AZ

Partiyaların fəallığı "0" nöqtəyə dirənib- Allahın press-relizini də yaymırlar...

Image

Qabil Hüseynli: “Ölkə Prezidentinin nüfuzunun daha çox artdığı bir dönəmdə yeni partiyaların yaranması mənasız görünür”

Azərbaycanda siyasi partiya və təşkilatların ciddi ideoloji böhran keçirdiyi göz önündədir. Bəlkə də bu səbəbdəndir ki, bəzən özlərini  millətçi adlandıranların  sol platformanın şüarlarını səsləndirməsinin, liberalın “öncə millət” deməsi, solçusunun  isə sağçı mövqedən çıxış etməsinin şahidi oluruq.

İdeologiyaya tərs-mütənasib şəkildə qüvvələrin cəmiyyətə mesajlar çatdırması onların elektoratına da mənfi təsir edir. Düzdür, bütün siyasi təşkilatların, partiyaların sosial dayaqları olmalıdır. Son illər partiyalar bundan məhrum olub.

İllərdir bu siyasi partiyalar dünyada gedən proseslərlə bağlı bəyanat vermirlər. Hətta partiyanın fəaliyyəti ilə bağlı bülletenlər belə yaymırlar. Partiyaların təbliğatını aparan KİV və saytlar yoxdur. Bu təsisatlar partiyanın öz fəaliyyəti ilə bağlı olan məlumatları belə yaymırlar. Bunlar yalnız seçkidən-seçkiyə ya prosesi boykot etdiklərini, ya da seçkiyə getdiklərini bəyan etməklə kifayətlənirlər.

Siyasi partiyaların belə passivliyi nə ilə izah oluna bilər?

Uzun illər siyasi partiyalarda təmsil olunan, hazırda isə müstəqil politoloq kimi fəaliyyət göstərən Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, partiyaların fəaliyyətinin belə zəifləməsi məqsədyönlü olan prosesin nəticəsidir: “Bəzi partiyalar və onların rəhbərləri həddindən artıq yaşlanmışdı və partiyanı idarə edə bilmirdi. Eyni zamanda partiyanın sıralarında olan adamlar yürüdülən fəaliyyətdən narazı idilər və çıxıb gedirdilər. Son zamanlar ölkədə olan siyasi mühit də siyasi fəaliyyətin canlandırılması üçün normal şərait yaratmırdı. Müharibədə ölkə Prezidentinin qələbəsi, onun reytinqinin hədsiz dərəcədə artması siyasi mübarizənin əhəmiyyəti haqqındakı fikirləri sıradan çıxardı. Yeni partiyaların yaranması, yaxud da köhnə partiyaların canlandırılması indiki şəraitdə, xüsusilə də ölkə Prezidentinin nüfuzunun daha çox artdığı bir dönəmdə mənasız görünür. Mən hesab edirəm ki, çoxpartiyalı siyasi sistem demokratik cəmiyyətin başlıca öncüsüdür. Biz həmin çoxpartiyalı siyasi sistemi inkişaf etdirə bilmədik və partiyalar yavaş - yavaş əriyərək sıradan çıxdılar. Qalan partiyalar da ölkə Prezidentinin nüfuzunu qəbul edərək, onun yürütdüyü  siyasi xəttə riayət edirlər. Bəzi müxalif partiyalar isə boykot taktikasını tutaraq, seçkilərdə fəallıq göstərmirlər”.

Məhəmmədəli QƏRİBLİ





Seçilən
24
baki-xeber.com

1Mənbələr