AZ

Vaşinqton Gürcüstanda çevrilişə hazırlaşır: İstəyinə çata biləcəkmi? - FOTO

Qərb yenidən Cənubi Qafqaz bölgəsində vəziyyəti gərginləşdirməyə, siyasi qarşıdurmaları körükləməyə başlayıb. Bu dəfə hədəfdə Azərbaycan üçün mühüm strateji əhəmiyyət daşıyan qonşu Gürcüstandır. Tbilisinin Avropa İttifaqı (Aİ) və ABŞ ilə münasibətlərindəki gərginlik yeni müstəviyə keçib. Mayda "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbulu ilə başlayan təzyiq prosesi artıq Aİ və Vaşinqton tərəfindən konkret addımlarla müşahidə edilir.
 
BAKU.WS "Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edir:
 
Daxili işlərə müdaxilə cəhdi
 
Son məlumatlara görə, sözügedən qanunun qəbulu ilə bağlı Aİ Gürcüstanın ittifaqa inteqrasiyası prosesini dayandırıb. Aİ-nin Tbilisidəki səfiri Pavel Qerçinski bildirib ki, Gürcüstan Müdafiə Nazirliyinə 30 milyon avro ayrılması da dondurulub.

Qeyd edək ki, oktyabrın 26-da Gürcüstan parlamentinə yeni seçki keçiriləcək. Qərb ittifaqları bu həssas məqamdan istifadə edərək özlərinin ənənəvi ssenarilərini işə salıblar. Tbilisinin daxili işlərinə qarışan və ictimai fikirdə manipulyasiya alətinə çevrilən qeyri-hökumət təşkilatlarının fəaliyyətinin tənzimlənməsi ilə bağlı mövqeyi Brüssel və Vaşinqtonun xoşuna gəlmir. Aİ-nin Gürcüstanın daxili işlərinə müdaxilə cəhdləri elə səfirin bəyanatlarında da açıq şəkildə müşahidə olunur.
 
"Ümid edirəm ki, oktyabrda Gürcüstanda keçiriləcək seçkidən sonra yeni qurulan hökumət, nə olursa-olsun, yenidən Avropa İttifaqına inteqrasiya istiqamətində ciddi işə başlayacaq. İndiki Gürcüstan hökumətinin niyyəti Avropa İttifaqı liderlərinə aydın deyil. "Xarici təsirin şəffaflığı haqqında" qanun geriyə doğru bir addımdır və Avropa İttifaqına daxil olmaq məqsədilə tamamilə uyğun gəlmir", - deyə səfir vurğulayıb.

 "Vaşinqton çevrilişə hazırlaşır"
 
Brüssel ilə eyni anda Vaşinqtondan da Gürcüstan hakimiyyətini hədəfə alan açıqlamalar gəlməkdədir. Ağ Evin Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenter xarici jurnalistlər üçün keçirdiyi brifinqdə deyib ki, Birləşmiş Ştatlar Gürcüstanla bütün əməkdaşlıq proqramlarını nəzərdən keçirməyə başlayıb. "Ümid edirik ki, Gürcüstan hökumətinin yeritdiyi strateji kursun dəyişməsinin şahidi olacağıq", - o bildirib. Bundan əvvəl Pentaqon 2024-cü ilin yayında keçirilməsi planlaşdırılan ABŞ-Gürcüstan birgə təliminin strateji münasibətlərin nəzərdən keçirilməsi səbəbindən qeyri-müəyyən müddətə təxirə salındığını açıqlayıb.

Belə bir ərəfədə Rusiya Xarici Kəşfiyyat Xidməti də diqqətçəkən məlumat paylaşıb. Bildirilir ki, ABŞ oktyabrın 26-da keçiriləcək parlament seçkisinin nəticələrinə görə, Gürcüstanda hakimiyyət dəyişikliyinə cəhd edəcək. Vaşinqton artıq hazırda iqtidarda olan "Gürcü arzusu" partiyasını gözdən salmaq üçün kampaniya hazırlayıb.
 
Hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının baş katibi Kaxa Kaladze də baş verənlərə münasibət bildirib. "Hökumət bu ölkənin suverenliyini, dövlətçiliyini, ölkəmizin hər bir vətəndaşını qoruyur. Sülh həyat bahasına xilas olacaq. Biz heç bir sanksiyalara qoşulmağı planlaşdırmırıq. Bizə sabitlik və ölkənin inkişafı lazımdır", - deyə partiyanın baş katibi vurğulayıb.

"Biz əməkdaşlıq qurmağın yolunu tapmışıq"
 
Göründüyü kimi, bölgəmizdə yenidən sabitliyi pozmaq meylləri güclənir. Belə bir ərəfədə Azərbaycanın istər regional, istərsə də beynəlxalq müstəvidə yürütdüyü müstəqil siyasət diqqət çəkir. Sirr deyil ki, ərazi bütövlüyümüz və suverenliyimizin tam təminindən sonra eyni təzyiq dalğası Bakını da hədəf almışdı. Lakin Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasi kurs və bölgədə yaratdığımız reallıqlar indi Tbilisi üçün qaranlıq ssenarilər hazırlayanların hədəflərini boşa çıxardıb. Bu reallığın əsas mənbəyi isə dövlət başçısının bölgəmizdə maraqlı olan güc mərkəzləri ilə qarşılıqlı münasibətləri milli maraqlarımız çərçivəsində qurmaq bacarığı, diplomatik zəkasıdır. Tbilisiyə münasibətdə müşahidə etdiklərimiz Prezident İlham Əliyevin Qərbə inteqrasiya ilə bağlı səsləndirdiyi fikirləri bir daha xatırlatmağı zəruri edir. "Azərbaycan xarici siyasət konsepsiyasında Avropa İttifaqının üzvü olmağı hədəfləmir. Bu, çox praqmatik yanaşmadır, çünki bizi heç vaxt qəbul etməyəcəklər. Bunun səbəbi də bəllidir. Biz real dünyada yaşayırıq, virtual dünyada deyil. Yəni Azərbaycanı oraya qəbul etməyəcəklərsə, biz nədən o qapını döyək və ev yiyəsini nəyə görə narahat edək? Eyni zamanda, özümüzü niyə bir növ biabır edək. Biz əməkdaşlıq qurmağın, əlaqələr qurmağın yolunu tapmışıq", - Prezident İlham Əliyev deyib.

İnteqrasiya adı altında gizlədilən niyyət
 
Bəli, Azərbaycan siyasətini real dünyanın şərtlərinə uyğun qurur. Cənubi Qafqazın münaqişələr, siyasi gərginlik və qarşıdurma meydanına çevrilməsini yox, əməkdaşlıq və inteqrasiya, sabitlik adası olmasını istəyir. Bu çərçivədə irəli sürülən təşəbbüslər tək Bakının yox, eləcə də hazırda Qərbin əlində oyuncağa çevrilən İrəvan və siyasi qarşıdurma təhlükəsinin artdığı Tbilisinin də maraqlarına tam cavab verir. Qərbə inteqrasiya, Aİ-yə üzvlük prosesinin nə dərəcədə manipulyativ bir proses olduğunun acı təcrübəsini artıq qardaş Türkiyənin timsalında müşahidə etmişik. Bu vədlərin Ukraynaya hansı bəlalar gətirdiyi də ortadadır. Hansı ki iki ildən artıq bir dövrdə qanlı hərbi toqquşmalara, minlərlə günahsız insanın ölümünə gətirib çıxarıb. Qərb üçün istər Cənubi Qafqaz, istərsə də postsovet məkanının sadəcə "inteqrasiya, üzvlük" vədləri ilə "bufer zona" mahiyyəti daşıdığı sirr deyil. Azərbaycan üçün isə qarşılıqlı münasibətlərdə "bufer zona" anlayışı yoxdur. Bakının əməkdaşlıqla bağlı baxışları illüziyalara deyil, real siyasətə əsaslanır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
2
baku.ws

3Mənbələr