AZ

Ordubad şəhərinin yeni Baş planına yerli ziyalılar necə baxdılar?..

Image

Çingiz Özgür: “Yeni Baş plan qədim Ordubada toxunulmadan hazırlanarsa bu çox gözəl olar”

Son dövrlər Azərbaycanın müxtəlif şəhərlərinin Baş planı yenidən hazırlanır. Təbii ki, buna zərurət var. Şəhərlər günü-gündən genişlənir, əhali sayı artır, yeni tikililərə, yaşayış və inzibati binaların inşasına ehtiyac yaranır. 

Amma bir məqam xüsusi vurğulanmalıdır ki, şəhərlərin Baş planı hazırlanarkən yerli şərait, tarixi memarlıq məqamları da nəzərə alınmalıdır. Elə şəhərlər var ki, ora müasir elementlərin tətbiqi özünü doğrultmir, orada ənənəvi memarlıq üslubundan istifadə daha çox arzu olunur.

Bilirik ki, hələ keçən ildən Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərinin Baş planının hazırlanacağı barədə məlumat yayılmışdı. İndi isə artıq proses gerçəkləşmək yolundadır.

Belə ki, Ordubad şəhərinin Baş planının hazırlanması ilə bağlı onlayn görüş keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Seyidov, nazirliyin əməkdaşı Gülbuta Babayeva, Azərbaycan Respublikası Şəhərsalama və Arxitektura komitəsinin əməkdaşı Məzahir Hüseynov, İsveçrənin “SA Partners” şirkətinin əməkdaşları Angela Viest və İpek Kahraman iştirak edib.

Görüşün əsas məqsədi Azərbaycan Prezidentinin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planının müvafiq bəndinin icrası ilə bağlı Ordubad şəhərinin baş planının hazırlanması zamanı mədəniyyət abidələrinin qorunması, şəhərin ümumi tarixi görünüşünün diqqətdə saxlanılması ilə bağlı işlərin həyata keçirilməsidir.

Görüşdə qoruq ərazisində iş aparılması üçün nəzərə alınmalı olan amillər və qaydalar, qoruğun mühafizə zonasının olması və qaydaları, sərhədlərinin mövcudluğu, tikiləcək olan otel binası layihəsinin tarixi şəhər qaydalarına uyğunluğu, yeraltı su kanalları, kəhrizlərin, tunellərin sxemləri, qoruq ərazisində tikinti və bərpa işinin aparılması qaydaları və digər məsələlər müzakirə edilib.

Ordubadı necə tanıyırsız? Ordubadın Baş planının hazırlanmasında nələrin nəzərə alınmasını tövsiyə edərdiz? Orda nələr qorunmalıdır? Bütövlükdə, bu şəhərin Baş planı hazırlanarkən nəyə diqqət yetirilməlidir? 

“Ordubad camaatının, ziyalılarının, ağsaqqallarının rəyi, fikirləri, məsləhətləri Baş planda mütləq ki, öz yerini tapacaq” 

Tanınmış jurnalist, ictimai fəal, əslən Ordubaddan olan Çingiz Özgür “Bakı-Xəbər”ə şərhində “Söhbət Ordubadın şəhər planı ststusundan gedirsə, o zaman biz Ordubada şəhər olaraq yanaşmalıyıq. Amma Ordubad həm şəhəri, həm də kəndləri ilə tam bir məmləkətdir, bütöv yurddur. Bir-birini tamamlayan 40-a yaxın kəndi var. Bütün bunlarla və çox maraqlı iqlimi, təbiəti ilə Ordubad bir bütövlük təşkil edir. Biz Ordubadın Baş planı barədə danışırqsa, bu şəhər özündə qədim dövlətçilik ənənəsini yaşadan və çox maraqlı bir plana sahib olan bir şəhərdir. Ordubadın 7 məhəlləsi, hər məhəlləsində məscidi, hər məhəlləsində kəhrizləri var. Ordubad əsararəngiz bir şəhərdir. Şəhərə memarlıq tərəfdən yanaşdıqda Ordubad kifayət qədər qədim abidələrə malik olan bir şəhər kimi diqqəti cəlb edir. Bu yaxınlarda Prezidentin Ordubadın qoruq elan edilməsi ilə bağlı verdiyi sərəncam bir daha onu göstərir ki, sözün əsl mənasında Ordubad əmin əllərdədir, dövlətimizin xüsusi nəzarətində olan bir bölgədir. 

Burada nə baş verə bilər? Yeni Baş plan qədim Ordubada toxunulmadan hazırlanarsa bu çox gözəl olar. Sovet dövründə orda inşa olunan bəzi tikililər zamanla sıradan çıxıb. Məsələn, bu gün Ordubadda mehmanxana yoxdur. Düzdür, Ordubad camaatı o qədər qonaqpərvərdir ki, bəlkə bu üzdən heç mehmanxanaya ehtiyac hiss olunmayıb. Amma bütün hallarda şəhərdə mehmanxana tikilməsinə ehtiyac var. Vaxtilə mövcud olan böyük mehmanxana sökülüb, məhv olub. Əlbəttə, mehmanxana da, yerli turizimin potensialını üzə çıxarmaq, xarici turistləri qarşılamaq tələbinə cavab verəcək obyektlərin tikintisi də, kafe və restoranlar, uşaq əyləncə mərkəzləri, istirahət yerləri də lazımdır. Müasir kənd modellərindən istifadə edib bu işlərin görülməsi kəndlərə gərəkdir. Zaman-zaman kənd icmaları, şəhər icması tərəfindən də müəyyən işlər görülür. Baş plandan danışarkən, mən bu işə bir ordubadlı kimi yanaşıram. Bu baxımdan ona arxitektura baxımından yanaşa bilmərəm, çünki memar deyiləm. Baş plan bütövlükdə Ordubadın qədimliyini qorumaq şərtilə müasir Ordubadda yer almalıdır. Belə düşünürəm. Ordubadın elə məhəllələri, elə tikilləri var ki, heç bir halda onları itməyə, kölgədə qalmağa qoymaq olmaz. Yeniliklər gözəldir. Əgər Ordubadın yeni simasında qədimliyi, tarixiliyi qorumaq, saxlamaq şərti ilə bir Baş plan hazırlanacaqsa, bunu yalnız alqışlamaq olar”-deyə bildirdi.

Ç.Özgürün sözlərinə görə, Ordubad ziyalıları ilə Ordubad rayon  İcra Hakimiyyətinin başçısı ilə görüşündə də şəhərin Baş planının hazırlanması məsələsi xüsusi müzakirə olunub. “Ona görə “Ordubad əmin əllərdədir” deyirəm ki, oranın icra başçısı əslən Ordubaddan olan, əsl ziyalı bir insandır, eyni zamanda da Ordubadı çox yaxşı tanıyır. Ona görə də inanıram ki, yeni Baş plan həm Ordubad, həm ordubadlılar, həm də bütövlükdə Azərbaycanımız üçün ən xeyirlisi olacaq, Ordubad camaatının, ziyalılarının, ağsaqqallarının rəyi, fikirləri, məsləhətləri Baş planda mütləq ki, öz yerini tapacaq. Çünki o məsləhətləri alan, o fikirləri öyrənən Ordubadın bir icra başçısı var. Bu mənada hesab edirəm ki, hər şey yaxşı olacaq. Baş plan haqda memar oolmadığı üçün peşəkar fikir söyləyə bilmirəm və orada nə olacağından xəbərsizəm. Bir Ordubad ziyalısı olaraq öz mövqeyimi bildirirəm”.

Ç.Özgür hesab edir ki, Baş plan hazırlanarkən Ordubadın tarixinə toxunulmayacaq və şəhərin öz qədim ruhu saxlanılacaq. Bununla belə, müsahibimizin sözlərinə görə, Ordubadda yeni binalırın tikintisinə, su təsisatlarına, müasir standartlara uyğun keyfiyyətli yollara, köhnə yolların bərpasına ehtiyac var. “Amma Ordubadda əvvəlki dövrlərdə olduğu kimi, “mədəni abidələri qorumaq” adı ilə dağıdılmasına ehtiyac yoxdur. Bunun olacağını da düşünmürəm. Çünki o dövr keçib, arxada qalıb. İndi yəqin ki, Ordubadın Baş planını hazırılayanlar bu məsələlərə bizdən daha həssasdırlar” - deyə Ç.Özgür bildirdi.

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
baki-xeber.com

1Mənbələr