AZ

Çin ixracatını Azərbaycanın hesabına genişləndirir...

Image

Bu gün Avrasiya miqyasında Azərbaycan mühüm nəqaliyyat qovşaqlarından biri hesab olunur. Xüsusən də Çinin artan ixracı fonunda Azərbaycanın nəqliyyat imkanlarına marağın daha da artması qeydə alınır. Avropanın məhşur “Ports Europe” nəşri yazır ki, bunlar fonunda Çinin “China State Railway” dövlət dəmir yolu şirkətinin rəhbərlərindən ibarət nümayəndə heyətinin Bakıya səfəri hç də təsadüfi xarakter daşımır.

Burada xatırlanır ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının rəhbərliyi ilə keçirilən görüşdə Azərbaycanın nəqliyyat-logistika sektorunun inkişaf perspektivləri və Çin mallarının Avropaya çatdırılması üçün istifadə imkanları müzakirə olunub: “Çin nümayəndə heyəti Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaları artırmaq imkanlarını nəzərdən keçirir”. Məqalədə qeyd olunur ki, görüş zamanı Çin ilə Azərbaycan arasında bu sahədə əməkdaşlıq potensialının araşdırılması və əlaqələrin genişləndirilməsi üzrə strateji təşəbbüslər də müzakirə edilib. Səfər çərçivəsində Çin Dəmir Yollarının rəhbərləri terminal və limanın texniki imkanları ilə tanış olublar. Çin üzrə ekspert, “The Europe Today” jurnalının redaktoru Malik Şafik  isə bildirir ki, Pekinin Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisi və istismarında iştiraka həvəs göstərməsi onun Çin və Avropa arasında əlaqələrin genişləndirilməsində strateji marağını əks etdirir: “Bu marşrut üzrə Azərbaycan və digər ölkələrlə daha sıx əməkdaşlığa can atan Çin bu mühüm yük qatarı dəhlizinin rahat işləməsini və genişlənməsini təşviq etməyə, bununla da regional inteqrasiyanı gücləndirməyə, istehsal və təchizat zəncirlərini sabitləşdirməyə çalışır. Bundan başqa, Çinin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməkdə Azərbaycana dəstəyi onun iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə sadiqliyini vurğulayır. Tərəfdaşlıq təmiz enerji təşəbbüsləri sahəsində əməkdaşlığı, yeni enerji istehsalı və emissiyaların azaldılması kimi yaşıl texnologiyalarda irəliləyişləri təşviq etmək məqsədi daşıyır”. Ekspert vurğulayır ki, Azərbaycanın strateji coğrafi mövqeyi onu Çin-Avropa yük qatarı üçün əsas nəqliyyat qovşağına çevirir ki, bu da onun qlobal logistikadakı rolunu əhəmiyyətli dərəcədə artırır: “Bu yük qatarına artan tələbat onun etibarlı nəqliyyat həlli kimi rəqabət üstünlüyünü vurğulayır, xüsusən də dəniz marşrutlarında nəqliyyat müddətlərinin və xərclərin artmasına səbəb olan Qırmızı dəniz böhranı fonunda. Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm komponenti kimi Azərbaycan Avropa və Asiyanın kəsişməsində dinamik bazar rolunu oynayır. Bu, onu Qafqaz və Avropa İttifaqı bazarlarına daxil olmaq istəyən Çin biznesləri üçün əsas qapı olan “Bir kəmər, bir yol” təşəbbüsünün mühüm qovşağına çevirir. Bu strateji mövqe Azərbaycanın regional ticarətdəki əhəmiyyətini artırmaqla yanaşı, qlobal ticarətdəki rolunu gücləndirir”. Qeyd edək ki, “Bir kəmər, bir yol” layihəsi 2013-cü ildən başlanıb. Layihə tarixi İpək Yolundan  ilhamlansa da Çinin 1978-ci ildə tətbiq etdiyi İslahatlar və açıqlıq siyasətinin davamı kimi də səciyyələndirilir.  Layihəyə hal-hazırda 150 dövlət üzvdür və onlar arasında Azərbaycan layihə yaranandan tərəfdaş olsa da 2020-ci ildən tam hüquqlu iştirakçısına çevrilib. Azərbaycanla Çin  iqtisadi münasibətləri hər il ixrac və idxalda artan faizlə davam etməkdədir. Hələ COVİD-19 pandemiyasından daxili və xarici siyasətində problemlərlə üzləşən Çin üçün Qərbə uzanan maraqlarnın Rusiya-Ukrayna müharibəsinin başlamasilə Azərbaycandan keçməsi labüd idi. Orta Dəhliz hazırda ən əlverişli yükdaşıma vasitəsidir. 

Qeyd edilənlər Azərbaycan və Çin arasında münasibətlərin bundan sonra da dinamik inkişafını şərtləndirir. Qazaxıstanın “A+Analytics” Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Kasenov qeyd edir ki, Azərbaycan Çin üçün strateji əhəmiyyət kəsb edir, çünki ölkə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli fəaliyyətində mühüm rol oynayır. O qeyd edib ki, rəsmi Pekin Bakıya əsas tərəfdaş kimi baxır və buna görə də qar.ılılqı münasibətlər dərinləşir: “Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyannamənin imzalanmasının müsbət nəticə olduğunu söyləyə bilərik. İstər Çində, istərsə də Azərbaycanda bir sıra paralel tədbirlər planlaşdırılıb və iqtisadi qarşılıqlı fəaliyyət hərtərəfli əməkdaşlığı gücləndirilir”. Xatırladaq ki, Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Orta Dəhliz 2014-cü ildən fəaliyyət göstərir və Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrinə qədər uzanır. 2023-cü ildə bu marşrutla 2,8 milyon tona yaxın yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86 % çoxdur. 2024-cü ildə yükdaşımaların həcmi 4 milyon tonu keçəcək. Bu ilin sonuna qədər Orta Dəhliz vasitəsilə 250-yə yaxın konteyner bloku qatarının göndərilməsi planlaşdırılır. Bununla yanaşı, iyun ayından etibarən Lyanyunqan limanından, eləcə də Sian limanından Bakıya konteyner bloku qatarları göndərilir. Bu da Azərbaycan vasitəsilə Çin ixracının artmasına imkan yaradır.

Ramil QULİYEV





Seçilən
34
baki-xeber.com

1Mənbələr