AZ

İranda Azərbaycan dilinin dövrü başladı -yeni prezident dil islahatından başladı

Image

Sədrəddin Soltan: “Pezeşkianın İranda  "15-ci Prinsip Komitəsi" yaratması ciddi görünmür”

İran prezidenti Məsud Pezeşkian ölkə Konstitusiyasında qeyri-fars dillərin tədrisi ilə bağlı 15-ci maddənin həyata keçirilməsi istiqamətində ilk addımı atıb. Bu barədə Pezeşkianın seçki qərargahı məlumat yayıb. Bildirilib ki, bunun üçün "15-ci Prinsip Komitəsi" yaradılıb və doktor Cavad Miri komitənin rəhbəri təyin edilib. Pezeşkiana yaxın dairələr yeni təhsil ilindən türklər yaşayan bir sıra bölgələrdə sınaq üçün ana dilində təhsilin ilk mərhələsinin başlanılmasının nəzərdə tutulduğunu bildirib.

“Azərbaycan türklərinin hədəflərindən biri İranda türk dilinin dövlət dili səviyyəsində olmasıdır, yəni…”

Mövzu ilə bağlı fikir bildirən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan baki-xeber.com-a şərhində bildirdi ki, Pezeşkian hələ rəsmi olaraq prezident səlahiyyətlərinin icrasına başlamayıb. Andiçmə mərasimi iyulun 28-də baş tutacaq. Ondan sonra Məsud Pezeşkian səlahiyyətlərinin icrasına başlayacaq: “Bu səbəbdən də Pezeşkianın İranda  "15-ci Prinsip Komitəsi" yaratması ciddi görünmür. Konstitusiyanın 15-ci maddəsi ilə bağlı deyə bilərəm ki, türklərin milli haqları və maraqlarının təhlil olunması baxımından ciddi bir müddəa deyil. Bu müddəa konstitusiya yaradılanda ala-yarımçıq hazırlanaraq qəbul olunub. Həmin maddədə qeyd edilir ki, İran xalqının rəsmi müştərək dili və xətti farscadır. Qeyd edilir ki, sənəd, rəsmi məktublaşma, dərs kitabları bu dildə yazılmalıdır. Lakin yerli və etnik dillərin fars dili ilə yanaşı, mətbuat və məktəblərdə tədrisi azaddır. Bu maddəyə əsasən, heç kim deyə bilməz ki, Təbrizdə olan məktəbdə dərs azərbaycan türkcəsində keçirilməlidir. 15-ci maddə daha çox fars dilinin  təbliği və  qüvvətlənməsinə yönəlib. Bu maddənin birinci cümləsində yazılır ki, İran xalqının rəsmi dili və xətti farscadır. Yəni bu mütləqdir. Həmin maddədə yazılmayıb ki, İranda başqa dillərdə tədris mütləqdir. 15-ci maddə köhnəlib, onun yenilənməsinə ehtiyac var. İranda türklər, azərbaycan türkləri, kürdlər, ərəblər, bəluclar və başqa etniklər ana dilində təhsil almaq hüququndan məhrumdur”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, İranda Azərbaycan türklərinin sayı İran əhalisinin yarıdan çoxunu təşkil edir. Bu etnik azlıq deyil. Azərbaycan türklərinin hədəflərindən biri İranda türk dilinin dövlət dili səviyyəsində olmasıdır: “Yəni İranda fars dili ilə yanaşı, türk dili də işlənməlidir.  Onu da deyim ki, İranın mövcud Konstitusiyasının 19-cu maddəsində İran xalqı etnik qrup qəbiləsindən asılı olmayaraq bərabar hüquqa malikdir. Bu bərabər hüquqlululuq türkə şamil olunmur. Azərbaycanlıların orda öz ana dilində bir məktəbi belə yoxdur. Ümumiyyətlə, İran rejimi qanunvericiliyə əməl etmir”.

Günel CƏLİLOVA






Seçilən
59
50
baki-xeber.com

10Mənbələr