AZ

AB ilə Türkiyənin "dönər müharibəsi" başladı- səbəbkar Almaniyadır…

Image

Akif Nəsirli: “Almaniyanı narahat edən məsələ onun daxili bazarındakı istehsalçıların xərclərinin artmasıdır” 

Türkiyədə dönər istehsalçılarını təmsil edən İstanbulda yerləşən Beynəlxalq Dönər Federasiyasının dönər üçün "ənənəvi məhsul adı"(TGS) qeydiyyatı almaqdan ötrü Avropa Birliyinə etdiyi müraciət Almaniyada etirazlara səbəb olub. Almaniyanın Ərzaq və Kənd Təsərrüfatı Nazirliyi Türkiyənin müraciətinə etiraz edib.

Iddia olunur ki, dönər istehsalı standartlarının dəyişdirilməsi Almaniya bazarına böyük təsir göstərəcək və mənfi iqtisadi nəticələrə gətirib çıxaracaq. Almaniya hakimiyyəti artıq Avropa Komissiyasına etiraz edib. Əslində dönər ilk dəfə deyil Berlin və İstanbul arasında diplomatik çəkişmələrə səbəb olur. Aprel ayında Almaniya prezidenti Frank-Valter Ştaynmayer 1970-ci illərdə Almaniyada kök salmış türk miqrantlara təşəkkür əlaməti olaraq Berlindən Ankaraya dönər gətirmişdi. Lakin bu jest Türkiyədə birmənalı qarşılanmayıb. Onu da qeyd edək ki, dönər Almaniyada ən məşhur fast-food növlərindən biridir.

Maraqlıdır, Avropa Birliyinin dönəri standart yemək kimi qəbul etməməsinin səbəbi nədir? Bu etirazda siyasi amil varmı?  

“Almaniyada dönərə tələbat yüksəkdir, bu ölkə Türkiyəyə patent ödəməmək üçün standartların dəyişməsini bəhanə edərək məsələyə etiraz edib” 

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, dönər Almaniyada çox məşhurdur: “Dönər geniş alıcı kütləsinə malik qida məhsuludur. Hətta məşhur fast-food qidalarından belə öndədir. Hesab edirəm ki, Türkiyənin dönərin "ənənəvi məhsul adı"(TGS) qeydiyyatı almaq üçün Avropa Birliyinə etdiyi müraciəti adıçəkilən məhsulun patenləşdirilməsi, patent olaraq qardaş ölkəyə aid olduğu barədə hüquqi sənəd əldə etmək istəyir. Bu hüquqi sənəd əldə edildikdən sonra dünyanın istənilən nöqtəsində dönər adı altında məhsul istehsal edən şirkət birbaşa Türkiyə hökumətinə patent ödəyəcək. Bu məhsulun patentləşdirilməsində siyasi məsələ ilə yanaşı, iqtisadi amil də var. Avropa Birliyi Türkiyənin məlum müraciətinə müsbət cavab verərsə dünyanın istənilən yerində dönər adı altında fəaliyyət göstərən şirkətlər Türkiyəyə müəyyən məbləğdə patent ödəyəcək. Dönər hansı ölkədə çox yayılıbsa, geniş alıcı kütləsi varsa bu hal həmin yerə daha çox təsir edəcək. Məlumdur ki, Almaniyada dönərə tələbat yüksəkdir. Almaniya Türkiyəyə patent ödəməmək üçün standartların dəyişməsini bəhanə edərək məsələyə etiraz edib. Əslində  Almaniyanın etirazı maddiyyatla bağlıdır. Almaniya patenti ödəməkdən yayınmaq üçün bu addımı atıb”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, dönərin patentləşdirilməsində standartların dəyişməsi heç də əsas məsələ deyil: “Məlumdur ki, dönər   "ənənəvi məhsul adı" ilə qeydiyyata alınmalıdır. Standartlara dəyişiklik edilirsə, bu, müasir qida sənayesinin tələblərinə uyğun şəkildə edilməlidir. Danılmaz faktdır ki, Türkiyədə ilk dəfə hazırlanan dönərlə bu gün hazırlanan dönər arasında böyük fərq var”.

A.Nəsirlinin fikrincə, Almaniyanı narahat edən məsələ onun daxili bazarındakı istehsalçıların xərclərinin artmasıdır. Türk dönəri "ənənəvi məhsul adı" ilə qeydiyyata düşərsə Almaniya buna görə patent almalı olacaq və buna görə Türkiyəyə müəyyən məbləğdə vəsait ödəməlidir. Belə olan halda Almaniyada dönərin satış qiyməti qalxacaq. Almaniya yaşanacaqları düşündüyü üçün Türkiyəyə etiraz edib...

Günel CƏLİLOVA





Seçilən
44
baki-xeber.com

1Mənbələr