AZ

Minimum əməkhaqqı artırılır: 600 manat olacaq?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır və bu təkliflər noyabrın 1-ə qədər təqdim olunacaq. Hökumətdə müzakirə edildikdən sonra minimum əməkhaqqının artırılması ilə bağlı qərar qəbul ediləcəyi gözlənilir. Qeyd edək ki, minimum əməkhaqqında ən son artım 2023-cü ildə olub və 345 manat müəyyən edilib. İndi çoxlarını bir sual düşündürür: Minimum əməkhaqqı nə qədər artırılmalıdır ki, inflyasiya rəqəmləri insanlara daha az təsir etsin?

Dünyada necədir?

Bu sahədə dünyada mövcud olan rəqəmlər də maraqlıdır. Məsələn, Rusiyada minimum əməkhaqqı 2024-cü ildə aylıq təxminən 19 242 rubl - 250 dollar, Türkiyədə 10 350 TL - 380 dollar, Braziliyada 1 302 Braziliya realı - 265 dollar, Meksikada 6 223 peso - təxminən 350 ABŞ dolları, Çində isə 2 590 yuan- 365 dollar təşkil edir.

İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, müşahidə edilən qiymət artımları fonunda minimum əməkhaqqının artırılması vacibdir: “Çox böyük ehtimal ki, artım 2025-ci ilin əvvəlinə təsadüf edəcək. 2024-cü ildə minimum əməkhaqqının artırılması ehtimalları çox aşağıdır, hətta demək olar ki, yox səviyyəsindədir. İndiki şərtlər daxilində ehtimallar ondan ibarətdir ki, hökumət minimum əməkhaqqını təxminən 10-15 faiz aralığında artıra bilər. Çünki 2024-cü ildə bu proses baş vermədi. Amma olmalı idi. 2023-cü ildə rəsmi rəqəmlərlə ifadə olunan inflyasiya əhalinin alıcılıq qabiliyyətini əhəmiyyətli dərəcədə zəiflədib. Bu il də inflyasiya davam edir. İki illik müqayisədə o nəticəyə gələ bilərik ki, rəsmi rəqəmlərlə 12-13 faiz artım baş verəcək”.

“İstehlak səbətinin strukturu dəyişdirilməlidir”

R.Həsənovun fikrincə, minimum əməkhaqqı və istehlak səbəti uyğunlaşdırılmalıdır: “Hiss edilən inflyasiya minimum əməkhaqqı ilə çalışan şəxslərin alıcılıq qabiliyyətində özünü daha çox büruzə verir. Çünki onlar daha çox gündəlik ərzaq məhsulları istehlak edirlər. Bu məhsulların qiymətləri daha yüksək faizlərlə artır. Düşünürəm ki, Azərbaycanda istehlak səbətinin strukturu dəyişdirilməlidir. Yeni dövrün tələblərinə uyğunlaşdırılmalıdır. Azərbaycanda əmək bazarı iştirakçılarının əhəmiyyətli hissəsi minimum əməkhaqqı alır”.

600 manata çatdırılmalıdır

Ekspert minimum əməkhaqqı ilə bağlı vahid qaydaların olmadığını bildirir: “Minimum əməkhaqqı daha çox ehtiyaclar və hökumətlərin sosial siyasətinin səviyyəsindən asılı olaraq müəyyən edilir. Türkiyədə və bir çox ölkələrdə inflyasiya daha sürətli olduğu zaman rüblük və yarımillik əsaslarla minimum əməkhaqqının artırılmasına başlanılıb. Bu, həmçinin vətəndaşların alıcılıq gücünün qorunması məqsədilə də həyata keçirilir. Bəzən sosial siyasət cəhətdən daha yüksək indeksləşdirmə aparırlar. Amma ölkəmizdə bununla bağlı konkret qayda yoxdur. Reqlament olması çox vacibdir. İnkişaf etmiş ölkələrdə minimum əməkhaqqının orta aylıq əməkhaqqının 65 faiz səviyyəsində olması geniş yayılıb. Amma ölkəmizdə bu göstərici təxminən 35 faiz ətrafındadır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
46
publika.az

10Mənbələr