AZ

Olimpiadanın medalçılarına hansı ölkə nə qədər pul verir? - Azərbaycan siyahının ön sıralarındadı

Paris Olimpiadasının startı yaxınlaşdıqca mediada müxtəlif ölkələrin medallara görə idmançılara ödəyəcəyi pulla bağlı yazılar artır.

Amerikanın “USA Today” nəşri bu mövzuda araşdırma aparıb. Bu mövzuda açıq mənbələrdə yer alan xəbərləri də əlavə edəndə çox maraqlı mənzərə alınır...

Çin məbləği gizli saxlayır
Bonuslarla bağlı bir önəmli məqamın üzərində dayanaq. İdmançılarının medal qazanmaq şansı az olanda səxavətli olmaq asandı. Mükafatların məbləği üzrə çoxillik lider Sinqapur fərdi idman növlərindəki çempionlarına 1 milyon Sinqapur dolları (700 min ABŞ dolları), komanda idman növlərində qalib gələnlərə 2 milyon dollar vəd edir. Ancaq bu ölkənin tarixində indiyə qədər yalnız bir idmançı – Olimpiada-2016-da 100 metrəyə üzməkdə çempion olan Cozef Skulinq cekpotu aparıb. ABŞ-nin Milli Olimpiya Komitəsinə (Ştatlarda bonusları hökumət yox, ictimai təşkilat ödəyir) Tokio-2020-də komanda hesabında birincilik 9 milyon dollara başa gəldi. Hərçənd amerikalılar digər aparıcı idman ölkələri ilə müqayisədə 1-ci yeri tutanlara az bonus ödəyir – cəmi 37,5 min dollar. Həmçinin fərdi və komanda idman növləri arasında fərqlər var. Ancaq bütün bunlar başqalarının pullarını saymağı xoşlayanları həvəsdən salmır.

Böyük Britaniya, Yeni Zelandiya, Norveç və İsveş ənənəvi olaraq, “mükafatlandırma yarışı”nda iştirak etmir – bu ölkələr mükafatçılarına 1 sent də ödəmir. Bu ölkələrdə idmançılar yalnız sponsorların hesabına qazanırlar. Hökumətin, MOK-un və yerli federasiyaların rolu hazırlıq, baş məşqçilərin və personalın xərclərinin ödənilməsi ilə məhdudlaşır. Bundan başqa, bəzi ölkələr mükafatların məbləğini rəsmi şəkildə açıqlamır. Məsələn, Çinin 2008-ci ildə çempionlara 50 min dollar ödədiyi məlumdu. Həmin vaxtdan bəri bu mövzuda hansısa yeni informasiya yoxdu. Düzdü, güllə atıcılığı üzrə olimpiya çempionu İ Silinin Olimpiada-2012-dəki “qızıl”a görə Quandun əyalətinin hakimiyyət orqanlarından 7,65 milyon yuan (1 milyon ABŞ dollarından çox), həmçinin dəyəri 30 min ABŞ dolları olan avtomobil aldığı məlumdu.

Maraqlıdı ki, Honkonqda yaşayan Çin vətəndaşları Olimpiadada ayrıca yığma (yerli Olimpiya Komitəsi BOK-un müstəqil üzvüdü) kimi iştirak edir. Bu ölkədə qızıl medalçılara 6 milyon Honkonq dolları (750 min ABŞ dolları) vəd olunur. Olimpiada-2020 ilə müqayisədə mükafat məbləğini 20 faiz də artıran Honkonq bu göstəricidə liderdi. Honkonqda komanda idman növlərində qələbənin dəyəri yerli pul vahidi ilə 12 milyon dollardı (ABŞ dolları ilə 1,5 milyon dollar). Tokio Olimpiadasında bu ölkənin idmançılarından yalnız qılıncoynadan Edqar Çenin qızıl medal qazandığını da xatırladaq.

İştirak etməməyə görə kompensasiya
Beynəlxalq Olimpiya Komitəsi Olimpiadalardakı nəticələrə görə atletlərə birbaşa pul ödəmir, sadəcə, beynəlxalq federasiyalara və Milli Olimpiya Komitələrinə yardım edir. Düzdü, Paris Olimpiadası ərəfəsində Yüngül Atletika Federasiyası (World Athletics) çempionlara 50 min dollar vəd etməklə aranı qarışdırdı. Bu qərar idman ictimaiyyəti arasında qızğın diskussiya doğurdu. Çoxları deyir ki, belə addım “olimpiya ruhuna ziddi”, axı bir çox başqa federasiyanın olimpiya bonusları ödəməyə pulu yoxdu. Bu arada Beynəlxalq Boks Assosiasiyası (IBA) Olimpiada-2024-ün qaliblərinə, ümumiyyətlə, 100 min dollar vəd edib. Sadəcə, burda bir incə nüans var: IBA çoxdan BOK ilə münaqişədədi, formal cəhətdən olimpiya turnirinin təşkilinə heç bir bağlılığı yoxdu. Təbii ki, belə demarş BOK-u qəzəbləndirib.
Bəzən Olimpiadada uğurlara görə ödənişlər spontan şəkildə təyin olunur, yəni əvvəlcədən elan olunmur. Məsələn, Səudiyyə Ərəbistanında karateçi Tareq Hamed Tokio-2020-dən sonra kumitedə (75 kq-a qədər çəki dərəcəsində) qəhrəmancasına finala çıxdığına görə 5 milyon rial (1,33 milyon dollar) mükafat aldı. Düzdü, Tareq finalda iranlı Səcəd Gənczadəyə uduzdu.

Bəzi hallarda idmançılar təkcə öz hökumətlərindən yox, yerli hakimiyyət orqanılarından və milli idman təşkilatlarından da mükafat alır. Məsələn, Hindistan hökuməti olimpiya çempionlarına 7,5 milyon rupi (100 min ABŞ dolları) vəd edir, yerli Milli Olimpiya Komitəsi isə ayrıca10 milyon rupi (120 min ABŞ dolları) ödəyir.

Bəs Azərbaycanda bu baxımdan vəziyyət necədi? Qızıl medal qazanan hər idmançıya 400 min, 2-ci yeri tutana 200 min, 3-cü yeri tutana isə 100 min manat mükafat nəzərdə tutulur. Milli Olimpiya Komitəsinin mükafat məbləğləri belədi: 200, 100 və 50 min manat. Müqayisə üçün xatırladaq ki, Ermənistan “qızıl”a 51500, “gümüş”ə 38600, “bürünc”ə isə 25700 dollar mükafat verir.

Ölkələrin olimpiya medallarına görə nəzərdə tutduğu mükafat
(ABŞ dolları ilə, ilk “30-luq”)
qızıl gümüş bürünc
Honkonq 768.500 384.000 192.000
Sinqapur 737.000 369.000 184.000
Çin Taybeyi 720.000 251.000 178.000
Türkiyə 380.000 230.000 115.000
Gürcüstan 370.000 185.500 92.700
Tayland 365.150 219.090 146.060
İndoneziya 346.000 138.500 69.250
İsrail 276.100 207.100 138.000
Qazaxıstan 250.000 150.000 75.000
Malayziya 236.000 71.000 24.000
AZƏRBAYCAN 235.000 117.500 58.750
Serbiya 214.900 85.960 64.470
Mərakeş 200.525 125.328 75.197
Özbəkistan 200.000 100.000 50.000
Filippin 200.000 100.000 40.000
İtaliya 193.410 96.705 64.470
Litva 180.188 90.124 67.608
Meksika 169.212 112.808 56.404
Macarıstan 155.000 110.000 88.000
Latviya 154.600 92.600 41.850
Belarus* 146.650 73.300 48.900
Ukrayna 125.000 100.000 80.000
Hindistan 119.700 89.800 59.870
Qırğızıstan 117.000 82.000 58.600
Çexiya 111.000 84.000 56.000
Estoniya 109.000 76.000 49.000
Kosovo 107.450 64.470 42.980
İspaniya 101.003 51.576 32.235
Yunanıstan 96.705 64.470 53.725
Bolqarıstan 91.000 73.000 54.000
* Olimpiadada iştiraklarına qadağa qoyulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
50
football-plus.az

10Mənbələr