Hindistan və Fransadan silah tədarükü, eyni zamanda Avropa İttifaqından aldığı hərbi yardımın fonunda Ermənistan tərəfi Azərbaycanla sərhəddə yenidən təxribatlara cəhd edib. Bununla əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyanat yayıb.
Bəyanatda son günlər sərhədin Kəlbəcər və Tovuz istiqamətlərində törədilən təxribatlarla bağlı bildirilib ki, Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən “Avropa Sülh Fondu” adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir.
Verilən bəyanatda regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyətin məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onun havadarlarının üzərinə düşdüyü qeyd edilib.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan ehtiyatda olan polkovnik və hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Ermənistan Azərbaycanla sülh istədiyini bildirsə də, əməlləri tamam əksini göstərir:
“Ermənistanın Azərbaycana qarşı təxribatları heç vaxt səngiməyib. Bu günün özündə də təəssüflər olsun ki, Ermənistan başqalarının təhriki ilə bu təxribatları davam etdirir. Kəlbəcər istiqamətində ağır silahlardan, Tovuzda isə kvadrakopterin havaya qaldırılması Ermənistanın xoş niyyətlərindən xəbər vermir. Ermənistan guya Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırlaşdığı bəyan edir, amma digər tərəfdən bu cür təxribat cəhdlərini görürük”.
Polkovnik hər hansı bir hərbi təxribatın Ermənistan üçün ağır nəticəsinin olacağını diqqətə çatdırıb:
“Artıq Ermənistan özü üçün konkret marşrut müəyyənləşdirməlidir. Əgər o, hərbi yolu seçirsə, Azərbaycan buna hazırdır. Yox, əgər sülh yolu ilə davam etmək istəyirsə Azərbaycan buna çoxdan hazırdır. Amma görünən odur ki, ermənilər bu cür təxribatlar törətməklə, vəziyyəti daha da gərginləşdirməyə çalışırlar. Onların başlıca istəyi Azərbaycanı müəyyən addımlara təhrik etməkdir. Əlbəttə, Ermənistan və onun havadarları cənubi Qafqazda vəziyyəti olduqca gözəl bilirlər. Ermənistana verilən silahlar da məhz təxribat məqsədinə xidmət edir. Düzdü, hər hansı bir taktiki və ya strateji uğur olmasa da, amma Ermənistan bu silahlanma ilə guya nəyəsə hazırlaşdığını göstərməyə çalışır. Bunlar hamısı boş və mənasız cəhdlərdir. Onları edəcəkləri hər hansı bir təxribatda çox ağır bir vəziyyət gözləyə bilər”.