AZ

Onlar ölməzdir!

İlham Əliyev: Şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir

Ötən dövrdə 15 000-dək mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib

İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinin xüsusi bir qəhrəmanlıq səhifəsidir. 44 günlük müharibənin nəticələrinə uyğun olaraq Azərbaycan son 200 illik tarixində ilk dəfə torpaq itkilərinə məruz qalmadı, əksinə ərazi bütövlüyünü, bunun davamı olaraq isə 2023-cü ildə Qarabağda suverenliyini hərbi-siyasi yolla təmin etdi. Qazanılan qələbələr xalqımızın əbədi qürur mənbəyidir.

 Bu zəfərlərin əsas memarı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev, əsas qəhrəmanları isə şəhidlərimiz və qazilərimizdirlər. Dövlətimizin başçısı müxtəlif auditoriyalarda çıxışları zamanı müharibənin ağırlığının məhz gənclərin üzərinə düşdüyünü dəfələrlə vurğulayıb. Azərbaycan gəncləri əsl vətənpərvərlik, fədəkarlıq nümunəsi göstərdilər, “Arxamızda Vətəndir!” deyib daim irəli getdilər, sinələrini düşmən gülləsinə sipər etməkdən çəkinmədilər. Müharibədən sonra isə respublikamızda şəhidlərin xatirəsi ehtiramla anılır, onların ailələrinə və qazilərə hərtərəfli dövlət qayğısı göstərilir. Təkcə son vaxtlarda Prezident İlham Əliyevin Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olması, şəhid hərbçi Natiq Qasımova Milli Qəhrəman adının verilməsi ilə bağlı Sərəncam imzalaması, onun ailəsinə yeni mənzilin açarının təqdim edilməsi bu qayğının əyani təzahürüdür.

Şəhid ailələrinə, qazilərə hərtərəfli dövlət qayğısı

Möhtəşəm Zəfərimiz yaddaşlarda əbədi yaşayacaq

Dərsliklərdə, məktəblərdə uşaqlara, yeniyetmələrə mərdlik, igidlik, vətənpərvərlik hisslərinin aşılanması üçün mücərrəd qəhrəmanlardan bəhs etməyə heç bir lüzum yoxdur. Tam qətiyyətlə deyə bilərik ki, gənc nəslə nümunə ola biləcək qəhrəmanlarımızın sayı  bu gün real həyatda kifayət qədər çoxdur. Azərbaycan hərbçiləri Qarabağın azad edilməsi uğrunda gedən döyüşlərdə misilsiz şücaətlər göstəriblər. Yetər ki, onları tanıdaq, Zəfər tariximizi dərindən öyrənək, yaddaşımıza əbədi yazaq. Elə Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması tapşırılmışdı. Sərəncamdan dərhal sonra Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin layihələri hazırlandı və tikinti işlərinə başlanıldı. İyulun 24-də Prezident İlham Əliyev Zəfər parkında aparılan tikinti işləri ilə tanış olub. Qeyd edək ki, bundan əvvəl 2023-cü il sentyabrın 27-də Anım Günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkına gəliblər. Dövlətimizin başçısı və birinci xanım burada görülən işlərlə tanış olublar və dəyərli tövsiyələrini veriblər.

8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi doqquz hektardan çoxdur. Parkın girişində 44 tağ elementindən istifadə edilib. Tağlar Qələbəyə aparan rəmzi yolun başlanğıcını tərənnüm edir. İnşası davam edən tağın hündürlüyü 44 metr, eni isə 22 metrdir. Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılacaq. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirəcək. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınacaq.

Zəfər Muzeyinə park ərazisindən iki istiqamətdə giriş olacaq. Sahəsi 9 min 200 kvadratmetr olan muzeyin yan divarında Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan əsgər və zabitlərin adları qeyd ediləcək. Ziyarətçilər muzeyi gəzdikdən sonra park hissəsinə daxil ola biləcəklər. Zəfər parkında, həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi yaradılacaq. Parkın sonunda Azadlıq Bayrağı Meydanının inşası da nəzərdə tutulur. 

Yaddaş bağçası parkın son hissəsində yaradılacaq. Bu hissəyə enən cığır hündür haşiyəli çiçək və yaşıllıqlarla əhatə olunacaq. Yaddaş bağçasının ətrafında istirahət guşələri yaradılacaq, oturacaqlar qoyulacaq. Su hövzəsinin mərkəzində isə Azərbaycan Bayrağı dalğalanacaq.

Heç kim unudulmur, heç nə yaddan çıxmır

Müharibələrin dəhşətli üzü var. Müharibələr ölüm-itim gətirir, insanların həyatını qırır, doğmaları bir-birindən ayırır. Bəzən də elə olur ki, qəhrəmanlar gec, illər ötəndən sonra aşkarlanır. Bütün dünyaya “Vətəni necə sevmək lazımdır” nümunəsi göstərmiş Natiq Qasımov kimi. Prezident İlham Əliyev 25 iyun 2024-cü il tarixində  Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Sərəncam imzalayıb. O, bu şərəfli ada ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə ölümündən sonra layiq görülüb. Natiq Qasımovun düşmən tərərfindən qətlə yetirilməsindən uzun illər ötür. Onun döyüş yolunun təfərrüatları isə sonradan müəyyən edilib. Müharibələrdən bəhs edərkən nahaq yerə demirlər ki, heç kim unudulmur, heç nə yaddan çıxmır.

Qeyd edək ki, bir müddət bundan öncə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda N. Qasımovun qəhrəmanlığı və şücaəti düşmən hərbçiləri arasında vahimə və psixoloji gərginlik yaratdığı üçün səhra komandiri Vitali Balasanyan ona erməni əsgərlərin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncələr verərək qətlə yetirdiyi bildirilib.

Məlumat üçün bildirək ki, Natiq Qasımov 1971-ci ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. Ermənistan silahlı birləşmələrinin Azərbaycanın suveren ərazilərinə hücumu ilə əlaqədar 1991-ci ildə könüllü olaraq Ağdam rayonunda təşkil edilmiş “Qaradağ şahinləri” taboruna yazılıb və Vətənin müdafiəsində iştirak edib. 12 mart 1992-ci ildə Xocalı rayonu, Pirlər (Xramort) kəndi istiqamətində gedən döyüşdə erməni hərbçiləri tərəfindən əsir götürülüb.

O, Xocalı rayonu, Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı 6 döyüş yoldaşı həlak olduqdan sonra 5 gün ac-susuz orada qalaraq təkbaşına döyüşüb. Gülləsi qurtardığından 6-cı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Onun əsir götürülməsi faktı Rusiyada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqalədə təsvir edilib.

Onun həyat hekayəsi haqqında çəkilən “Oğul” sənədli filmi 2022-ci ildə ekran üzü görüb. Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin ərsəyə gətirdiyi, rejissoru və ssenari müəllifi Karan Sinqh olan film böyük rezonans yaradıb. Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən zaman italyan müharibə fotoqrafı Enriko Sarsini də orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alır.

Genişmiqyaslı mənzil təminatı proqramı

Azərbaycanın şəhid ailələrinə və qazilərə qayğı siyasətinin mühüm bir istiqamətini onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması təşkil edir. Dünyada hansısa bir səbəbdən müharibəyə cəlb olunan ölkələrin sayı çoxdur. Ancaq onların heç də hamısında döyüşlərdə həlak olanların ailələrinə və yaxud əlillik qazanan hərbiçilərə dövlət tərəfindən inşa olunan mənzillər verilmir. Götürək elə məğlub Ermənistanı. Bu ölkədə bəlli kateqoriyadan olan insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması yada da düşmür, onlara Prezident İlham Əliyevin təbirincə desək, heç daxma da verilmir. Respublikamız isə dünya üzrə müharibədə həlak olan hərbiçilərin ailələrini və qaziləri dövlət vəsaiti ilə tikilən mənzillərlə təmin edən azsaylı ölkələr sırasında yer alır. Ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin mənzillərlə təmin olunması proqramı uğurla həyata keçirilir. Xatırladaq ki, Prezident İlham Əliyev 25 yanvar 2021-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu sənəd 2020-ci ildə Ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə yüksələn hərbiçilərimizin ailələrinin və bu müharibə ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin mənzil və ya fərdi evlərlə təminatını nəzərdə tutur.

Müvafiq proqrama uyğun olaraq ölkəmizdə 2025-ci ilədək 11 min şəhid ailəsinin və qazinin mənzillərlə təmin edilməsi planlaşdırılır. Prezident İlham Əliyevin 25 avqust 2021-ci il tarixdə imzaladığı növbəti Sərəncama əsasən Vətən müharibəsi qəhrəmanlarına və onlardan şəhid olanların ailələrinə də mənzillər verilir. 

Bu günlərdə şəhid Milli Qəhrəman Natiq Qasımovun ailəsi də yeni mənzil almağın sevincini yaşayıb. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Natiq Qasımovun anası Dursun Qasımovaya Gəncə şəhərində yerləşən MİDA yaşayış kompleksindən ikiotaqlı, tam təmirli mənzil təqdim edilib.

Bildirilib ki, imtiyazlı şəxslərin mənzillə təminatı tədbirlərinə müdrik siyasətçi Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanıb və hazırda da uğurla davam etdirilir. Ümumilikdə, ötən dövrdə 15 000-dək mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub.

Şəhidlərin ailə üzvlərinə, qazilərə göstərilən çoxsaylı sosial xidmətlər

Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Yeni Azərbaycan”a verilən məlumatda qurum tərəfindən postmüharibə dövründə şəhid ailələrinin üzvlərinə və qazilərə göstərilən çoxsaylı xidmətlər barədə geniş bəhs olunub. O cümlədən qeyd olunan  sosial dəstək paketi çərçivəsində postmüharibə dövründə:

• şəhid ailələrinin üzvləri və müharibə veteranları olan 105 min şəxsə 118 min aylıq sosial ödəniş, 23,2 min şəxsə birdəfəlik ödəmə təyin olunub;

• şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6072 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 528 avtomobil təqdim edilib;

• şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 65,6 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib;

• müharibə ilə əlaqədar əlilliyi olan 2173 şəxs 58,7 min reabilitasiya vasitəsi, o cümlədən 476 şəxs 572 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub;

• şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları olan 22 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10,6 min şəxs özünüməşğulluq proqramına cəlb olunub;

•postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 128 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 350 min xidmət göstərilib.

•Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən indiyədək 4133 nəfər Vətən müharibəsi iştirakçısına əlillik təyin edilib. Əlillik təyinatı aparılmış şəxslərin hər birinə proaktiv qaydada sosial ödənişlər təyin olunaraq ödənilib.

Azərbaycan cəmiyyətinin böyük ehtiramı 

Azərbaycan cəmiyyətində şəhidlərin ruhuna böyük ehtiram bəslənilir, onların ailə üzvlərinə və qazilərə hər cür diqqət göstərilir. O cümlədən Cənubi Qafqaz coğrafiyasının ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu da ölkəmizin ərazi bütovlüyü uğrunda şəhid olan hərbçilərin ailələrini və qazilərimizi daim diqqətdə saxlayır. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən bayramlar ərəfəsində şəhid ailələrinə, qazilərə baş çəkilməsi, onların sovqatlarla sevindirlməsi artıq ənənə halını alıb. Fondun dəstəyi ilə Vətən müharibəsində ağır yaralanan bir neçə qazimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib. Eyni zamanda, Mehriban Əliyevanın tapşırığına əsasən, “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi uğurla tamamlanıb. Tətbiq edilən yeni protezlərin texniki imkanları amputasiya olunmuş hissə ilə hərəki uyğunluq yaradır. Bunun sayəsində protezlə ayaq və yaxud əl bir-birinə maksimum uyğunlaşmış olur. İstifadəçi protezi amputasiya olunmuş hissənin davamı kimi hiss edir və daha rahat addım atır, aktiv hərəkət edir.

Həmçinin  “YAŞAT” Fondu da şəhid ailələrinə, eləcə də Qarabağ qazilərinə xüsusi dəstək nümayiş etdirməkdədir. Fondun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün xüsusi layihəsi uğurla icra edilir. Şəhidlərimizin yeni doğulan övladlarının zəruri xərcləri fond tərəfindən qarşılanır. Bu məqsədlə 1000 manat məbləğində pul anaya təqdim olunur və dünyaya gələn  körpənin adına 5000 manatlıq hesab açılır. Həmin hesaba vəsait fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılır. Şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Mübariz ABDULLAYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
yeniazerbaycan.com

1Mənbələr