Azərbaycan cəmiyyətində dövlətçilik işi bir nömrəli vəzifədir və kimliyindən asılı olmayaraq hər kəs bu vəzifəni öz üzərində məsuliyyət kimi daşımalıdır. İndi gəlin görək bu hal dediyimiz kimi məna tapa bilir? Zənnimcə, yox. Məsələn, əhali arasında əsasən sürücülük vəsiqəsi verən orqan – MERO kimi tanınan DİN BDYPİ-nin Ağsu rayon Qeydiyyat-imtahan və texniki baxış şöbəsində ictimai vəziyyət o qədər də qənaətbəxş deyil. Dəfələrlə şahidi olmuşam ki, buraya hər hansı məsələ ilə əlaqəli təşrif buyuran şəxslər əməlli-başlı “zora” məruz qalır. Üstəgəl də burada adi bir serjant zabitə göstəriş verə, üstünə bağıra və s. bu, ümumiyyətlə, sosial təhlükədir...
Keçən gün də Seymur adlı adi bir serjantın adıçəkilən şöbənin yoxlanış sahəsində meydan suladığını, zabitlərin üstünə bağırdığını, onlara çox soyuqqanlı tərzdə göstəriş verdiyini, sürücülərlə kobud davrandığını, avtomobilləri belə deyək, aparat vasitəsilə yoxlanışdan keçirən işçilərin bəzilərini kənara çəkib onlarla hansısa sövdələşmə apardığını öz gözlərimlə gördüm. Şahidi oldum ki, bu serjant tez-tez şöbənin 5-ci otağında oturan Xamis adlı bir kapitanın yanına girib-çıxır. Qısaca bir araşdırma apardım, bəlli oldu ki, bu qoçaq serjant Masallıdandır, həm də rəsini qohumudur. Nə olsun ki? Rəisin qohumu at oynatmalıdır? Əksinə, o, daha çox mülayim və nümunə olmalıdır ki, onu işə gətirən adamın adına söz gəlməsin...
Ərz olunur ki, Ağsu rayon Qeydiyyat-imtahan və texniki baxış şöbəsində sürücülük vəsiqəsinin alışı 1100 manatdan başlayır. Bunu sübut etmək üçün oradan məsələn, yenicə sürücülük vəsiqəsi alanları çağırıb yüngülcə imtahan etmək bəs edər. Dərhal görəcəksən ki, onların heç biri adi yol-hərəkət qaydalarını dürüst bilmir. Bəs bu adamlara hansı səbəbdən sürücülük vəsiqəsi verilib? Təbii ki, pulun hesabına.
Hələ mən adıçəkilən şöbədə aparılan digər maxinasiya hallarını demirəm. Məsələn, avtomobilin texniki baxışdan keçməsi, qeydiyyat-ada keçirilmə halları, nömrədəyişdirmə və s.-in dövlət rüsumu bəlli olduğu halda, əslində, sürücülərdən on dəfələrlə artıq pul tələb olunması adının çəkdiyimiz şöbədə hər gün bəlkə də ondan çox insanı dövlətdən narazı salır.
Ümummulli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətini bunun üçün qurmadı ki, kimlərsə insanları dövlətə qarşı qoysun... Yaxud tarix yazan sərkərdə İlham Əliyev cənabları bugünkü Azərbaycan üçün bütün səylərini ona görə ortaya qoymur ki, Ağsuda kimlərsə at oynatsın, meydan sulasın, əhali də səbəbsiz yerə dövlətdən incisin.
Xülasə, yaxşı olar ki, hər kəs işinə məsuliyyətlə yanaşsın. Bu söz DİN BDYPİ-nin Ağsu rayon Qeydiyyat-imtahan və texniki baxış şöbəsində işləyən hər kəsə də aiddir...
Raqif Nazimoğlu,
Prezident mükafatçısı, hüquq elmləri üzrə fəlsəfə doktoru
Paytaxt.org