AZ

“Pezeşkian soydaşlarımızın bu tələbini  tamlığı ilə yerinə yetirməyəcək...”

“İranda insan hüquqları ilə bağlı məsələlərə azərbaycanlıların və yaxud farsların hüquqları  çərçivəsində  baxmaq gülüncdür...”
 
“Cənubi Azərbaycandakı soydaşlarımızın tələbi  Azərbaycan dilində məktəblərin olmasıdır. Bu, əsas tələbdir. Pezeşkian bu tələbi  tamlığı ilə yerinə yetirməyəcək. Bununla belə, İran Konstitusiyasının,  zənnimcə, 15-ci maddəsini əsas götürüb, Cənubi Azərbaycanda olan məktəblərdə Azərbaycan dilini tədris edəcəklər”. 
 
Bunu Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli “Yenicə İran prezidenti seçilmiş Məsud Pezeşkian Cənubi Azərbaycandakı soydaşlarımızın haqlarının müdafiəsi və Azərbaycanla münasibətlərin mümkün qədər normallaşması üçün cənab hansı işləri görə bilər?” sualını cavablandırarkən söyləyib.
 
“İran Konstitusiyasının 15-ci maddəsində deyilir: "İran xalqının rəsmi müştərək dili və xətti farsdır. ...Lakin yerli və etnik dillərin fars dili ilə yanaşı işlənməsi, mətbuat, kütləvi informasiya vasitələrində və milli ədəbiyyatın məktəblərdə tədrisində azaddır"... 
 
Bir sözlə, ola bilsin, Cənubi Azərbaycan məktəblərində Azərbaycan dili tədris olunsun. Ancaq inanmırıq ki, Azərbaycan dili ikinci dövlət dili kimi qəbul olunsun, çünki bu, İranın parçalanması demək olardı. Bir də Pezeşkianın əlində belə səlahiyyət də yoxdur axı”, -deyə davamında şərhçi bildirib.
 
“Ümumiyyətlə, İranda insan hüquqları ilə bağlı məsələlərə azərbaycanlıların və yaxud farsların hüquqları  çərçivəsində  baxmaq gülüncdür. Götürək, seçki hüququnu. Son seçkilər göstərdi ki, İranda milliyyətindən asılı olmayaraq istənilən xalqın nümayəndəsi Prezident seçilə bilər. Azərbaycanlının seçilməsi isə dünyaya nümayiş etdirdi ki, İran vətəndaşları arasında milli ayrı-seçkilik yoxdur. İndi dünya bunu demokratiyanın qələbəsi kimi qəbul edir”, - deyə analitik diqqətə çatdırıb.
 
Sultan Laçın  
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
moderator.az

1Mənbələr