AZ

Qatı antitürk iranşünas Voskanyanın Azərbaycandakı casusları ələ keçdi...

Image

Ermənistanda oturub Azərbaycana qarşı qərəzli və həqiqətə uyğun olmayan məlumatlar yayan, qondarma iddialarla gündəmə gəlməyə çalışan, müxtəlif platformalarda cəfəng söhbətlər edən, antriazərbaycan, antitürk mövqeyi sərgiləyən İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan artıq ölkəmizin içinə də əl uzatmağa başlayıb. 

Biz ondan “yeganə çıxış yolu müharibədir”, “cəmiyyətimizə mütəmadi olaraq təbliğ edilən ən təhlükəli mövzulardan biri odur ki, Bakı Ermənistan üçün ölümcül olmayan şərtlərlə sülhə razılaşa bilər” kimi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına əngəl olan cəfəngiyatlar eşitmişik. O, yalandan Azərbaycanı “toponim müharibəsində” suçlayıb. Xəstə təfəkkürlü Voskanyan hətta iddia etmişdi ki, İsrailin İran konsulluğunun Dəməşqdəki binasına hücumu guya rəsmi Bakının Netanyahu hökuməti ilə İrana qarşı “sövdələşməsi kimi görünür”. O, qədim türk qalası olan İrəvan qalasını “Erabuni” “erməni qalası” adlandırıb. Bir sözlə, bu alimciyəz o qədər antiazərbaycan, antitürk söhbətləri edib ki, saymaqla qurtarmaz. Biz ayrı-ayrı vaxtlarda onun xəstə təxəyyülünün məhsulu olan cəfəngiyatlara münasibət bildirmişik, onun cavabını arqumentlərlə vermişik. Hətta o, feysbuk hesabında qəzetimizi tənqid edən məqalə də vermişdi. İndi də Voskanyanın yeni bir əməli ifşa olunub. Demə ki, o, İrəvanda oturub Bakıda özünə beyni yuyulmuşlardan emissar axtarırmış. Hətta müəyyən qədər buna nail də olub. 

Rəsmi məlumata diqqət yetirək: 24 iyul 2024-cü ildə Bakı şəhəri Səbail Rayon Məhkəməsində Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı Əbilov İqbal Şahin oğlu barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Xarici ölkədə yaşayan adıçəkilən şəxs Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Əbilov İqbal Şahin oğlu üçüncü ölkə ərazisində məskunlaşıb Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə, onlarla razılaşdırılmış qaydada Azərbaycan Respublikası ərazisində etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməkdə təqsirləndirilir.

Məhkəmə prosesində, digər dəlillərlə yanaşı, İqbal Əbilovun İrəvan Dövlət Universitetinin Şərqşünaslıq kafedrasının rəhbəri və Ermənistanda fəaliyyət göstərən Şərqşünaslıq İnstitutunun direktoru - Ermənistan xüsusi xidmət orqanlarının nəzarətində Azərbaycanın ərazi bütövlüyü əleyhinə məqsədyönlü iş aparan Asatrian Garnik Seroboviç ilə SKYPE vasitəsilə apardığı gizli danışıqlar və sövdələşmələri də elan edilib.

Müəyyən olunur ki, İ.Əbilovun xarici xüsusi xidmət orqanlarının nümayəndələri ilə birgə müxtəlif ölkələrdə olan pozucu qüvvələri cəlb etməklə Azərbaycanın ərazi bütövlüyü əleyhinə qondarma təşkilatın fəaliyyətini təşkil etməsinə, həmçinin Ermənistan XXO ilə əlaqəli Vardan Voskanyan və digərlərinin ölkəmizə qarşı düşmənçilik fəaliyyəti həyata keçirməsinə kömək etməsinə də şübhələr var.

Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittiham elan olunub.

Məhkəmə İqbal Əbilov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrasının rəhbəri, Azərbaycan düşməni Vardan Voskanyan dediyimiz kimi, Azərbaycan əleyhinə çox yazılar yazıb, İranpərəst mövqedən çıxış edib. “Zəngəzur dəhlizinin” açılmasına mane olan cəfəng iddialar irəli sürüb. Habelə Qarabağ məsələsi, indiki Ermənistan ərazindəki  tarixi yurdlarımız, toponİMlərimiz barədə yanlış məlumatlar yayıb. İndi də məlum olub ki, demə, Azərbaycanda onun əlaltıları var. Bu adamlarla danışır, onlardan məlumat alır, onlara tapşırıq verir. Bütün bunlar istintaqdan məlum olub. 

Maraqlıdır, Azərbaycanda bir gəncin daim ölkəmizə, xalqımıza böhran atan şəxslə bu əlaqələrində məqsəd nə ola bilər? Bu mexanizm necə yarana bilərdi? Voskanyan onu necə, hansı yolla ələ keçirib, əməkdaşığa cəlb edə bilər? 

Faiq Ələkbərli: “Türk düşməni Voskanyan kimiləri öz çirkin məqsədlərinə çatmaq üçün hər cür təhlükəli üsula əl ata bilirlər” 

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, V.Voskanyan tipik ermənidir və onda erməni hiyləgərliyinin hər detalı var. Voskanyan kimilərinin əsas məqsədi sosial şəbəkələrdən və başqa platformalardan istifadə edib Azərbaycan əleyhə rəy yaratmaq olduğunu deyən F.Ələkbərli hesab edir ki, ola bilsin, o hansısa üsuldan istifadə edərək o gənci ələ keçirib. “Voskanyanın gerçək bir türk düşməni olduğunu və onun antiazərbaycan təbliğatını bilməyən yoxdur. Adını alim qoyan bu adam hər zaman Azərbaycana şər-böhtan atıb, cəfəng fikirlər səsləndirib. Onun kimiləri hər zaman Azərbaycanın əleyhinə işləyir. Öz çirkin niyyətlərinə çatmaq üçün Voskanyan kimiləri hər cür çirkin üsula əl atırlar. Bu gənci necə cəlb edib, bunun üçün hansı üsullardan istifadə edib, bunu demək çətin deyil. Voskanyan erməni məkrinin və hiyləgərliyinin bütün məziyyətlərini daşıyan birisi kimi yəqin hansısa üsullarla azərbaycanlı gənci öz təsiri altına sala bilib. Ola bilsin, humanzimdən danışıb, kosmopolizm ideyalarından istifadə edib, yaxud başqa bir təklif irəli sürüb. Kosmopolit gənclərə Voskanyan kimiləri təsir edə bilir. Burada bizim bilmədiyimiz amillər də istisna deyil. Voskanyan yəqin ki, hansısa amillərdən istifadə edib o gəncin şüuruna təsir edib, beynində dolaşıqlıq yaradıb. Bilirsiz, türk düşməni Voskanyan kimiləri öz çirkin məqsədlərinə çatmaq üçün hər cür təhlükəli üsula əl ata bilirlər”.

F.Ələkbərli hesab edir ki, bu məsələni detallı bilmədiyimiz üçün geniş danışmaq mümkün deyil. O bildirdi ki, bu barədə əsas sözü istintaq deyəcək.

Sədrəddin Soltan: “İndi o gəncin hansı yolla şirnikləndirildiyini, yəqin ki, Azərbaycanın xüsusi xidmət orqanları müəyyənləşdirəcək” 

Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Bakı-Xəbər”ə “Mahmud Kaşğarinin  “Divani lüğət-it-türk” əsərində belə bir ata sözü var: “Özgə məhəlləsindən öz məhələsinə hürən it kimi”. Öz dövlətinə, öz vətəninə xəyanət edən, onun maraqlarını başqalarına satanlar ancaq və ancaq tülkü və it timsalındadır. Tülkünün və itin hüquqlarını müdafiə edənlər bizi qınaya bilər. Amma bu onların yaşam tərzidir, o yaşam tərzini bəzi insanlar özləri üçün örnək seçirlər. Yəni başqaları tərəfindən yallanırlar” - deyə bildirdi.

S.Soltan qeyd etdi ki, bu cür adamlar dünya malına öz vətənlərini, milli maraqlarını satanlardır, onları da bizə düşmən olanlar yallandırırlar. S.Soltanın sözlərinə görə, Azərbaycan müstəqilliyini bərpa edəndən daim bu kimi adamlar ölkəmiz daxilində, vətəndaşlarımız olaraq, təəssüf ki, bizimlə bir yerdə yaşayıblar. “Necə olur ki, bunlar iradə cəhətdən zəif insanlar olur? Onları dini istiqamətdə ələ alırlar, onlar dini cəhətdən savadsız olurlar. Habelə, belələri həm də Azərbaycanı sevməyənlər olur. Azərbaycanda Birinci və İkinci Qarabağ müharibəsində şəhid olanlar arasında türk olmayan xalqların nümayəndələri də, talış, kürd, ləzgi, yəhidi, rus və başqa etnik qrupların təmsilçiləri də var. Hətta 20 yanvar faciəsi qurbanları arasında türk olmayanlar da yox deyil. Bunların hamısının Vətəni Azərbaycandır, öz vətənlərinin, öz dövlətlərinin azadlığı, ərazi bütövlüyü uğrunda mübarizə aparıblar. Azərbaycan konstitusiyası ilə bunların insan haqları, təmsil olunduqları etnik haqları da qorunur. 

Burda xarici qüvvələr, düşmən olan dövlətlər həmin tip zəif iradəli, Azərbaycanı sevməyən, özündən müştəbeh insanları müxtəlif yollarla özlərinə cəlb edirlər. Bu, şirnikləndirmə vasitəsilə, ilk növbədə pulla olur. Sonra qadınla şirnikləndirirlər və sair. 

İndi o gəncin hansı yolla şirnikləndirildiyini, yəqin ki, Azərbaycanın xüsusi xidmət orqanları müəyyənləşdirəcək. Amma Azərbaycana qarşı fəaliyyət göstərdiyinə dair xəbərlər yayılıb, o istiqamətdə araşdırmalar aparılır. Çox maraqlıdır ki, xarici qüvvələrə işləyən o cür şəxslər adətən mənsub olduqları, yaxud barəsində yazdıqları etnik qruplarla azərbaycanlılar və türklər arasında birləşdirici məqamlara diqqət yetirmirlər. Halbuki, hər iki etnik qrupun bir vətəni var, bir dövləti var, onların birgə yaşayışı üçün də şərait var. Ağla bölücülük, düşmənçilik, satqınçılıq etmək gələrsə türklər, azərbaycanlılar arasında belə parçalanma aparmaq mümkündür. Bütün bunlar hamısı Azərbaycan cəmiyyətinin parçalanmasına, onun bütövlüyünə qarşı tuşlanıb. Hesab edirəm ki, Azərbaycanın ərazi bütövlüyü, cəmiyyətinin bütövlüyü, dar məqamda bir-birini dəstəkləməsi, dövlətin maraqlarını müdafiə etməsi qonşu Ermənistanın da, İranın da və başqalarının da xoşuna gəlmir. Ona görə həmin dövlətlər bu tip zəif xarakterli insalardan sui-istifadə edirlər. Vaxtlə Ermənistanda belələri Azərbaycana qarşı konfranslar keçirirdilər, guya Qarabağın Ermənistana aid olmasından, ordakı Azərbaycan vətəndaşı olan erməni sakinlərin hansısa hüquqlarından danışırdılar. Nəticə artıq bəllidir. Həmin o qüvvələr artıq əvvəlki pafosla Azərbaycana qarşı ittihamlar irəli sürə bilmirlər. Məsələn, daha bir örnək göstərim, Ayətullah Seyid Əli Xamneinin Azərbaycan üzrə nümayəndəsi Höccətül-İslam Əli Əkbər Ocaq Nejat da vaxtilə Azərbaycanda “beşinci kolon” yaratdı və özü də, “kolonu” da ifşa olunduqdan sonra Azərbaycan ictimaiyyətindən, cəmiyyətindən çəkildi, yox oldu. Bunlar eynən parazit, vərəm xəstəliyi, insan orqanizmində yaşayan mikroblar, viruslar kimidir”. 

S.Solatının fikrincə, insan zəifləyəndə o xəstəliklər ona hücum çəkdiyi kimi, belə insanlar da dövlətə, onun təməl prinsuplərinə qarşı çıxış edirlər, amma iflasa uğrayırlar. 

İradə SARIYEVA





Seçilən
29
baki-xeber.com

1Mənbələr