AZ

Sülh olmasa...

Müdafiə Nazirliyindən Ermənistana sərt xəbərdarlıq

Belə görünür ki, uzun illər ərzində apardığı işğalçılıq siyasəti ilə regionda təhlükəsizliyə və sabitliyə ciddi təhdidlər yaradan Ermənistan özünün pis ənənəsindən - təxribat əməllərindən əl çəkmək istəmir. 44 günlük müharibədə, 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində burnu ovulan, bütünlüklə kapitulyasiyaya məruz qalan Ermənistan silahlı qüvvələri məyyən fasilədən sonra iki ölkə arasındakı sərhədlərdə yenidən gərginlik yaratmağa cəhdlər göstərib.  Belə ki, iyulun 20-si saat 22:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutub. 

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. 

Oxşar təxribat iyulun 25-də fərqli ünvanda təkrarlanıb. Bu dəfə saat 10:55 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. 

Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb.

Sərhəddə Ermənistan tərəfindən törədilən təxribatlarla əlaqədar Azərbaycan Müdafiə Nazirliyi iyulun 25-də Bəyanat yayıb. Sənəddə qarşı tərəfə sərt müharibə xəbərdarlıqları edilib. 

Ermənistan Azərbaycana qarşı növbəti müharibəyə təhrik edilir

Son vaxtlarda N.Paşinyan və Ermənistanın digər yüksək səviyyəli rəsmiləri davamlı olaraq ölkələrinin sülhə sadiqliyindən bəhs edirlər. Hətta onlar sülh sazişinin cəmi bir ay ərzində imzalanması ehtimalından da danışırlar. Ancaq bütün bunlar boş sözlərdir və havaya atılan gülləyə bənzəyir. Dildə sülh deyib özünü dünyaya “ağ göyərçin” timsalında təqdim etməyə çalışan bu dövlət reallıqda fərqli davranışlar sərgiləyir. Bu davranışlar sülh çağırışları ilə daban-dabana ziddiyət təşkil edir. 

Ermənistanda revanşist qüvvələr var və onlar Azərbaycanın ərazi bütövlüyünü, Qarabağ üzərində suverenliyini tam təmin etməsi reallığı ilə barışa bilmirlər. Həmin qüvvələr sanki pusquda dayanaraq qisas almaq üçün məqam gözləyirlər. Ermənistanın hərbi büdcəsini artırmasını, Hindistandan, Fransadan öldürücü silahlar almasının başqa məntiqi yoxdur. “Bir ay ərzində sülh sazişini imzalamağa hazırıq” deyən ölkə bunları nə üçün edir? Xaricdən tədarük olunan silahların tuşlana biləcəyi ən potensial ölkə, heç şübhəsiz ki, Azərbaycandır.

Əlbəttə, Ermənistanın öz gücünə Azərbaycanla yeni müharibəyə başlamaq imkanları sıfıra bərabərdir. Revanşistləri qızışdıran, məğlub dövləti yeni müharibəyə təhrik edən kənar güclərin canfəşanlığını xüsusi qeyd etmək lazımdır. Burada bir sıra digər ölkələrlə yanaşı, erməni lobbisinə sıx bağlı olan Fransa hakimiyyətinin, şəxsəm E.Makronin mənfi rolu qabarıq şəkildə nəzərə çarpır. Bütövlükdə Fransanın Ermənistanı birtərəfli qaydada dəstəkləməsi həm siyasi, həm də hərbi və digər müstəvilərdə təzahür edir. Bəzi xatırlatmalar etmək yerinə düşər. İndiyədək Fransa hakimiyyəti həmişə Ermənistanı dəstəkləyəcəyinə dair çoxsaylı bəyanatlar verib, Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı sanksiya tətbiq edilməsi çağırışları edib. Həmçinin Fransa parlamenti erməni lobbisindən aldığı tezislər əsasında ölkəmizə qarşı bir neçə qətnamə qəbul edib. Makron o Makrondur ki, müəyyən müsbət dinamikanın əldə olunduğu Brüssel formatını alt-üst edib. Makronun Ermənistan rəhbərliyinə birbaşa siyasi təsiri bir qədər bundan əvvəl Avropa Birliyinin Londonda baş tutan Zirvə görüşündə yenidən təsdiqini tapdı. Həmin Zirvə tədbirindən öncəki günlərdə Ermənistan mətbuatında Azərbaycan Prezidenti ilə Paşinyanın Londonda növbəti görüşünün razılaşdırıldığ barədə məlumatlar tirajlanırdı və bu məlumatlar rəsmi dairələr tərəfindən təkzib olunmurdu. Sammitdə Makronla Paşinyan ikilikdə özlərisayağı görüşüb pıça-pıçla hansısa məsələlərdən danışdılar. Məhz həmin təmaslardan sonra Ermənistan tərəfindən Paşinyanın Azərbaycan Prezidenti ilə görüşməyəcəyi barədə açıqlamalar dövriyyəyə buraxıldı. Burada  Paşinyana “görüşə getmə” tapşırığının Makrondan gəldiyi gün kimi aydındır.

Fransa siyasi müstəvidə olduğu kimi, hərbi cəhətdən də Ermənistanı hərtərəfli şəkildə dəstəkləyir. Məhz bu ölkənin səyləri sayəsində Avropa İttifaqının yarımhərbi missiyası Ermənistana göndərildi. Fransa tərəfindən Ermənistanın “Bastion” çoxməqsədli zirehli avtomobilləri və “Sezar” özüyeriyən artilleriya qurğuları ilə təchiz edilməsi istiqamətdə atılan addımlar hər kəsə yaxşı məlumdur. Makronun Londonda bəhs olunan  Zirvə toplantısında Ermənistanın hərbiləşdirmə siyasətinə haqq qazandıran və Azərbaycana qarşı açıq qərəzli mövqe nümayiş etdirən fikirləri Fransanın regionda gərginlik yaratmaq və sülh prosesinə mane olmaq cəhdlərinin daha bir bariz nümunəsidir. Makron və digərləri yaxşı bilirlər ki, Azərbaycanın suveren ərazilərində Ermənistanın 30 il davam edən işğalına son qoymaq, ölkəmizin  suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün apardığımız müharibə tam ədalətli müharibə idi. Biz heç bir dövlətə qarşı təcavüzə əl atmamışdıq, öz ərazilərimizi, suverenliyimizi təmin etmək istəyirdik və buna da nail olduq. İşğalçı dövlət olan Ermənistanın silahlanmasına haqq qazandırmaq isə əsla mümkün deyil. Ermənistana silahların verilməsi və törədilən təxribatlar yeni müharibə hazırlıqlarının tərkib hissəsidir. Müdafiə Nazirliyinin Bəyanatında bu məqama xüsusi diqqət çəkilərək vurğulanıb: “Qeyd edək ki, Ermənistan tərəfindən bu kimi təxribatların törədilməsi birinci hal deyildir və davamlı xarakter daşıyır. Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən “Avropa Sülh Fondu” adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir”.

Bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür

Sülhü sözdə deyil, real olaraq yüksək dəyərləndirən Azərbaycan 44 günlük müharibəyə, 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinədək keçilən yolda bütün addımlarını təmkinlə atıb. Azərbaycan Prezidenti müharibədən qaçmaq üçün qarşı tərəfə işğal olunmuş ərazilərimizin dinc yolla boşaldılmasına çağırış edirdi. Ermənistan rəhbərliyi bu çağırışları nəinki eşitmədi, hətta daha genişmiqyaslı təxribatlara əl atdı. Məhz bundan sonra müharibə başladı. Nəticə Ermənistan üçün faciəvi oldu. Hətta müharibədən sonra da N.Paşinyan və komandası düz yola gəlmədi, üçtərəfli bəyanatın şərtlərini pozmaqla silahlı qüvvələrinin 15 minlik kontingentini ərazilərimizdən çıxartmağa tələsmədi. Həmin silahlı birləşmələr 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində bütünlüklə darmadağın edildi. 

Ermənistan rəhbərliyi bütün bunlardan nəticə çıxarmalıdır. Azərbaycanın da səbrinin həddi var. Biz təxribatlara nə vaxtadək dözməliyik? Başında “Dəmir yumruğ”un zərbəsini bir dəfə hiss etmiş Ermənistan rəhbərliyi anlamalıdır ki, növbəti dəfə daha ağır dərs ala bilər. O həqiqət ortadadır ki, bu ölkə və onun havadarları nə qədər cəhd göstərsələr də, Azərbaycan Silahlı Qüvvələri ilə rəqabət apara biləcək ordu qurmağa qadir deyillər.  “Müdafiə Nazirliyi bir daha xəbərdarlıq edir ki, Ermənistan və onun havadarları Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq kimi niyyətlərindən çəkinməlidirlər. Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcəkdir. 

Bildiririk ki, regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onun havadarlarının üzərinə düşəcəkdir”, - deyə Bəyanatda vurğulanıb.

Mübariz FEYİZLİ

Seçilən
11
yeniazerbaycan.com

1Mənbələr