AZ

Ağadadaş Ağayev “Xalq artisti” adından məhrum edilə bilərmi?

Xalq artisti Ağadadaş Ağayevlə bağlı qalmaqal ictimaiyyət arasında ciddi rezonans doğurub və fəxri adlar məsələni yenidən gündəmə gətirib.

Sosial şəbəkələrdəki müzakirələrdə bir çoxları Ağadadaş Ağayevi “Xalq artisti” adına yaraşmayan hərəkətlərə görə qınayıb, hətta onun bu fəxri tituldan məhrum edilməsini istəyənlər də olub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, iyulun 22-də paytaxtın Binəqədi rayonunda yerləşən özəl tibb müəssisəsinin (“MedEra” hospitalı) gözətçisi N.Cəlilovla Ağadadaş Ağayev arasında insident baş verib.

İnsidentin videogörüntülərindən aydın olur ki, Xalq artisti Ağadadaş Ağayev gözətçi N.Cəlilova balta atır, daha sonra onlar əlbəyaxa dava edirlər. Rəsmi məlumata görə, müğənninin atdığı balta başqa bir qadına xəsarət yetirib.

DİN fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açıldığını bəyan edib. Münaqişə tərəfləri N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb olunublar, istintaq hərəkətləri davam etdirilir.

Hadisə zamanı müğənnini döyən gözətçinin hərəkətlərini pisləyənlər də çoxdur və ictimaiyyət olaya gerçək hüquqi qiymət verilməsini gözləyir.

Fəxri ad daşıyan Ağadadaş Ağayevin isə qeyri-etik davranışı və qınaq obyektinə çevrilməsi müğənnini hədəfə çevirib. Bəs Ağadadaş Ağayevin “Xalq artisti” fəxri adı onun əlindən alına bilərmi? Modern.az-ın məlumatına görə, Azərbaycanda fəxri ad fərdi təşəbbüslə, habelə Milli Məclisin və Nazirlər Kabinetinin təklifi ilə Prezident tərəfindən verilir.

Fəxri ad adətən Azərbaycan Respublikasının vətəndaşlarına verilir, lakin digər ölkələrin vətəndaşlarına da təqdim oluna bilər. Azərbaycan Respublikasının eyni fəxri adı bir şəxsə təkrar verilmir.

Bəs fəxri ada layiq görülən şəxs hansı hallarda ondan məhrum edilə bilər?

Əsasnaməyə görə, fəxri ad almış şəxs iki halda ondan məhrum edilə bilər:

1. Fəxri ad almış şəxs ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda;

2. Fəxri ad almış şəxs onu ləkələyən xəta törətdikdə.

Cinayət məsuliyyətinə cəlb edilən müğənni Ağadadaş Ağayevlə bağlı istintaq hərəkətləri yekunlaşandan sonra işə məhkəmədə baxılacaq.

Seçilən
92
32
yenigundem.az

10Mənbələr