Azərbaycan BRİCS-in tamhüquqlu üzvü olmaq istəyir. Bu barədə VI çağırış Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova BRİCS ölkələrinin iyulun 10-da X Parlament Forumunun Sankt Peterburqda keçirilən plenar iclasında çıxışı zamanı deyib.
“Azərbaycan xarici siyasətində dialoqu, əməkdaşlığı və həmrəyliyi təşviq edir. Bu, ikitərəfli münasibətlərə və beynəlxalq platformalar çərçivəsində fəaliyyətə aiddir. Xüsusilə, bu, BRİCS ilə əməkdaşlığa aiddir. Azərbaycan artıq BRİCS-ə qoşulmaq arzusunu ifadə edib”, - deyə Qafarova bildirib.
Onun sözlərinə görə, parlamentlər səviyyəsində əməkdaşlığın inkişafı bu məqsədə nail olmağa kömək edəcək.
BRICS - sürətlə inkişaf edən beş ölkədən ibarət olan bir qrupdur. Bu qrupa Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika daxildir. 2011-ci ilə qədər təşkilatla bağlı BRIC abreviaturası istifadə olunurdu. BRIC-ə CAR-ın birləşməsiylə əlaqədar 18 fevral 2011-ci ildə, hind maliyyə nazirinin ərizəsi üzrə qrup BRICS adını daşımağa başladı.
BRICS üzvləri özlərini ən tez inkişaf edən böyük ölkələr kimi səciyyələndirir. Belə ki, Braziliya - kənd təsərrüfatı məhsuluyla zəngindir, Rusiya - dünyada ən böyük mineral resursların ixracatçısıdır, Hindistan - ucuz intellektual resurslara, Çin - ucuz əmək resurslarına, Cənubi Afrika Respublikası - təbii resurslara sahibdir.
Bəs Azərbaycan BRİCS-ə niyə üzv olmaq istəyir?
Keçmiş diplomat Nahid Cəfərov mövzu ilə bağlı ASTNA-nın əməkdaşı Kamran Mahmudovun suallarını cavablandırıb.
Senzor.az mövzunun aktuallığını nəzərə alaraq həmin müsahibəni cüzi ixtisarla öz oxucularına təqdim edir.
* * *
Sual: Nahid bəy, BRİCS nədir? Və əsas strategiyası, istiqaməti, hədəfləri nələrdir?
Cavab: BRICS 2009-cu ildə Çin, Rusiya, Braziliya və Hindistanın təsisçiliyi ilə yaradılan bir qrupdur. Qrupun əsas məqsədi nəhəng inkişaf etməkdə olan dövlətləri bir araya gətirərək Qərbin iqtisadi və siyasi gücünə qarşı vahid cəbhə yaratmaqdır. 2010-cu ildə CAR qrupa üzv olaraq qrupun adına daha bir hərf əlavə olundu. 2023-cü ildə Misir, Efiopiya, Səudiyyə Ərəbistanı, İran, Argentina, Birləşmiş Ərəb Əmirlikləri BRİCS-ə dəvət olundu. Argentina və Səudiyyə Ərəbistanından başqa adı qeyd edilən dövlətlər 2024-cü ilin yanvarından qrupa üzv oldular. Qrup üzvləri illik keçirilən sammitdə prioritetlər müəyyənləşdirir və siyasi və iqtisadi qərarlar qəbul edirlər. Hər bir üzv bir il boyunca qrupa rəhbərliyi həyata keçirir. Yeni üzvlərdən sonra qrupun adı BRİCS+ kimi qeyd edilir.
BRİCS-i əhəmiyyətli edən ən əsas elementlərdən biri dünya əhalisinin 45%-ni (3.5 milyard nəfər), dünya iqtisadiyyatının isə 28%-ni ($28.5 trilyon) özündə cəmləşdirməsidir. Qrup, eyni zamanda dünya neft resurslarının 44%-nə nəzarət edir. Nəzərə alsaq ki, Qərb dövlətlərinin dünya siyasətindəki ən effektiv təsir mexanizmlərindən biri Dünya Bankı və Beynəlxalq Valyuta Fondudur, BRİCS bu təsiri azaltmaq üçün 2014-cü ildə özlərinin maliyyə institutu olan Yeni İnkişaf Bankı təsis etdilər. Bu institut 2022-ci ilin sonuna qədər inkişaf etməkdə olan ölkələrdə 32 milyard dollar dəyərində infrastruktur layihələrə maliyyə ayırıb. BRİCS-in son zamanlar aktivləşməsinin ən əsas səbəblərindən biri kimi pandemiya dövründə Qərbin inkişaf etməkdə olan dövlətləri vaksinlərlə gec təmin etməsi və Rusiya-Ukrayna müharibəsi fonunda Rusiya və Çinlə Qərb arasında artan uçurumu göstərmək olar.
BRİCS-ə üzv olan ölkələri məqsədlərinə görə 2 qrupa bölmək olar: Çin və digər dövlətlər. Çinin bu qrupda ən əsas məqsədi inkişaf etməkdə olan dövlətləri, əsasən də Afrika qitəsində olan ölkələri, özündən asılı edərək hegemon güc statusunu qoruyub saxlamaqdır. Rusiya və İran BRİCS-i Qərbin sanksiyalarına qarşı alternativ nəfəslik kimi görür və Putinin son dövrlərdə BRİCS-lə bağlı açıqlamaları da Rusiyanın bu qrupun son dərəcə aktivləşməsində maraqlı olduğunu göstərir. Braziliya BRİCS-ə əlavə maliyyə mənbəyi kimi baxır və Şanxayda yerləşən Yeni İnkişaf Bankının rəhbəri də Briziliyanın keçmiş prezidenti Dilma Russefdir. Braziliya BRİCS-dən infrastruktur layihələri üçün 1.1 milyard dollar dəyərində kredit götürüb.
BRİCS-in davamlılığı 2 əsas faktordan asılıdır: Hindistan-Çin münasibətlərinin gərginləşməsi, Çinin üzv dövlətlərdən tələbi. Hazırda bu iki faktorun heç biri aktual deyil. Çinlə Hindistan arasında gərginlik soyuyub. Eyni zamanda, Çin qrupa üzv olanların üzərinə ciddi bir öhdəlik qoymur. Güman etmək olar ki, hər 2 faktor qrup güclənəndən sonra dəyişəcək.
Sual: Azərbaycan niyə BRİCS-ə maraq göstərir? Məqsədi nədir?
Cavab: Azərbaycanın BRİCS-ə maraq göstərməsinin ən əsas səbəbi də məhz Qərblə son zamanlar artan gərginlikdir. Rusiya-Ukrayna müharibəsi fonunda Qərb dövlətlərinin xarici siyasətində unudulmuş demokratik prinsiplər yenidən əhəmiyyət daşımağa başlayır. Bir çoxları bu müharibəni demokratik və avtoritar sistemlərin toqquşması kimi xarakterizə edir. Azərbaycana qarşı sansksiya çağırışları, Avropa Şurasında Azərbaycanın üzvlüyünün dondurulması, Avropa Parlamentində Azərbaycanla bağlı tənqidlər artıq sistematik hala çevrilir. Digər tərəfdən də hakimiyyətin qurduğu rüşvət şəbəkəsinin Qərbdə çökməsi rejimi manevr imkanlarından məhrum edir. Bununla yanaşı isə Azərbaycan Rusiya münasibətləri daha da inkişaf edir. Hətta Azərbaycanın xarici siyasəti ilə bağlı açıqlamaları Rusiya Xarici İşlər Nazirliyinin tribunalarından gəlir. Görünən odur ki, İlham Əliyev demokratik və avtoritar düşərgələri arasında uçurumun dərinləşdiyini görür və indidən siyasi hakimiyyətini güvən altına almaq üçün... BRİCS kimi bir qrupa üzv olmağa çalışır.
Sual: BRİCS Azərbaycana nə qazandıra bilər? Və ya əksinə?
Cavab: İlk öncə biz Azərbaycan deyəndə nəyi nəzərdə tutduğumuzu müəyyənləşdirək. Biz Azərbaycan deyəndə hakimiyyəti və Azərbaycan xalqını ayırmalıyıq. BRİCS-ə üzv olmaq Azərbaycan xalqına ciddi bir divident vəd etmir. Sabah Çinlə Azərbaycan arasında insan kapitalının sərbəst hərəkətinə dair müqavilə imzalansa Çindən milyonlarla ucuz işçi qüvvəsi Azərbaycana axacaq. Biz Çindən gələn ucuz işçi qüvvəsinin təsirini 2000-ci illərin 2-ci yarısında müşahidə etdik.
BRİCS-ə üzv olmaq isə hakimiyyətə böyük dividentlər vəd edir. Dünənə qədər Azərbaycanda islahatların aparılmamasının ən əsas səbəbi kimi Rusiya göstərilirdi. Əgər Rusiya bu müharibədə məğlub olsa, bu səbəb də aradan qalxmış olacaq. O zaman Azərbaycana Qərbdən gələn təzyiqlərin qarşısını almaq üçün Çin yardım göstərəcək.
Sual: Azərbaycan Qoşulmama hərəkatının üzvüdür. Belə olduğu halda BRİCS-ə üzv ola bilərmi?
Cavab: Qoşulmama hərəkatı, əsasən, hərbi təşkilatlarla bağlı keçərlidir. Bu hərəkatın nisbətən yeganə əhəmiyyət daşıdığı yer BMT-nin iclas zallarıdır. Bu zallarda müzakirələr zamanı Azərbaycan kimi ölkələr bu təşkilatdan bir platforma kimi istifadə edərək, bəzi üzvlərin dəstəyini əldə etməyə çalışır. Biz bunu Azərbaycanın 2012-ci ildə BMT-in TŞ-in qeyri-daimi üzvü seçiləndə gördük. Bu hərəkatın başqa bir əhəmiyyətini görə bilmirəm. Bu hərəkat eyni zamanda Azərbaycana hansısa bir siyasi təşkilata və quruma üzv olmağa mane olmur.
Sual: Sizin təklifiniz nədir? BRİCS-ə üzv olmaqdansa, Azərbaycan başqa hansı təşkilatlardan yararlana bilərdi?
Cavab: İstənilən bir təşkilata üzv olmamışdan öncə siyasi hakimiyyət Azərbaycan xalqını və onun maraqlarını təmsil etməlidir. Əgər xalqa sual etsək ki, siz ölkəsində azad mətbuat olmayan, insanların qorxaraq yaşadıqları, fikirlərini açıq bildirə bilmədikləri bir rusiyalı və ya çinli kimi yaşamaq istəyirsiz, yoxsa özünü xoşbəxt hiss edən və firavan yaşayan norveç və isveçli kimi. Bu sualın cavabı Azərbaycanın xarici siyasətinin prioritetlərini müəyyənləşdirməlidir...