AZ

Azərbaycan Cümhuriyyətinin İrandakı səfirliyi

Dostlar, uzun illər sənədlərlə işlədiyimdən hər bir tarixi məktubun arxasında onun müəllifinin ən azı ümumi bir obrazını görməyə alışdığımı düşündüyüm bir zamanda bundan sonra kiminsə, xüsusilə tanınmış insanların, siyasət, dövlət adamlarının məni necəsə heyrətləndirə biləcəyini təsəvvürümə belə gətirmirdim. Amma inanın ki, indiyədək bir sarsıntı içindəyəm.

Bir aspirantımın “İranın Azərbaycana dair siyasəti. 1917-1922-ci illər” mövzusunda dissertasiya işində olan bəzi qeyri-müəyyənlikləri aydınlaşdırmaq üçün neçə illər əvvəl Parisdən, Əli Mərdan bəy Topçubaşovun arxivindən gətirdiyim sənədlərə, xüsusilə onun 1920-1930-cu illər İranda Azərbaycan mühacirətinin nümayəndələri, o cümlədən Cümhuriyyətin İrandakı səfiri Adil Xan Ziyadxanla yazışmalarına bir daha baxası oldum (Bu sıradan sənədləri hələ də tam şəkildə işləyib nəşr etməyə imkan tapa bilmirəm).

Oxuduqlarım istər adı çəkilən dissertasiyada, istərsə həmin mövzu ilə bu və ya digər dərəcədə bağlı bir sıra tədqiqatlarda mövcud olan boşluqların doldurulması, eləcə də yol verilmiş təhriflərin dəqiqləşdirilməsi baxımından xeyli kənara çıxır, mövzuya dair tamamilə yeni faktların, hadisələrin, sənədlərin elmi-ictimai dövriyyəyə gətirilməsini zəruri edirdi. Odur ki, orijinal tədqiqat yazmaq qərarı verildi və indi həmin məqalə sizə təqdim olunur (Elmi məqalə formatında 70-dən çox istinad-mənbə, Azərbaycan, İran, Fransa arxivləri, müəllif tədqiqatları göstərilir).

Azərbaycan Cümhuriyyətin yarandığı gündən öz xarici siyasətini formalaşdırmaq, mühüm bildiyi dövlətlərlə, xüsusilə qonşu ölkələrlə diplomatik əlaqələr qurmaq tarixində İranla münasibətlərin tənzimlənməsi ən ağır bir proses olub. Məqalədə bu proses bütün məlum siyasi tərəfləri ilə yanaşı, həm də gözlənilməz bir təsadüf nəticəsində olduqca dramatik bir xarakter alması baxımından da araşdırılır. Səfirliyin fəaliyyəti və başda səfir özü olmaqla əməkdaşları üçün son dərəcə ağır, xoşagəlməz nəticələri olmasaydı. bütün bu olaylar bəlkə də “Azərbaycan diplomatiyasının macəralar tarixindən” kimi də qiymətləndirilə bilərdi. Amma bu maraqlı hekayətin ən qiymətli, heyrət doğuracaq qədər əhəmiyyəti yalnız hadisələrin gedişi və sonluğu ilə deyil, onun əsas iştirakçılarının, xüsusilə Adil xan Ziyadxanla Əli Mərdan bəy Topçubaşovun yazışmaları fonunda canlanan parlaq obrazları ilə bağlıdır. Bu hekayətin yalnız məni deyil, onun ilk oxucularından birini, Azərbaycan tarixinin və ədəbiyyatının görkəmli tədqiqatçısı, professor, tanınmış diplomat, hazırda Bosniya-Herseqovinada Azərbaycanın səfiri Vilayət Quliyevi də yaxşı mənada sarsıtdığını bilirdim. İndi hörmətli ziyalımızın yazışmasından gətirdiyim sətirlərlə sizi bir daha bu şanlı tariximizlə təmas qurmağa, Böyük Kişilərin düşüncə dünyasına qərq olmağa dəvət edirəm:

“Cümhuriyyətin İrandakı səfirliyi haqqındakı yazınızın növbəti hissəsinin ilk oxucularından oldum. Bir heyranlığımı sizinlə bölüşməyə bilmirəm. Dövlət adamlarımız - Əlimərdan bəy, Adil xan nə qədər saf, halal, dürüst, təmənnasız, sözün yaxşı mənasında idealist insanlar imişlər! Bünövrəsi yüksək dövlətçilik təfəkkürü, halallıq və borca sədaqət, ən xırda işlərdə də məsuliyyət hissi ilə qurulan bir Cümhuriyyət!.. Üstəlik, çox qısa müddət ərzində onlar dövlətçilik təcrübəsini, peşəkarlığı, möhkəm daxili intizamı, gələcək qarşısında məsuliyyət hissini necə, harada əldə etmişdilər? Yəqin hər şey qan və gendəki nəciblikdən, xalq və tarix qarşısındakı cavabdehlik hissindən qaynaqlanırmış...”.

Təpədən dırnağa qədər zadəgan, Qacarlar Şah sülaləsinə mənsub olan, maddi rifah və nemətlər üçündə böyümüş kübar Adil xan Ziyadxan sinfilik nəzəriyyəsini əsas tutaraq onu Vətəndən didərgin salmış və müflis etmiş bir rejimdən - Kommunist idarəçiliyindən bəhs edərkən özünün sırf demokrat mövqeyi ilə böyük bir sarsıntı yaradır. İtirilmiş azadlığı geri qaytardıqdan və "xalqa təhvil verdikdən" sonra onun ilk olaraq diqqət yetirdiyi məqam: "O zaman xalq öz iradəsini sərbəst ifadə etmək imkanı əldə edəcək və Xalqın iradəsinə tabe olmaq bizim borcumuzdur". Bu cümlə qətiyyən gəlişixoş sözlər deyildir, çünki Adil xan bu fikrin davamında yazır: "Əgər bizim azad xalqımız öz düşüncəsinə görə, kənar təzyiq olmadan, məs., kommunist idarə üsulunu özü üçün daha məqbul idarəçilik forması hesab edərsə, mən birinci olaraq azad xalqın azad qərarı qarşısında baş əyərəm və sevinərəm ki, bizim türk xalqı o qədər inkişaf edib ki, seçdiyi demokratik respublika forması ona dar gəlir və o, dəyişilməyə məhkumdur". Doğrudur, burada Adil xan "kommunizm" deyərkən bu termini "hazırda xalqımıza tətbiq olunan mənada" deyil, "sözün ideal saf mənasında" qəbul etdiyini vurğulayır.

Təbii ki, Adil xan Ziyadxan, artıq yuxarıda deyildiyi kimi, Aprel işğalından sonra Sovet Azərbaycanından İrana mühacirət edən yüzlər və minlərlə soydaşları vasitəsilə ölkədəki kommunist rejiminin geniş xalq kütlələrinin yeni ad altında zorakılığa və əsarətə məruz qoyduğundan yaxşı xəbərdar idi. Bununla belə, ümidini itirmir, "Şərait bizim üçün nə qədər pis olsa da, mən hesab edirəm ki, nəticədə biz yenə də qalib olmalıyıq. Bir vaxtlar azad dövlət həyatı yaşamış xalq onu tamamilə itirə bilməz və nə vaxtsa, bu və ya digər şəkildə, nəyin bahasına olursa olsun onu özünə geri qaytarmalıdır!"

Hazırda "öz həyatının bütün məzmununu təşkil edən məhz bu xəyalla yaşadığını" vurğulayan Adil xan özünün və Əlimərdan bəyin "xalqın maraqlarına xidmət etməkdən ibarət olan" keçmiş həyatlarını, Sankt-Peterburqda artıq tarixə dönmüş bürokratik hakimiyyətə Xalq adından Müraciət hazırladıqları dövrü xatırlayır, "təbii ki, sizin və İsmayıl xanın məndən çox xidmətləri var, belə ki, siz həbsxanalarda yatdınız, təlatümlü yollardan keçərək xalqımıza azadlıq qazandınız..."

Despotik rejimin qızğın çağında xalqı üçün kifayət qədər əziyyət çəkən, işgəncəyə məruz qalan

insanların bu xidmətləri qarşısında "xalqımızın yeni himayədarları" tərəfindən "mürtəce" adlandırılmalarını Adil xan "taleyin acı istehzası" kimi qəbul edir və bu, onu qəlbən ağrıdır. Lakin əlləri günahsız qardaş qanına bulananların nə vaxtsa Allahın və xalq məhkəməsinin sərt hökmü ilə cəzalanacağına olan inamı onu "Əziz Vətənimiz naminə, onun səadətinin bərqərar olacağı ümidi bütün mənəvi əzablara səbirlə dözməyə" səfərbər edir: "Axı nə vaxtsa Vətənimizə günəş doğmalı, yorğun qəlblərimizi isitməlidir!!!"

Adil Xan Ziyadxanın və Əlimərdan bəy Topçubaşovun bu məktublarını oxumaq və yazılanların mahiyyətinə varmaq bir çox qarışıq hisslər - maraq, təəccüb, qürur, heyrət, təəssüf, kədər, fərəh - doğurur. Bu hisslərin ən ağırı yuxarıdakı son sətirlərin yazıldığı 1923-cü ildən sonrakı onilliklərdə Azərbaycanın keçdiyi tarixi mərhələləri bilməkdən gəlir: Vətəninin və xalqının azadlığı uğrunda mübarizə aparmış, bu azadlığa qazanmış, müstəqil Azərbaycan dövlətçiliyini qurmuş, daha sonra onun işğal və süqutunun bütün acılarını yaşamış insanların "Vətənə bir daha Günəş doğacağına" və onların da "yorğun qəlblərini isidəcəyi"nə olan ümidlərinin öz sağlıqlarında doğrulmadığı həqiqətən böyük təəssüf və kədər doğurur.

Hərçənd, son olaraq Azadlıq Günəşinin Vətən üzərində həqiqətən doğacağı inamı onları aldatmamışdı. Böyük məhəbbət və məsuliyyətlə adını çəkdikləri və qısa müddətə də olsa "azad həyat yaşatdıqları" Xalq həmin "azadlıq ləzzətini" sonrakı nəsillərə ötürdü. Vətəndən uzaqlarda qaldırdıqları və şərəfini qoruduqları "Azərbaycan Cümhuriyyətinin bayrağı" meydanlara gəldi və yüzlərlə paytaxtlarda açılan səfirlik binalarının üzərindən dalğalandırıldı. Qarşısında bu qədər məsuliyyət duyduqları "Gələcək tarixçilər" də özlərinə qarşı hədsiz sərt və tələbkar olan Cümhuriyyət nəslinin Vətən, Millət və Tarix qarşısında xidmətlərini hərtərəfli araşdırdı və layiqincə qiymətləndirdi. Bu nəslin uzun illər yasaq sayılan adları açıqlandı, ömür yolları öyrənildi, zəngin yazılı irsləri dəfələrlə nəşr olunaraq gənc nəsillərə çatdırıldı. Və bu işlər indi də davam edir və təbii ki, hələ bundan sonra da edəcək.

Odur ki, burada Cümhuriyyət tarixinin yalnız bir səhifəsinə - gənc respublikanın İranda səfirliyinin açılmasına və iki qonşu-qohum dövlət arasında diplomatik münasibətlərin qurulmasına həsr olunmuş bu məqaləni, onun əsas qəhrəmanlarının - yalnız tarixin gedişi ilə deyil, taleyin də hökmü ilə dramatik hadisələr yaşamağa vadar edilmiş insanların - sonrakı həyat hekayətinə dair ən qısa məlumatlarla bitirək.

Adil xan Ziyadxan - Azərbaycanın tanınmış ictimai, siyasi və dövlət xadimi, diplomat. Azərbaycan xarici işlər nazirinin müavini, Azərbaycan Cümhuriyyətinin İranda səfiri

Azərbaycan Cümhuriyyətinin İrandakı nümayəndəliyinin ilk və son başçısı Adil xan Ziyadxan səfirliklə bağlı bütün məsələlərə son qoyulduqdan sonra bir müddət İranda qalmış, bu ölkənin təbəəliyini qəbul etmiş, müxtəlif illərdə Tehran Bələdiyyə idarəsində, İranın Sosial Təminat Nazirliyinin kənd təsərrüfatı şöbəsində, Təbriz Dəmiryol və gəmiçilik idarəsində çalışmışdır. 1934-cü ildə İstanbula köçərək ömrünün qalan hissəsini Türkiyədə yaşamış, İstanbul Universitetində dərs demiş, 1957-ci ildə 80 yaşında bu şəhərdə vəfat etmişdir. Adil xan Ziyadxan həm də qələm sahibi olmuş, "Səyahətnamə. Avropada üç aylıq bir səyahətim" (1909-cu il), "Azərbaycan haqqında tarixi, ədəbi və siyasi məlumat" (1919-cu il), "Qələmin uçuşu" (1931-ci il) adlı kitabları istər sağlığında, istərsə sonralar dəfələrlə nəşr edilmişdir. "Qələmin uçuşu" əsərində İranda işlədiyi və yaşadığı dövr haqqında bəhs etmiş, lakin İrandakı səfirliklə bağlı bu məqalədən kənar hər hansı yeni məlumatlar gətirməmiş, ümumiyyətlə bu mövzuya demək olar ki, toxunmamışdır. Lakin Əlimərdan bəy Topçubaşovla 1920-1924 və 1927-1932-ci illəri əhatə edən məktublarında Adil xan Ziyadxanın İranda yaşadığı dövrdə özünə və bu ölkədəki Azərbaycan mühacirlərinə aid xeyli məlumatlar, onun düşüncələrini ehtiva edən məqamlar vardır ki, yəqin ki, kitab halında ayrıca nəşr olunacaq. 

Əlimərdan bəy Topçubaşov - Azərbaycan dövlətinin fövqəladə səfiri, Azərbaycan hökumətinin naziri, Paris Sülh konfransında Azərbaycan nümayəndə heyətinin başçısı

Cümhuriyyətin İrandakı səfirinin müavini kimi nümayəndəliyin ikinci siması sayılan, Azərbaycan diplomatiyası sahəsində ilk uğurlarına və verdiyi böyük ümidlərə rəğmən, adı bu tarixə tamamilə başqa bir hadisə ilə bağlı düşmüş Əkbər ağa Sadıqovun sonrakı taleyi isə daha acı bir sonluqla bitmişdir. Artıq yuxarıda qeyd edildiyi kimi, 1920-ci il Aprel çevrilişindən sonra, hadisələrin hələ hansı məcrada davam edəcəyi məlum olmasa da, İrandakı iş yerinə qayıtmayan, xüsusilə səfirlik üçün Cümhuriyyət hökumətindən aldığı küllü miqdarda pul vəsaitini belə onu səbirsizliklə gözləyən Missiyaya çatdırmaq üçün hər hansı addımlar atmayan Əkbər ağa Sadıqov əlindəki pulları, özünün iddia etdiyi kimi, hansısa "dekretə" görə "yeni hökumətə təhvil verəndən" sonra nədənsə vətəndə də qalmır, Gürcüstana çıxa bilir və 1921-ci ildə artıq İtaliyada olan ailəsinə qovuşur. Yuxarıda gətirilən sənədlərdən aydın olduğu kimi, 1923-cü il üçün o, artıq İtaliyanın Peruca şəhərində yaşayırdı və burada yenidən ali təhsil alırdı. Əkbər ağanın sonrakı illər həyatına gəldikdə isə təəssüf ki, yalnız çox kiçik bir məlumatla kifayətlənməli oluruq. Xaricdəki siyasi mühacirətin ilk tədqiqatçılarından olan, görkəmli diplomat və ictimai xadim, tədqiqatçı yazar Ramiz Abutalıbovun kitablarının birində "xaricdə təhsilini başa vurmuş, lakin Azərbaycana qayıtmamış tələbələrdən bəhs edərkən onlardan ikisinin taleyinin çox dramatik şəkildə, intiharla bitdiyini yazır. Bu iki nəfərdən biri kimi Laperuze (İtaliya) Kənd Təsərrüfatı İnstitutunun məzunu Əkbər Sadıqın 1928-ci ildə öz həyatına son qoyduğu göstərilir. Bu bir cümlədən ehtimal etmək olar ki, Ramiz Abutalıbov Əkbər Sadıqın (Sadıqovun) əvvəlki tərcümeyi-halından xəbərsiz imiş və mümkündür ki, onu Cümhuriyyətin göndərdiyi 100 tələbədən biri kimi qəbul edirmiş.

Əkbər ağa Sadıqov - Azərbaycan Cümhuriyyətinin İrandakı səfirinin müavini

Bu intiharların səbəbini dözülməz həyat şəraiti ilə izah edən müəlliflə razılaşmaq olar. Belə ki, həmin dövr xaricdəki Azərbaycan mühacirətinin böyük əksəriyyətinin ağır maddi durumu və ehtiyac içində yaşadıqları məlumdur. Lakin bu, heç də sırf mühacirət amili ilə bağlı deyildi. 20-ci illərin ikinci yarısından Qərb dünyasında dərin iqtisadi böhran güc toplamağa başlamışdı və gün-gündən artan işsizlik, pulsuzluq, ehtiyac, ümidsizlik artıq milyonlarla insanı əhatə edərək güclü depressiya xəstəliyi və bu psixoloji halın nəticəsi kimi intihar hallarının sayını xeyli artırmışdı. Əldə hər hansı sənədlər olmadan, 36 yaşlı Əkbər Ağa Sadıqovu özünü öldürməyə vadar edən digər səbəblər haqqında hər hansı ehtimallar irəli sürmək isə yəqin ki, düzgün olmazdı.

Səfirliyin taleyi ilə bağlı hadisələrlə məlumatlandırılmış və Əkbər ağa Sadıqov məsələsinin aydınlaşmasında müəyyən rol oynamış üçüncü şəxsə, Azərbaycanın görkəmli siyasi, ictimai, dövlət xadimi Əlimərdan bəy Topçubaşova gəldikdə isə, onun bioqrafiyası geniş məlumdur. Odur ki, burada onunla kifayətlənək ki, Cümhuriyyət Parlamentinin sədri və Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin başçısı 20-ci illərin ikinci yarısında İrandakı Azərbaycan mühacirətinin tanınmış simaları, əsasən iş adamları və Adil xan Ziyadxanın özü ilə yazışmalarını bərpa etmiş, bu məktublarda Sovet Azərbaycanında baş verən hadisələr, xüsusilə kollektivləşmə nəticəsində İrana böyük mühacirət axını məsələləri geniş müzakirə olunmuşdur. Əlimərdan bəy Topçubaşov 1934-cü ilin noyabrın 5-də Parisdə vəfat etmiş, lakin həyatının son illərini çox ağır maddi sıxıntı içərisində keçirdiyinə baxmayaraq, Paris Nümayəndəliyinin arxivini və dünyanın müxtəlif ölkələrinə səpələnmiş Azərbaycan mühacirətinin üzvləri ilə yazışmalarını qoruyub saxlamış, bununla da daim haqqında düşündüyü "gələcək tarixçiyə" zəngin və misilsiz bir irs qoyub getmişdir.

Seçilən
60
anspress.com

1Mənbələr