AZ

“Məmurlar dediklərimi başa düşmürlər, amma üzümə gülümsəyirlər” - Professor

Son zamanlar evlənənlərin sayı xeyli azalıb. Bir çox qızlar deyir ki, “yaxşı oğlan” yoxdur, oğlanlar isə çox vaxt bunun əksini iddia edir. 

Mövzudan kənar qalmaq istəməyən qayınanalar da qızları bəyənmir. 

Bəs bunlara səbəb nədir? Gənclər niyə ailə qurmaqdan çəkinirlər?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan sosioloq, professor Əhməd Qəşəmoğlu bildirib ki, bu məsələdə hər kəsin haqlı olduğu nüanslar var: 

“Çox təəsüf ki, qızlarımız da, oğlanlarımız da düz deyir. Yeri gələndə qayınanalar da, qayınatalar da, başqaları da düz deyir. Cəmiyyətimizdə indi ailə qurmaq üçün lazımi keyfiyyətlərə malik olan gənclərimiz azalıb. Bunun da günahını gənclərdə görmək çox yanlışdır. Bunların günahı böyüklərdədir. Bizim keyfiyyətli yeni nəsil proqramımız olmalıdır. 30-40 ildir danışıram, eşidən yoxdur. Biz çalışmalıyıq ki, məktəbəqədər yaşda uşaqların təlim-tərbiyəsi ilə, müasir dövrün tələb etdiyi, lazım olan səviyyədə məşğul olaq. Hətta məktəblərdə də, ali məktəblərdə də, iş yerlərində də. Əvvala aydınlaşdıraq ki, yaxşı kimdir? Mənim tez-tez təkrar etdiyim ahəngyol elmində bunlar geniş əks olunub”. 

Sosioloq qeyd edib ki, problemləri aradan qaldırmaq üçün kompleks şəkildə dəyişikliklər edilməlidir: 

“O adam, o gənc daha yaxşı hesab oluna  bilər ki, fiziki cəhətdən sağlam, mənəvi cəhətdən zəngindir, əməyə yaradıcı münasibət tələbatları yüksəkdir. Bu istiqamətdə gənclər formalaşdırmırıq. Həmişə söydüyümüz, tənqid etdiyimiz sovet sistemi belə gənclərdə yüksək mənəvi keyfiyyət aşılamağa çalışırdı, can atırdı. Biz çox təəssüf ki bu işləri görmürük. Bizim bədii əsərlərimiz, televiziya verilişlərimiz və s buna xidmət etməlidir. Mən bu sahənin mütəxəssisiyəm. Bu sahədə uyğun qurumlara dəfələrlə təkliflər vermişəm. Amma oradakı adamlar uyğun adamlarla işləmədiyi üçün başa düşmürlər ki, mən onlara nə təklif edirəm. Özlərini büyük məmur hesab edirlər və gülümsəyirlər. Və bu tamamilə ürəkağrıdıcı bir şeydir. Bizim ən böyük sərvətimiz daha keyfiyyətli insanlardır”. 

Mütəxəssis bu sahədə çox çalışmalı olduğumuzu vurğulayıb:

“Keyfiyyətli körpələr, uşaqlar, yeniyetmələr,gənclər, yəni ümümiyyətlə keyfiyyətli insanlarımız olmalıdır. Bu istiqamətdə təəssüf ki çalışmırıq, lakin bizim xalqımızın buna çox böyük potensialı var. Çox böyük imkanlarımız var. Hər xalqda bu yoxdur. Biz bu potensialdan istifadə etmirik. Dərd o dərddir.  Bizim gözəl ədəbiyyatımızda bir çox ənənələrimiz var. Dinimizdən də gələn gözəl ənənələrimiz var. Xalqımızın özünün gözəl ənənələri var. Biz bunları başlı-başına buraxmışıq, aşınıb yaddan çıxır. Mən böyük bir həyəcan təbili çalıram və deyirəm ki, bu sahədə böyük bir boşluq var. Bu gün bizim Mədəniyyət Nazirliyi, Gənclər Nazirliyi, Təhsil Nazirliyi, uyğun başqa qurumlar birlikdə bu məsələlərə çox ciddi əhəmiyyət verməlidir. Bu məsələlərə çox ciddi fəaliyyət proqramlarımız, platformalarımız, konsepsiyalarımız olmalıdır. Yoxdur. Bu çox ürəkağrıdıcı haldır. Bu sahəyə diqqət lazımdır”. 

Şeyla Səmiyeva 


Telegram kanalımız
Seçilən
123
yenisabah.az

1Mənbələr