AZ

Azərbaycanda orqan alverinin “qara bazar”ı - QİYMƏTLƏR

- Böyrək elanı paylaşmısız?

+ Bəli, böyrəyini satan mənəm.

- Neçə yaşınız var?

+ 33. Atamı əməliyyat etdirməliyəm. 35 min pula ehtiyacım var. Buna görə çarəni böyrəyimi satmaqla tapdım. “Böyrəyimi satıram. Fikri ciddi olanlar yazsın. Başqa şəxslər narahat etməsin. Qiymət 50 min manatdır”.

Və daha neçə-neçə belə elanlar...

Bəli, müxtəlif sayt və səhifələrdə bu şəxs kimi orqanlarını satışa çıxaran çox sayda insan elanı var. Buna səbəb kimi isə pula ehtiyacları olduğunu əsas gətirirlər.

Müasir dövrdə insan orqanlarının köçürülməsi (transplantasiyası) əməliyyatları az qala adi hala çevrilib. Buna baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, hər il daxili bədən orqanlarının dəyişdirilməsinə nail ola bilməyən minlərlə xəstə ölür. Tibbin inkişaf etdiyi ölkələrdə qara və ağ ciyər, mədəaltı vəzi, dəri, sümüklər, ürək, böyrək, qol, əl, hətta sifət orqanlarının transplantasiyası həyata keçirilir.

Azərbaycanda isə insan orqanlarının transplantasiyasına 1999-cu il oktyabrın 28-də qəbul edilən qanunla icazə verilib. Həmin qanuna əsasən, insan həyatının xilas edilməsi üçün cərrahiyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqanın donorun və ya insan meyitinin orqanları ilə əvəz edilə bilər.

Leqal aparılan bu əməliyyatlara baxmayaraq, bu gün dünyanın bir sıra ölkələrində insan orqanlarının al-verilə məşğul olan “qara bazar”lar da fəaliyyət göstərir. Bura Ermənistan, Rusiya, Hindistan, Çin, Əfqanıstan və bəzi Afrika ölkələri aid edilir. İnsan orqanlarının qanunsuz alqı-satqısı ilə məşğul olan cinayətkarların hər il milyardlarla dollar gəlir əldə etdiyi bildirilir. Xarici mətbuat yazır ki, bu “bazar”da hər bir insan orqanının öz qiyməti var: ürək 200 min, qara ciyər 150 min, böyrək 50 min dollar.

Çox təəssüf ki, yaxın günlərdə Azərbaycanda da daxili orqanların “qara bazar”dakı qiymətləri açıqlanıblar:

Ağ ciyər – 309 min manat, böyrək – 160 min manat, insan skleti – 8 min manat, ürək – 600 min manat, qanın yarım litri – 300 manat!

Ölkəmizdə orqan transplantasiyası ilə bağlı kiçik araşdırma etmişik.

Əvvəla, qanunsuz aparılan orqan transplantasiyasının sağlamlığa təsiri ilə bağlı danışaq. Maraqlıdır, qanunsuz orqan transplantasiyası yaşamaq üçün nə qədər təminat verir?

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Lent.az-a münasibət bildirən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, donor bankı yaradılmalıdır:

“Əvvəla deyim ki, orqan nəqli ilə bağlı bütün qərarlar leqal olmalıdır. Azərbaycan qanunvericiliyi bunu tələb edir. Çünki bu kriminala gedən yoldur. Heç bir böyrək satışından söhbət gedə bilməz. Böyrək satışı alt mənasında kriminal elementləri gizlədir.

İnsan niyə böyrəyini satmalıdır ki?

Donor bankı olmalıdır. Ora toplanan orqanlar siyahıda gözləyən şəxslərə nəql olunmalıdır. Böyrəyin və başqa orqanların qanunsuz satışı cinayət sayılır. Bunların qarşısını almaq üçün donor bankı yaratmalıyıq. Bütün dünya təcrübəsində belədir”.

Bəs, qanun bu məsələdə nə deyir? Pulla orqan almaq mümkündürmü? Orqan “qara bazarı” ilə məşğul olanları hansı cəza gözləyir?

Norma Hüquq Mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev bildirib ki, orqan transplantasiyası və orqanların köçürülməsi Azərbaycan Respublikasında qəbul olunmuş qanuna və Nazirlə Kabinetinin təsdiq etdiyi qaydalara uyğun həyata keçirilir:

“Orqan transplantasiyası üçün müvafiq xəstəxanaların, müvafiq klinikaların yerləri müəyyən edilib. Amma klinikalardan kənarda bu işi həyata keçirmək və pul ödənişləri müqabilində qanundan kənar yollarla orqan satmaq Azərbaycan Respublikasının Cinayət məcəlləsində müvafiq olaraq məsuliyyətə səbəb olur. Qanunsuz orqan alveri, bədən üzvlərinin satışı və şəxsi orqan transplantasiyasına məcburetmə hallarında vətəndaş cinayət məcəlləsinə uyğun olaraq 3 ildən 5 ilə kimi azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər”.

Orqan transplantasiyası yalnız şəxsin razılığı əsasında beyin ölümü keçirdikdən sonra baş tuta bilər. Bu proses artıq ölkəmizdə 2 ilə yaxındır ki, Səhiyyə Nazirliyinin tabeliyində olan Koordinasiya Mərkəzində həyata keçirilir.

Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova açıqlayıb ki, 5 nəfər canlı sümük iliyi donoru var:

“Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə son 1 il ərzində 32 nəfər orqan bağışlamaq üçün müraciət edib. Müraciət edənlər arasında böyrək üzrə orqan bağışlamaq istəyənlərin sayı üstünlük təşkil edir. Hazırda, ümumiyyətlə, orqan bağışlamaq üçün müraciət edən şəxslərin sayı 38 nəfər təşkil edir. Ümumilikdə, canlı olaraq sümük iliyi donoru olmaq üçün müraciət edən şəxslərin sayı 5 nəfərdir”.

Görünən odur ki, tibb inkişaf etdikcə insanın həyatda qalması üçün müxtəlif yollar kəşf edilir. Yəni bunlar hər şeyi, sağlamlığımızı belə qanuni yolla düzəltməyimizə şərait yaradır.

Bu da belə... Orqanını satmaq yox, bağışlamaq istəyənlər “Qara bazar”dan yan qaçın!

Seçilən
63
16
avtosfer.az

10Mənbələr