AZ

Rəsmən təsdiq və bəyan olundu- Ermənistan sürətlə müharibəyə hazırlaşır...

Image

Ramil Məmmədli: “Bu siyasət Ermənistanın aqressiv iddialarının güclənməsinə gətirib çıxaracaq və bu da bütün regionun sabitliyini təhlükə altına salacaq”

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistanın son təxribatları  və müharibəyə hazırlaşması haqda məlumat  yayıb.

Bildirilir  ki, Ermənistan tərəfindən bu kimi təxribatların törədilməsi birinci hal deyil və davamlı xarakter daşıyır:  “Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən “Avropa Sülh Fondu” adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir”.

Müdafiə Nazirliyi bir daha xəbərdarlıq edir ki, Ermənistan və onun havadarları Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq kimi niyyətlərindən çəkinməlidirlər: “Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünümüdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcək”.

Bildiririk ki, regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onun havadarlarının üzərinə düşəcək”.

Buradan belə qənaətə gəlmək olurmu ki, Ermənistanın sürətlə müharibəyə hazırlaşması rəsmi təsdiqini tapmış olur?

Hərbi-siyasi şərhçi  Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Nikol Paşinyanın Londonda Prezident İlham Əliyevlə görüşdən imtina etməsi  göstərdi ki, onlar müharibə ritorikasına qayıtmaqda maraqlıdırlar: “Ermənistanı cəsarətləndirən ABŞ və Fransanın onu NATO-ya inteqrasiyaya çalışmalarıdır. ABŞ-ın Ermənistan Müdafiə Nazirliyində çalışacaq daimi müşavir təyin etməsi, Aİ-nin mülki missiyasının sərhədə gətirilməsi, bu ölkənin ordusunə vəsait ayırması buna nümunədir. Sülh müqaviləsi imzalanmadığı halda atəşkəsin müharibəyə çevrilməsi risqi daha çoxdur. Region ölkələri qeyri-region ölkələrin qüvvələrinin Ermənistana yerləşdirilməsinin təhlükəli olduğunu düşünür və bundan narahatdırlar. 

Siyasilər razılığa gələ bilmirsə, hərbçilər “anlaşmağa” çalışır. Azərbaycan dəqiq mesajlar verir: Ermənistan sülh müqaviləsini imzalasın, Zəngəzur dəhlizinin açılmasını həyata keçirsin, konstitusiyada dəyişiklik etsin, sərhədlərin tanınması prosesi baş tutsun. Ermənistan bunları  həll etmək əvəzinə, sürətli silahlanmaya gedir.

Fransa və digər ölkələr bu gün də bölgədə gərginliyi artırır, müharibədə kapitulyasiya aktına imza atan Ermənistana müasir silahlar verməklə onu yenidən müharibəyə sövq etməyə çalışır. Bundan başqa, rəsmi Paris dəfələrlə beynəlxalq təşkilatlarda Azərbaycana qarşı uğursuz sanksiyaların qəbul edilməsinə cəhdlər göstərib.

Beləliklə, Cənubi Qafqazda Fransanın və digər ölkələrin  təsiri və Ermənistanın əli ilə hərbi gərginlik risqi artmaqdadır. Təəssüf doğuran hal ondan ibarətdir ki, Qərb qurumları da buna göz yumur. Qərbin söz sahibi olan nüfuzlu qurumları, dövlətləri anlamaq istəmirlər ki, bu siyasət Ermənistanın aqressiv iddialarının güclənməsinə gətirib çıxaracaq və bu da bütün regionun sabitliyini təhlükə altına salacaq”.

Məhəmmədəli QƏRİBLİ





Seçilən
27
44
baki-xeber.com

10Mənbələr