AZ

Əli ətəyindən uzun qayıdan futbolçular... - YAZI

Klublarımız yay “transfer pəncərəsi”ndən maksimum yararlanmaq, heyətini gücləndirmək istəyir.

Onlar bazara üz tutarkən ilk növbədə azərbaycanlı futbolçuları axtarırlar. Beləcə ötən yay böyük həvəslə Türkiyəyə yollananlar bu dəfə başıaşağı vətənə qayıdırlar...

Ötən yay 6 futbolçumuz legioner həyatı yaşamaq üçün Türkiyəyə getmişdi. Şahruddin Məhəmmədəliyev və Renat Dadaşov superliqa təmsilçilərindən "Adana Dəmirspor" və "Hatayspor", Coşqun Diniyev 1-ci liqa təmsiçilərindən "Ümraniyəspor", Vüsal İsgəndərli "Boluspor", Sərtan Taşkın "Manisa", Bəxtiyar Həsənalızadə isə "Tuzlaspor" ilə müqavilə bağlamışdı.
Son günlərdə gözlənilməz şəkildə qayıdanlardan biri Şahruddin Məhəmmədəliyev oldu. Adanadan ayrılandan sonra bir müddət klubsuz qalan qapıçı hərlənib-fırlanıb yenə “Qarabağ”a üz tutdu. Məhəmmədəliyevi yarıtmazlıqda günahlandıranlar onun geri qayıtmasına da biganə qalmadılar. Hətta birbaşa Qurban Qurbanovu ittiham edənlər də tapıldı.
Ramil Şeydayevin transferi daha gurultulu oldu. O, açıq-aşkar qitə futbolunda sözünü demək əvəzinə daha asan – pul qazanmaq yolunu tutub. Belə olmasaydı, “Buriram Yunayted”dən “Kocaelispor”a, ordan da vətənə dönməzdi.

Bəxtiyar Həsənəlizadə “Tuzlaspor”dan ayrılıb “Araz-Naxçıvan”a qayıtdı. Mahir Emreli isə “Dinamo”dan ayrılıb. Ancaq Azərbaycana dönüb-dönməyəcəyi dəqiq deyil. Qurban Qurbanov bu yöndə danışıq aparmadıqlarını desə də, şəxsən mən Mahiri sabah Ağdam klubunun formasında görsəm, təəccüblənmərəm.

Nəticə etibarilə azərbaycanlı futbolçular başqa ölkəyə ya çətin uyğunlaşır, ya da heç uyğunlaşa bilmir. Yaşıl meydandakı problemlər də öz yerində. Məsələn, Ramil Şeydayev komandasının az qala ən baha futbolçusu idi. Amma çıxdığı heç bir oyunda ümidləri doğrultmadı. Şahruddin də onun kimi. Ya bəlkə Renat Dadaşov Türkiyədə fövqəladə oyun göstərdi, bizim xəbərimiz yoxdu.

Bəlkə Türkiyədə azərbaycanlı futbolçulara soyuq münasibət var? Onda Bəxtiyar Həsənəlizadə niyə tənqid olunmurdu? Futbolçu ögey münasibət görməyib. Deməli, burda əsas səbəb səviyyədi.
Bəli, futbolçular vətənə dönməklə loru dildə desək, özlərinə “gün ağlamaq” istəyirlər. Ya ayrıldıqları kluba dönürlər, ya da bir başqasına. Legionerlik də təcrübə kimi yazılır dosyelərinə. Vəssalam. Demək olar ki, Avropada baş çıxaran legionerimiz yoxdu. Bircə Rahil Məmmədovu istisna etmək olar. 28 yaşlı müdafiəçi Polşanın LKS klubundan ayrılıb “Radomyak”la anlaşdı. Həm də 2 illik müqaviləsi var.

Futbolçulara “qucaq açan” klublarımıza gəlincə, onları indidən ittiham etməyə dəyməz. Yəqin nəsə bir bildikləri var.

RÖYANƏ OĞUZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
football-plus.az

1Mənbələr