçkinin nəticələrini bu və ya digər yolla indidən şübhə altına almaq, guya seçkiyə hansısa “müdaxilə cəhdi” görüntüsü yaratmaq və bu kimi saysız bəhanələrlə özünün siyasi gücsüzlüyünü ört-basdır etmək. Artıq neçənci seçki prosesidir ki, Ə.Kərimli öz ampluasında zühur etməyə çalışır və köhnə “boykot” havası çalır. 

Onların kənardan idarə edildiyi isə bütün konturları ilə ortadadır. Sosial şəbəkələrə nəzər saldıqda bu amil xüsusilə diqqəti cəlb edir - Əli Kərimli və dəstəsi xarici siyasi mətbəxlərdə hazırlanan tezislər üzərindən “danışır”. Onlara “hərəkət” əmri verənlərin isə nə qədər cılız və savadsız mahiyyət daşıdığı ilk baxışdaca ortaya çıxır. Məsələn, özünü “professor” adlandıran Cəmil Həsənli, Əli Kərimlinin himayədarlığı ilə xarici anti-azərbaycançı dairələrin əmrini yerinə yetirən Gültəkin Hacıbəyli kimiləri bu “xəyanətkar” ansamblın əsas “solistləri” qismində çıxış edir, veriləcək maddi yardıma şərik olmaq üçün dəridən-qabıqdan çıxırlar. 

Amma siyasi “fəaliyyətini” xaricilərin əl işarəsi ilə tənzimləyən Ə.Kərimli özü şər-böhtan kampaniyası aparmaqla nəyəsə nail ola bilməyəcəyini artıq dəqiqləşdirib. İllərdir ki, parçalana-parçalana gedən AXCP-də son illərdə baş verən proseslər əsl reallığı ortaya qoyur. Maraqlıdır ki, indiyə qədər bu partiyadan istefa verərək ayrılanların demək olar ki, hamısı Ə.Kərimlinin yaratdığı avtoritar idarəetməyə, tayfabazlığa, partiyanı öz şəxsi kooperativinə çevirməsinə etiraz ediblər. Hətta partiya sədrinin müavini və ya müşaviri qismində olan şəxslər belə Ə.Kərimlinin AXCP vasitəsilə pul qazandığını, “mühacirət biznesi” yaratdığını bildiriblər. Ə.Kərimli isə ayıbına kor olmaq əvəzinə, yenidən sosial şəbəkələrdə, xarici havadarlarının himayəsinə sığınır, bəzi “internet televiziyalarında” yalan seçki “proqnozları” səsləndirir, gülünc iddialar irəli sürür. Təbii ki, onun bu cəhdləri heç bir nəticə vermir və hətta vəd etmir - Azərbaycan cəmiyyəti Əli Kərimlinin kim olduğunu yaxşı bilir və onun AXC-“Müsavat” hakimiyyəti dövründə hansı əməllərdən çıxdığının şahididir. Həmin dövrdə Qarabağ savaşına “yardım” adı altında yığılan pulların böyük əksəriyyətinin məhz Ə.Kərimli tərəfindən mənimsənilməsi faktı hələ də dillər əzbəridir.

Göründüyü kimi, Ə.Kərimli etiraf etmək istəmir ki, bu gün onun başçılıq etdiyi qurum partiya deyil, sadəcə qruplaşmadır. Bu qruplaşmanın əsas məqsədi isə Ə.Kərimliyə maddi təminatlar qazandırmaqdır. Ə.Kərimli etiraf etmək istəmir ki, artıq onun ətrafında üç-beş nəfər qalıb. Əli Kərimli hazırda partiya sədri yox, sosial şəbəkələrdə fəaliyyət göstərən lokal qrup başçısıdır. 

Pərviz SADAYOĞLU 

Seçilən
129
11
yeniazerbaycan.com

10Mənbələr